Hakimiyyət QMİ-nin nəzarətində olan dindarları təbliğata cəlb edib
Nüfuzlu dindarların iqtidarın seçki oyununa yox demələri hakimiyyətdə ciddi narahatlığa səbəb olub. Xatırladaq ki, bir neçə gün əvvəl Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, İçərişəhər “Cümə” məscdinin imam-camaatı İlqar İbrahimoğlu qarşıdan gələn seçkiyə qatılmayacaqlarını demişdi.
“Biz bu məsələləri həm İçərişəhər Cümə məscidi icması formatında, həm DEVAMM olaraq kollegial məsləhətləşirik; builki seçkidə bizim xüsusi fəallıq göstərmək qərarımız yoxdur. Seçkidə nə özümüz iştirak edəcəyik, nə də kiməsə dəstək verəcəyik”, -deyə İlqar İbrahimoğlu “Yeni Müsavat”a müsahibəsində bildirib.
“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə də “Azadlıq”a bildirmişdi ki, Azərbaycanda hazırda seçki ab-havası yoxdur.”Hazırkı durumda xalqın ciddi sosial-iqtisadi problemlərinin qaldığı, haqq mübarizəsi apardıqlarına görə həbs edilən siyasi məhbusların olduğu bir vəziyyətdə təşkilatımızın Idarə Heyəti də seçkiyə qatılmamağı, heç kimin namizədliyini dəstəkləməməyi düşünür. Bu qərarı bir neçə günə elan edəcəyik. Bizim də seçkiylə bağlı mövqeyimiz boykotdur”, – deyə Tale Bağırzadə vurğulamışdı.
Nardaran Ağsaqqallar Şurasının sədri, İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Kərimov seçki ab-havasının olmadığı prosesə qatılmağın yalnız görüntüyə xidmət etdiyini bildirmişdi.
Azərbaycanda inanclı insanların sayı əhəmiyyətli dərəcədə çoxdur. Onların seçkini boykot etməsi hakimiyyətə ciddi zərbə ola bilər. Bu baxımdan da nüfuzlu dindarların boykot mövqeyi hakimiyyəti qarşılıqlı tədbirlər görməyə məcbur edib. Iqtidar Qafqaz Müsəlmanları Idarəsinin (QMI) nəzarətində olan dindarları efirə çıxararaq onların vasitəsilə inanclı kəsimi parlament seçkilərini boykotdan çəkindirməyə çalışır.