Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Qarabağın işğalı Rusiyanın “töhfə”si deyilmi?
Hər addımda şahid oluruq ki, Azərbaycan hakimiyyətinin məqsədi yalnız şəxsi maraqları təmin etməkdi. Məhz bu maraqlara görə demokratik dünyadan uzaqlaşıb, avtoritarların himayəsinə sığınırlar. Təbii ki, bu siyasət də dövlətin imicini, vətəndaşın taleyini pisləşdirir. Xüsusən indiki şəraitdə Qərblə bağları qırıb, Rusiyanın havasına oynamaq çox təhlükəlidir. Amma hakimiyyət hər dəfə Rusiyanın təcavüzkar siyasətini dəstəkləyir və ölkəni sürətlə dünyadan təcridə sürükləyir.
Belə ki, bugünlərdə Moskvadakı Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçirilib. Azərbaycan tərəfdən komissiyanın həmsədri, baş nazirin müavini Yaqub Eyyubovun çıxışı isə Rusiyanın ünvanına xeyli isti mesajlarla yadda qalıb: “Mənim xalqım və prezidentim həmişə başa düşüblər ki, Rusiya həmişə bizimlə olub. Biz Rusiyadan çox şey almışıq və bu haqda açıq danışmaq lazımdır. Hesab edirik ki, Azərbaycan xalqı ona göstərilən qayğını həmişə yaxşı və düzgün qiymətləndirib. Bizim ölkələrimizin rəhbərləri arasında yaxşı və xeyirxah münasibətlər var. Vladimir Putin Ilham Əliyevi ad günü münasibətilə təbrik edəndə mənə çox xoş oldu. Və mən də sizin prezidentinizi ad günü münasibətilə təbrik etmək istərdim. O, elə etdi ki, indi hamı Rusiya ilə hesablaşır”- deyə Eyyubov nitqini davam etdirərək bildirib.
Əslində, dövlət rəsmisinin dilindən bu sözləri eşitmək çox utandırıcıdır. Dünya Rusiyanı təcavüzkar kimi tanıyır, bu ölkəyə sanksiyalar tətbiq edilir, ölkənin iqtisadiyyatı sürətlə çökür və Yaqub Eyyubov bunu “hamı Rusiya ilə hesablaşır” kimi qiymətləndirir.
Digər tərəfdən, Xocalı soyqırımını törədən, 20 Yanvar faciəsinə drijorluq edən, Qarabağın işğalına birmənalı dəstək verən, bu işğalda fəal və birbaşa iştirakçı Rusiya olub və bunu heç kim dana bilməz. Deməli, 1000-lərlə soydaşımızın şəhid olmasında, sağlamlığını itirməsində, itkin düşməsində, 1 milyon qaçqının yurd-yuvasından didərgin düşməsində Rusiyanın əvəzsiz xidmətləri olub. Və bu gün də Ermənistanı birmənalı şəkildə dəstəkləyən, bu ölkə ilə uzunmüddətli hərbi müqavilə bağlayan, qondarma erməni soyqırımını tanıyan da məhz Rusiyadır. Bütün bunlardan sonra Yaqub Eyyubov deyir ki, Rusiya həmişə bizə yaxın olub.
Bir daha aydın olur ki, hakimiyyət nümayəndələrinin “Rusiya bizi sendviç kimi əzir” arqumenti manevr olub. Sübut olunur ki, bu hakimiyyət avtoritarları, müstəqil dövlətlərin ərazisini işğal edənləri yüksək qiymətləndirir. Xatırlayırsızsa, Azərbyacan xalqını, Türk dünyasını təhqir edən Jirinovski də bu hakimiyyətin sevimli qonağına çevrilmiş və prezident səviyyəsində yüksək qarşılanmışdı.
Artıq açıq şəkildə oynayırlar. Açıq şəkildə bəyan edirlər ki, Rusiyanın torpaqlarımızın işğalında rol alması, düşməni himayə etməsi, hansısa rusun xalqımızı təhqir eləməsi qəbul olunandır. Əsas odur ki, 20 faiz torpaq işğal olunsa da, bu hakimiyyətdən demokratiya, insan haqlarına hörmət tələb edilməsin.
Bir müddət əvvəl “Milli Şura Rusiya proyektidir” təbliğatını apardılar. Ardınca, ölkədə “5-ci kolon” axtarışına çıxdılar. Amma nəticə göstərdi ki, bunların hamısı ictimaiyyəti çaşdırmaq, hakimiyyətin Rusiya sevgisini gizlətmək üçün imiş. Indi isə Putin bu hakimiyyətdə yüksək post tutanları “Dostluq” ordeni ilə təltif edir, hakimiyyət isə ölkənin maraqlarını Rusiyanın istəklərinə qurban verir.
Bəli, Yaqub Eyyubovun məntiqi ilə düşünsək, torpağımızı işğal edən və bu münaqişənin həllinə imkan verməyən Rusiya bizim dostumuzdur. Amma nə hikmətdirsə, Yaqub Eyyubovun təmsil olunduğu hakimiyyət nümayəndələri istirahətini, müalicəsini, övladlarının təhsilini, biznesini Avropada reallaşdırır. Üstəlik, sürdükləri avtomobillər, geyindikləri libaslar, istifadə etdikləri məişət avadanlıqları da Avropa istehsalıdır. Hətta öyündükləri neft və qazın əsas hissəsinin alıcısı da Avropadır.
Yəni özləri şəxsi anlamda Avropaya sığınsalar da, Avropadan gələn milyardlar hesabına varlansalar da, xalqı Rusiya istiqamətinə çəkmək istəyirlər.
Istənilən halda Yaqub Eyyubovun xalqın adından danışmağa haqqı yoxdur; bu xalqın nümayəndəsidirsə. Çünki, heç bir vicdanlı vətəndaş bu ölkəyə faciə yaşadan Rusiyanı sevə bilməz. Bu həmin Rusiyadır ki, Ermənistanı işğalçı kimi tanımayıb, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən heç bir qətnamə qəbul etməyib. Amma Avropa Parlamenti, Almaniya Bundestaqı dəfərlərlə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələr qəbul ediblər.
Deyəsən, Yaqub Eyyubov Putinin medalını görəndən sonra tarixi unudub. Ona görə də bu millətə faciə yaşadanları, qəhrəman kimi göstərməyə çalışır.
Akif