Onlar kənd təsərrüfatını problemlərdən xilas edə bilməyəcək
Vahid Məhərrəmov: «Aqropark yalnız bir alət rolunu oynaya bilər»
Xəbər verildiyi kimi, Azərbaycanda 3 aqropark yaradılır. Iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edilib ki, son illər təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi və s. Yaradılıb.
Nazir bildirib ki, hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulub, hər hektardan 58-60 sentner arpa və buğda, 120 sentnerədək dənlik qarğıdalı götürülür: “Bununla yanaşı, Şəmkir, Xaçmaz və Xızı rayonlarında aqropraklar yaradılır. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 23 milyon manat güzəştli kredit verilib. Şəmkir və Yalama aqroparklarında birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaq. Xızı aqroparkında isə hazırda müvafiq layihələndirmə işləri aparılır”.
Kənd təsərrüfatı sahəsində xeyli problemlər mövcuddur. Görəsən, aqroparkların yaradılmasıyla həmin problemləri həll etmək, kənd təsərrüfatını dirçəltmək, onun inkişafına nail olmaq mümkündürmü?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, aqropark bir alət rolunu oynaya bilər və belə bir yol əsas məqsəd kimi seçilə bilməz. Ekspertə görə, aqroparklarda elmi potensiallar yerləşdirilsə, onlar vasitəsilə kənd təsərrüfatı məhsullarının bazara çıxışı təmin olunsa, istehsalda aqrotexniki qaydalara riayət olunması elmi müəssisələrin köməyilə maarifləndirmə ilə olsa, kənd təsərrüfatının inkişafında aqroparklar əhəmiyyətli rol oynaya bilər: “Aqroparkların rolu işin əsaslı şəkildə qurulduğu ölkələrdə böyükdür. Azərbaycanda isə məqsəd yalnız istehsal olunan məhsulun loqistikasıyla məşğul olmaqdır. Bir neçə aqroparkda işə başlanılıb ki, orada əhalinin istehsal etdiyi məhsulun loqistikası aqroparklar vasitəsilə təmin edilsin. Yəni onların işi məhsulun anbarlarda saxlanması, bazarlara tədarüküylə məşğul olmaqdır. Niderlandda aqroparklar birbaşa istehsal, məhsulun loqistikası, satışı, hətta bəzi istehsal vasitələrinə olan ehtiyacın ödənilməsini təmin edir. Necə deyərlər, birbaşa elmi müəssisələrlə fermerin birgə işi təşkil olunur. Bu halda nəyəsə nail olmaq mümkündür. Lakin bizdə istehsalla bağlı ciddi problem var və aqropark da bununla bağlı problemi üzərinə götürmədiyi üçün onların yaradılmasından nə isə gözləmək mümkün deyil”.
Nigar