xanbahadir@mail.ru
Bu “seçkinin” necə bir seçki olacağını qabaqcadan dönə-dönə demişdik: istər “Azadlıq” qəzetində, istərsə də Feysbukda. Müxalifətin satılmayan kəsimi seçkini boykot yolu tutdu – “seçkinin” necə keçiriləcəyini bildiyi üçün. Müxalifətin satılmış kəsimi “seçkiyə” qatılmaq yolu tutdu – “seçkinin” necə keçiriləcəyini bilə-bilə. Müxalifət düşərgəsindən “seçkiyə” gedən də onun necə keçiriləcəyini bilir, getməyən də. Gedənlər bəri başdan seçiciləri aldatma yolu tutaraq “demokratiya mübarizəsi aparmaq, gərəkərsə, hakimiyətin antidemokratik seçki keçirdiyini ifşa eləmək üçün” “seçkiyə” qatıldıqlarını, getməyənlər rejimin indiki korrusiya-repressiya qızğınlığı içində demokratik, doğru-düzgün seçki keçirməyəcəyini bildirərək saxta seçkiyə legitimlik qazandırmaq istəmədiklərini bildirirdilər. Birincilərin yalançı, ikincilərin doğru yol tutduqları konkret faktlarla hər gün doğrulanmaqdadır.
Bu gün ortada iki belə doğrulama faktı var. Açıq-açığına çıxışlarla “demokratiya” dalınca “seçkiyə” gedənlərin oğrucasına susqunluqla qısıla-qısıla geri çəkilmələri. Belələri dünən dediklərini bu gün unutmuş kimidilər: ortada hər hansı “ifşa” faktı yoxdur. Soruşulur, siz ey rejimlə DIALOQ-mialoq aşiqləri, nə oldu, niyə susursuz? Yoxsa, susacağınızla bağlı pullu öhdəlik götürmüsüz? Danışmırlar. Danışanları da “namizədliyimi özüm geri götürdüm” deyir. Yalandır! Götürdürlər, özü də necə! Bizə bəlli olan bu necələrin üstünü indi Elza Seyidcahan açır: “Dedilər ki, artıq 3 ay əvvəldən deputatlar təyin olunub”. Sözsüz, rejim yetkililəri bunu yalan adlandıracaqlar. Ancaq… ən azı, Gülərgeytdən bəlli olduğu kimi, yalançı özləridir. Elza xanım deputat olacaq kimsələrin ona siyahısını göstərdiklərini də deyir. Bir çağlar indi türməlik edilən Nemət Pənahlı da qabaqcadan deputat sıralamasının üstünü açmışdı.
Elza Seyidcahan adaylığını geri götürməsi üçün ona necə basqı göstərildiyindən danışır. Icra hakimiyətindən olanlar uzun-uzadı basqılardan sonra da geri çəkilmədiyini görüncə, ona bildiriblər: “Qanımızı tökəcəyik, amma Tahir Süleymanovu qutudan çıxardacağıq”. Elza xanım yaxşı qurtarıb, ona deməyiblər: qanını tökməklə olsa belə, nomenklatura adayını – Tahir Süleymanovu qutudan çıxaracağıq. Onlara, gərəkərsə, belə etmək yetkisi çoxdan verilib. Elza xanım indiki açıqlamaları ilə çoxlarının edə bilmədiyi kişiliyi etməkdədir: rejimin antidemokratik seçkisini gerçəkdən IFŞA edir! O indi bir çox tanınmışların deyib, ancaq qorxaqcasına edə bilmədiyini etməkdədir!
Güclü parlament güclü dövlət deməkdir. Güclü parlamentin olması üçün ölkədə gerçək, doğru-düzgün parlament seçkisi keçirilməlidir. Ancaq ölkəni başdan-ayağa rüşvətə bürümüş, korrupsiya bataqlığına batırmış bir rejimə nə doğru-düzgün seçki gərəkdir, nə də güclü parlament. Oğru rejimin keçirdiyi seçki də oğru seçkisidir – ölkəni yoxluğa, hər baxımdan yoxsulluğa sürükləyən bir seçki! Bu ölkənin başında duran adam deyir: “Güclü demokratik təsisatlar qurulması bizim üçün uğur şərtidir”. Parlament başda olmaqla güclü “təsisatlar” istənilən korrupsioner rejim üçün böyük qorxu qaynağıdır; buna görə də indiki rejimdə demokratik seçki keçirilməsi baş tutan iş deyil!
2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsində seçki sürəcindən uzaqlaşdırmaq üçün polislər məni Sabirabadın ortasındaca döyüb qana batırdılar. O çağlar yazmışam, bir daha yazıram: bu terrorun arxasında MTN adlandırılan, gerçəkdəsə KQB funksiyasını yerinə yetirən qurumun Sabirabaddakı şefi dayanırdı. Mən geri çəkilmədim, çox böyük səs üstünlüyü ilə seçkini uddum. Ancaq prezident administrasıyasından göstərişlə böyük bir polis bölüyü tökülüşüb yumruq, təpik axarında qutulardan başqasını – bəlli rejim adamını çıxardı. Bir sıra nədənlər üzündən rejim o çağlardakından indi daha aqressivdir.