Ölkə başçısı dövlət vəsaitlərinin qənaətlə xərclənməsini tapşırıb
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dünən keçirilən iclasda Ilham Əliyev çıxışının əvvəlində yüksək inkişafdan danışsa da, sonrakı fikirlərində ölkədəki maliyyə böhranından ciddi narahat olduğu aydın olub.
Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən İlham Əliyev bildirib ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir. Bundan əlavə, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır.
İlham Əliyevin çıxışından o da bəlli olub ki, artıq ölkə başçısı neftlə bütün məsələlərin həllinə inanmır. Ona görə də indi ölkədə qeyri-neft sektorunun inkişafından danışır.
Ölkə başçısı deyib ki, Azərbaycanda dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.
İnformasiya şöbəsi