DİN “Nar” kafesində əməliyyatın qanunsuz mərc oyunlarına görə aparıldığını bildirir
Ona məxsus “Nar cafe”də dünən keçirilən əməliyyat zamanı saxlanılan, bu gün isə məhkəmə qərarı ilə cərimələnərək sərbəst buraxılan, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov hadisə ilə bağlı danışıb.
Deputat Elton Məmmədovun oğlu atv.az-a açıqlamasında bildirib ki, hazırda işdədir: “Deyə bilərəm ki, adıçəkilən obyektdə dünən yoxlama olub. İki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb. Onlar da çıxıb gediblər”.
Maraqlıdır ki, Aynar özü hadisəni təsdiqləsə də, atası Elton Məmmədov “Turan”a açıqlamasında xəbəri təkzib edib: “Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”.
***“Bandotdel”in keçirdiyi əməliyyatla saxlanılan Aynar Məmmədov bir neçə saat əvvəl məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo”nun məlumatına görə, Nərimanov rayon məhkəməsində saxlanılan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 199-3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddə ilə təqsirləndirilən şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunur.
Nərimanov rayon məhkəməsindən bildirilib ki, “Bandotdel” tərəfindən saxlanılan və sanskiya ilə məhkəmə gətirilən şəxslər cərimələndikdən sonra sərbəst buraxılıb.
***
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədova məxsus “Nar” kafesində polisin əməliyyat keçirdiyi rəsmən təsdiqlənib. DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə musavat.com-a bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları oktyabrın 11-də “Nar” kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirib, bu zaman 8 nəfər saxlanılıb. Onlar, barələrində inzibati qaydada protokol tərtib olunaraq, cərimə edilmələri üçün məhkəməyə göndərilib.
***
Oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, “Şüşəli bazar”ın yanındakı “Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb, içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıb.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Məlumatı azadliq.info-ya etibar etdiyi mənbələrdən biri eynilə təkrarlayıb. Mənbə onu da əlavə edib ki, Aynar Məmmədovla birlikdə, həmin vaxt kafedə olan daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən biri də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğludur.
Məlumatla bağlı dəqiqləşdirmələr aparmağa çalışacağıq.