ANS-lə Nuşirəvanın davası mənə əsla maraqlı deyil, onlar mahiyyətcə bir-birlərindən heç fərqlənmirlər də. “Al birini, vur ötəkisinə”- Osmanlı türkləri demiş. Sadəcə, mətbuatda, sosial şəbəkələrdə yazılıb pozulanlardan belə görürəm, xeyli adam bu davada ANS-in yanındadırlar, guya bu dəhşətli dərəcədə “dəqiq, qərəzsiz, vicdanlı” telekanal barədə MTRŞ-in qərarları söz azadlığına qarşıdır. Kökündən yanlış fikirdir. Axı yalan söz azadlığına daxil deyil. Yalanı müdafiə və təbliğ edənlərin kimlərinsə əli ilə, hansı bir formadasa cəzalandırılması da həmçinin.
Ümumiyyətlə, Azərbaycan telekanallarının söz, fikir, düşüncə, ifadə azadlıqları ilə əlaqəsini iddia etmək özü demokratik dəyər və prinsiplərə tüpürməkdir. Səhərdən axşamadək siyasi-ictimai məzmunlu yalan, iftira, böhtan istehsal edənlərin, xalqın beyninin rejimin maraqlarına uyğun şəkildə yuyulması üçün dəridən-qabıqdan çıxanların, insanları öz bayağı, zövqsüz, şit, intellektdən uzaq, arxaik təfəkkürlü, aqrar zehniyyətli, məzmun və şəkilcə “palatka” toylarından irəli getməyən verilişləri ilə zombiləşdirənlərin, Azərbaycanın demokratikləşməsi yerinə daha da despotik, qapalı ölkəyə çevrilməsinə çalışanların əlinə işləyənlərin, sadəcə “yuxarı”dan verilən hazır direktivləri yerinə yetirməklə məşğul olanların sadaladığımız azadlıqlarla nə əlaqəsi ola bilər?
Məni ən çox acıqlandıran və qıcıqlandıran isə bir zamanlar ANS-lə bağlı yaranmış, sonra çilik-çilik olmuş bir qənaətin – guya onun rejimin başqa telekanalları ilə müqayisədə daha səviyyəli, hətta müstəqil (müstəqil ha!) olması barədə fikirlərin yenidən dövriyyəyə buraxılmasıdır. Işə bax ki, zaman-zaman ANS-dən ağzı yananların, onun mahiyyətcə rejimin başqa telekanallarından daha təhlükəli, daha şərçi olduğunu gözləri ilə görənlərin özləri belə, bu cür təəssürat yaratmağa çalışırlar ki, guya indi ANS-in tez-tez Nuşirəvanın qəzəbinə gəlməsinin hansısa siyasi səbəbi var, guya orada ara-sıra hökumətlə bağlı hansısa tənqidlərin səslənməsi iqtidarı qəzəbləndirir, mütəmadi olaraq ANS-in ipini çəkməyə vadar edir.
Ayıbdır, e vallah. Mən ölüm ayıbdır. Sadəlöhvlük olar, daha bu qədər də yox də! Heç olmasa ötən illərin təcrübəsindən dərs çıxarın. Başına gələn başmaqçı olar. ANS başqa nə etməlidir ki, bu telekanalın Azərbaycanın çağdaşlaşması, demokratikləşməsi, modern, mədəni dünya ölkəsinə çevrilməsi naminə proseslərdə, həm də bu proseslərin ən həlledici vaxtlarında Lider-dən də, digərlərindən də daha təhlükəli, daha qorxunc, daha iyrənc rol oynadığını biryolluq dərk və qəbul edəsiniz, onunla bağlı heç bir müsbət gözləntidə olmayasınız.
2003-cü ilin şanlı 16 oktyabr hadisələri vaxtı, seçkidəki səslərinin müdafiəsinə qalxmış minlərcə insanı aşağılayan, onları nəzərdə tutaraq canlı efirdən sanki Şuşanın işğaldan azad edilməsini müjdələyirmiş kimi şəstlə, fərəhlə, sevinclə “Qəhrəman Azərbaycan ordusu Azadlıq meydanını vandallardan və quduzlardan təmizlədi” deyən bir telekanaldan hansısa yaxşı gözləntidə olmaq mümkündür? Sizi bilmirəm, mən bu iyrənc, idbar cümləni ölüncə, son nəfəsimədək heç vaxt heç kimə bağışlamaram – lap dədəm demiş olsa belə!
Bəyəm təsadüf idimi ki, həmin hadisələrə görə qondarma ittihamlarla həbs olunan siyasi məhbuslar məhkəmələrində heç də digər yandaş telekanalların yox, məhz ANS-in çəkiliş aparmasına etiraz edir, ANS-in çəkiliş qrupu məhkəmə zalına daxil olduqları an dəmir qəfəsdə arxalarını ona çevirirdilər. Bunu belə tezliklə, asanlıqla necə unuda bilərsiniz?!
Başqa bir xatırlatma. Gənc nəsil Oruc Məmmədalıyevi tanımaya bilər, amma proseslərdə saç-saqqal ağardanlar, stajlı müxalifətçilər onu yaxşı tanıyırlar, yəqin oxucuların arasında da onu xatırlayanlar az deyil.
Qorxmaz və vicdanlı, mübariz və ləyaqətli bir adam idi Oruc bəy, Qarabağ qazisi idi, bədənində saysız qəlpələr gəzdirirdi.
Qarabağ Əlillər Cəmiyyətinin 2001-ci ilin yanvar-fevral aylarında təşkil etdiyi ümumrespublika aclıq aksiyasının ən fəal iştirakçılardan olmuş, hmin aksiyaya görə 2001-ci ilin fevralında digər döyüşçü yodaşları ilə birgə həbs edilmiş və siyasi sifariş əsasında məhkəmə hökmü ilə 6 il həbs cəzası almış, bir müddət sonra azadlığa buraxılmışdı.
Onun ikinci həbsi isə elə iki il sonra baş verdi – bu dəfə, 2003-cü ilin prezident seçkilərindən sonra rejimin öyrədilmiş adamlarının AXCP qərargahı qarşısında keçirmək istədiyi “aksiya” zamanı ANS-in kamerasını sındırmaqda ittiham edilərək əsassız şəkildə həbs olunmuşdu. Çoxsaylı müraciətlərə baxmayaraq, sizin dəhşətli dərəcədə vətənpərvər, Qarabağcanlı ANS-niz sağlamlığında ağır problemlər olan bu Qarabağ qazisini “bağışlamamış”, onun həbsində israr etmiş, Oruc bəyin onsuz da ağır olan sağlıq durumu bir az da pisləşmiş, üstəlik, ANS-in Qarabağ dərdi ilə yanıb-qovrulan rəhbərliyi iki ayağını bir başmağa dirəyib sınan videokameranın pulunu istəmiş, ictimai-siyasi fəallar, cəmiyyətin vicdanlı kəsimi də məcbur qalıb öz aralarında Oruc bəy üçün pultoplama kampaniyası keçirməli olmuşdu.
4 ay həbsdə yatdıqdan sonra Oruc bəy üzərində o vaxtkı pulla 14 milyon manatlıq məhkəmə cəriməsi ilə həbsdən çıxmış, amma azadlığa qovuşmasının sevinci uzun sürməmiş, bir müddət sonra səhv etmirəmsə, beyninə qan sızaraq dünyasını dəyişmişdi.
Bütün bunları Nuşirəvanla davada ANS-in tərəfini tutub ondan yenə də müsbət obraz düzəltməyə çalışanlara xatırlatmağımın isə sadə səbəbi var.
Nuşirəvan da, ANS də mahiyyətcə bir-birlərindən fərqlənmirlər, bir medalın iki üzüdürlər, amma illah ki, tərəf tutmaq istəyirsinizsə, barı onda bu yazdıqlarımı da nəzərə alın, heç olmasa, Oruc bəyi unutmayın, onun əziz xatirəsini düşünün.