Nazirin qayınları işdən çıxarıldı; qardaşı oğlu «Bandotdel»ə aparıldı; Oğlunun da istintaqa cəlb olunduğu bildirilir
Nəqliyyat naziri Ziya Məmmədov mülklərini satışa çıxarıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, nazir mülklərini dəyər-dəyməzinə satır. Iddia olunur ki, onun Mərdəkandakı dəbdəbəli villasını “Azəryolservis” ASC-nin sədrəvəzi Saleh Məmmədov alıb. Ziya Məmmədovun mülklərini satması Beynəlxalq Banka olan borcu ilə izah edilir. Xatırladaq ki, “Azadlıq” bu barədə ötən saylarında məlumat verib.
Həmin məlumatda deyilirdi ki, Ziya Məmmədov “Azərinşaatservis” üçün Beynəlxalq Bankdan 500 milyon manat kredit götürüb. Bu vəsaitə “Azərinşaatservis” üçün ağır texnika alınıb. Həmin texnika Nəqliyyat Nazirliyinin layihələrində qurumu icarəyə verilib və yaxşı gəlir əldə olunub. Lakin buna baxmayaraq kredit borcu qaytarılmayıb. Əvəzində “Azərinşaatservis” Beynəlxalq Banka verilib. Beynəlxalq Bankla bağlı kredit qalmaqalı başlayanda bu barədə ölkə başçısı Ilham Əliyevə məlumat verilib. Bundan sonra Ziya Məmmədovun qara günləri başlayıb.
Iddia olunur ki, nəqliyyat nazirinin hədəfə gəlməsinin əsas səbəblərindən bir məhz kredit borcudur.
Yeri gəlmişkən, Z.Məmmədov Nazirlər Kabinetinin oktyabrın 12-də ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən iclasına da çağırılmayıb. Hətta onun artıq tutduğu vəzifədən azad edildiyi, sadəcə bunun elan olunmasının yubandığı haqda xəbərlər də yayılıb.
Nazirin qardaşı oğlu “Bandotdel”ə aparılıb
Redaksiyamıza daxil olan başqa məlumatda isə deyilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Ziya Məmmədovun qurumdakı qohumlarını işdən çıxarır. Bildirilir ki, artıq nazirin qayınları ilə bağlı əmr verilib. Onlardan biri “Azərbaycan Dəmir Yolları” QSC-də yanacaq təchizatı idarəsinin rəisi vəzifəsində çalışırmış. Digəri isə yükdaşımalara “naryad” verirmiş. Hər iki şəxsin işdən çıxarılması Ziya Məmmədovun hədəfdə olması ilə əlaqələndirilir.
Bu arada məlumat yayılıb ki, DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar cafe”də əməliyyat keçirib. Əməliyyat nəticəsində 8 nəfər saxlanılıb ki, onlardan biri də Aynar Məmmədovdur. DIN “Nar cafe”də əməliyyat keçirilməsini təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, adıçəkilən kafedə qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.
“Qafqazinfo”nun məlumatına görə, Nərimanov rayon məhkəməsində saxlanılan şəxslərlə bağlı Inzibati Xətalar Məcəlləsinin 199-3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddə ilə təqsirləndirilən şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunur.
Nərimanov rayon məhkəməsindən bildirilib ki, “Bandotdel” tərəfindən saxlanılan və sanskiya ilə məhkəməyə gətirilən şəxslər cərimələndikdən sonra sərbəst buraxılıb.
Aynar Məmmədovun atası Elton Məmmədov isə yayılan məlumatları təkzib edib. “”Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”, – deyə o, “Turan”a açıqlamasında bildirib.
Elton Məmmədovun oğlu Aynar Məmmədov da hadisə barədə danışıb. Deputatın oğlu atv.az-a açıqlamasında bildirib ki, hazırda işdədir: “Deyə bilərəm ki, adıçəkilən obyektdə dünən yoxlama olub. Iki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb. Onlar da çıxıb gediblər”.
Göründüyü kimi Aynar Məmmədov atasından fərqli olaraq məlumatı qismən də olsa təsdiqləyib.
Aynar Məmmədovla bağlı baş verənlərin də təsadüfi olmadığını bildirənlər var. Onların fikrincə, bu əməliyyat Ziya Məmmədova xəbərdarlıqdır.
Ziya Məmmədovun oğlu Anar Məmmədovun da vəziyyətinin yaxşı olmadığı barədə xəbərlər yayılıb. Modern.az-ın məlumatına görə, nazir oğlu da istintaqa cəlb olunub. Anar Məmmədovun rəhbəri olduğu “Garant Holdinq”dən isə bildiriblər ki, o, işə çıxmır. Başqa məlumatlara görə, Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulub.
Nəqliyyat Nazirliyi yoxsa Ziya Məmmədovun şəxsi təsərrüfatı?
“Yeni Müsavat” qəzeti isə öz qaynaqlarına istinadla Z.Məmmədovun qohumlarını nəqliyyat sistemində hansı vəzifələrə təyin etdiyi barədə geniş məqalə hazırlayıb.
Bəlli olur ki, Ziya Məmmədov Nəqliyyat Nazirliyini şəxsi təsərrüfatına çevirib. Məqalədə bildirilir ki, Nəqliyyat Nazirliyi ölkə daxilində yükdaşımalarına nəzarət etməklə hər il yüz milyonlarla manat gəlir əldə edir. Bu səhənin qeyri-rəsmi kuratoru nazirin qardaşı Imran Məmmədovun oğlu Rövşən Məmmədovdur. MMC-nin rəisi Elnur Məmmədovdur. Bu şəxsin soyadı nəqliyyat nazirinin soyadı ilə üst-üstə düşsə də, qohumluq əlaqələri yoxdur. Elnur Məmmədov digər bir nazirin qohumudur. Onunla nəqliyyat nazirinin yaxınlarının münasibətləri çox gərgindir.
Bildirilir ki, Elnur Məmmədov nazirin qardaşı oğlu Rövşən Məmmədovla hesablaşmır, onunla gəlirlərin bölüşdürülməsinə razılaşmır. Bu baxımdan yük daşımalarından əldə olunan gəlirlərin – söhbət “qara puldan” gedir – tam olaraq nazirin yaxınlarına axını baş tutmur. Buna görə də yük daşımalarından 30 faizlik payla kifayətlənməli olurlar.
Məqalədə daha sonra bildirilir ki, yoxlamalar nəticəsində müəyyən olunub ki, sərnişindaşıma və taksi fəaliyyətindən əldə olunan pulların yarısı Məmmədovlara çatıb.
Iddia olunur ki, Ziya Məmmədovun xaricdə gizlətdiyi sərvətləri siyahısını ortalığa bir il əvvəl münasibətləri korlanan biznes şəriki, “Hafka” kimi tanınan Hafiz Məmmədov qoyub.
Məqalədə daha sonra qeyd olunur ki, Nəqliyyat Nazirliyinə tabe olan “Bakı Sərnişin Nəqliyyat” MMC-də aylıq dövriyyənin on milyonlarla manat olduğu, bir o qədər də vəsaitin mənimsənildiyi barədə də məlumat var. Qeyd olunur ki, MMC-nin rəisi Rövşən Loğman oğlu Məmmədov olub. Ziya Məmmədovun qardaşı oğlu olan Rövşən Məmmədov nəqliyyat sektorunun pul yığanıdır. Vaxtilə gömrükdə çalışıb, oradan qovulub. Onun növbəti iş yeri əmisinin tabeçiliyində olan Avtovağzal olub. Orada pul mənbələrini öyrənib. “Transgeyt”dəki vəziyyəti ələ alıb. Sonradan Dövlət Avtonəqliyyat Müəssisəsinə rəis müavini təyin olunub. Işlədiyi müddətdə ixtisaslı kadrları aşkarlayıb və sıradan çıxarıb.
Ziya Məmmədov məzuniyyətə göndərilənə qədər “Transgeyt”, Avtovağzal və yükdaşımalardan gəlirlər onun əlində cəm olunub və sonradan Ziya Məmmədova ötürülüb.
Bildirilir ki, az əvvəl tutduğu postdan uzaqlaşdırılan “Bakısərnişinnəqliyyat” MMC-nin direktor müavini Davud Əfəndiyev də nəqliyyat nazirinə yad şəxs deyil. Nazirin bacısı oğlu olan Davud Əfəndiyev də vaxtilə gömrükdə işləyib, o da oradan qovulub. Işdən çıxarılmasına baxmayaraq bu gün də qeyri-leqal olaraq Beynəlxalq Avtovağzal Kompleksində oturması haqda məlumat var. Bu ilin sentyabrında kompleksə rəhbər təyin olunan Seymur Aslanovun da nəqliyyat nazirinin kadrı olduğu bildirlir. Kompleksin hazırda faktiki olaraq Davud Əfəndiyev tərəfindən idarə edildiyi qeyd olunur.
Nəqliyyat Nazirliyinin Lisenziyalaşdırma və Fərqlənmə Nişanlarının Rəsmiləşdirilməsi şöbəsinin rəisi isə Məzahir Məmmədov Ziya Məmmədovun əmisi oğludur. Qəzet yazır ki, nəqliyat sisteminə bələd olanlar onu sözün düzünü deyən, spirtli içkilərə meylli biri kimi xarakterizə edirlər. Vaxtilə TIR sürücüsü olmuş Məzahir Məmmədov nazir olan əmisi oğluna “ətrafın başını yeyəcək” deməsi ilə yaddaşlarda qalıb. Məzahir Məmmədovun müavini Vətən adlı şəxs nazirin əmisi qızının oğludur. Məqalədə daha sonra deyilir: “Sonuncu iş yeri DANX-ın kadrlar şöbəsinin rəisi olmuş nazirin qardaşı Nəriman Məmmədovun da qaranlıq keçmişi var. Onun əvvəllər həbsdə olduğu deyilir. Bildirilir ki, Ziya Məmmədovla ”ADY” QSC-də çalışıb. Orada iqtisadiyyat və mühasibat şöbəsinin rəisi olub.
“Azəryolservis”də ağır tonnajlı, iri qabaritli avtomaşınlara nəzarət idarəsində rəis vəzifəsində çalışıb. Bu idarə ən müxtəlif bəhanələrlə ağır tonnaclı nəqliyyat vasitələrinin sahibləri olan fiziki və hüquqi şəxsləri 4-7 min manat cərimələməklə pul yığılması ilə ad çıxarıb. Respublika ərazisində işlədiləm yük maşınlarına nəzarət etməklə çox böyük para qazanılıb. Həm də bu pulların alınması çox kobudluqlarla müşayiət olunub, böyük narazılıq yaradıb. Odur ki, idarə Nəqliyyat Nazirliyindən alınaraq DYP-yə verilib. N.Məmmədov idarəni təhvil verərkən 7 milyona yaxın vəsaitin mənimsənildiyi bildirilir. Son aylarda Qusardakı xoşagəlməz olayla adı gündəmə gələn N.Məmmədovun hazırda nitqində problemlər var, o, danışmağa çətinlik çəkir.
“Bakısərnişinnəqliyyat” MMC-nin kadrlar idarəsinin rəisi Məlikağa Səfərovun da nəqliyyat naziri ilə qohumluq bağları var. O, nazirin xalası oğludur. Vaxtilə Imişlinin keçmiş polis rəisi olub, təqaüddə olan polis polkovnikidir. Onun oğlu Anar Səfərov DANX-ın Sumqayıt 2 saylı regional xidmətinin rəisidır.
Bakıdan rayonlara istiqamətlənən yollarda quraşdırlılan və yük maşınlarının tonnacının çəkilməsi üçün nəzərdə tutulan tərəzilər də qohumluq prinsiplərinə söykənərək işlədilir. Məsələn Salyan tərəzi postunun rəhbəri Anar adlı şəxs Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun baldızı oğludur. Ucar və Göyçay DANX-ın regional şöbəsinin rəisi Vüqar adlı şəxsi də Məmmədovlara qohumluq telləri bağlayır. Tərəzilərə nəzarət idarəsinin rəisi nəqliyyat nazirinin dayısı nəvəsi Azərdir. Hərbçidir, polkovnikdir. Yaxın qohumu Islam “Bakısərnişinnəqliyyatı” MMC-də nəzarət şöbəsnin rəisidir. Aylıq gəlirinin 30 min manatı aşdığı deyilir”.