Bir neçə ay sonra həbslərin daha kütləvi hal alacağı gözlənilir
Vergilər Nazirliyi vergi borclarının ödənilməsinə məsuliyyətsiz yanaşan, vergi orqanlarının dəfələrlə müraciətinə baxmayaraq vergi öhdəliklərini yerinə yetirməyən vergi ödəyiciləri barədə daha sərt inzibati tədbirlər görməyə başlayıb. Nazirlikdən fins.az-a verilən məlumata görə, son günlərdə borclu vergi ödəyicilərinə qarşı görülən belə tədbirlərdən biri də bəzi vergi ödəyicilərinin inzibati qaydada həbs olunmasıdır.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentinin Vergi borclarının məcburi alınması idarəsi ilə Ədliyyə Nazirliyinin Icra baş idarəsinin keçirdiyi birgə tədbirlər nəticəsində dövlət büdcəsinə yaranmış borc məbləğlərini vaxtında ödəmədiklərinə görə, Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr tarixli qərarları ilə vergi ödəyiciləri Ağayev Habil Ağamoğlan oğlu 5 gün, Əsgərov Rövşən Müseyib oğlu isə 3 gün müddətində inzibati qaydada həbs olunubr.
Inzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Belə sərt inzibati tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasınavə onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaq.
Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır.
Vergilərlə həbslərin baş verəcəyi gözlənilən idi. Çünki maliyyə böhranının hökm sürdüyü bir vaxtda büdcəni doldurmaq üçün Vergilər Nazirliyinin üzərinə böyük yük qoyulub. Adıçəkilən qurum da öhdəliyi yerinə yetirmək ən müxtəlif üsullardan istifadə edir. Bir neçə aydan sonra vergi həbslərin daha kütləvi hal alacağını söyləmək olar.
Bundan başqa sahibkarlar da Vergilər Nazirliyinə qarşı müəyyən addımlar atırlar.
“Azadlıq” ötən saylarında məlumat vermişdi ki, bir neçə aydır iş adamları ilə Vergilər Nazirliyi arasında olan məhkəmə çəkişmələri bütün işləri kölgədə qoyub. Iş adamlarının şikayəti daha çox əsassız cərimələrlə bağlıdır.
Ekspertlər bildirir ki, proses bu cür davam edəcəyi təqdirdə vergi yığımında əhəmiyyətli azalma baş verəcək. “Obyektlər fəaliyyətini dayandıracaq və beləliklə vergi yığımına böyük zərbə dəyəcək”, – deyə ekspertlər vurğulayır.
Onlar həmçinin deyir ki, bu proses ölkədən pul axınını da şərtləndirəcək. Sahibkarlar xaricdə biznes qurmağı daha məqsədəuyğun sayacaqlar. Nəhayət, bu proses sahibkar üsyanına səbəb ola bilər.