Martirosyanı işlə təmin etməkdənsə, qul bazarlarındakı işsizlərə yardım edin
Bir müddət öncə Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyan Azərbaycanda sığınacaq aldı. Bu hadisə ilə bağlı müxtəlif fikirlər səsləndi, ciddi müzakirələr aparıldı. O zaman biz də yazmışdıq ki, Azərbaycanda avtoritar bir hakimiyyət olduğuna görə, insan haqları və demokratiyadan imtina edildiyi üçün belə siyasi gedişlərlə dövlətin imicini düzəltmək olmaz. Yəni öz vətəndaşına zülm edib, dövlətin sərvətlərini talayıb, ölkənin vicdanlı insanlarını “ermənipərəst” damğası ilə ləkələyib, sonra erməni müxalifətçisinə sığıncaq vermək uğur sayıla bilməz.
Indi isə xəbər yayılıb ki. Martirosyan işlə təmin olunacaq. Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.ÿHüquq müdafiəçisi bildirib ki, Vaan Martirosyan Azərbaycanda qalacaqsa, işlə təmin olunacaq.
Azərbaycanda Milli Azadlıq Hərəkatının iştiarkçılarına düşmən kimi baxılır, bu insanlara qarşı şər-böhtan kampaniyası aparılır və müxalif mövqedə dayananlar qondarma ittihamlarla həbs edilir. Amma biz Matirosyana münasibəti müxalifətlə deyil, istənilən ölkə vətəndaşı ilə müqayisə etmək istəyirik.
Bu ölkənin insanları işsizlik səbəbindən intihar edir, ölkəni tərk etmək məcburiyyətində qalır, cinayətə əl atır və s. Bu ölkədə Qarabağ qazisi, şəhid ailəsi evsizlikdən, işsizlikdən əziyyət çəkir. Vətən uğrunda sağlamlığını itirənlər intihar həddinə çatdırlıb. Amma hökumət qətiyyən narahat deyil və hər gün hansı müəssisədə ixtisarların olması xəbərini eşidirik.
Necə olur ki, öz vətəndaşına qarşı laqeyd olan bu hökumət, erməniyə bu qədər qayğı göstərir? Bu işsizlər ordusunun dərdinə çarə etmək yada düşmür, ancaq Martirosyanın işlə təmin olunması məsələsi gündəmə gəlib. Biz Martirosyanın küçəyə atılmasının, ac saxlanılmasının, işgəncəyə məruz qalmasının tərəfdarı deyilik. Sadəcə olaraq hökumətin erməniyə göstərdiyi qayğını ölkə vətəndaşına göstərməməsindən qəzəbliyik. Bundan öncə erməni hərbçisi Azərbaycan tərəfə keçmişdi və məlum olmuşdu ki, bu əsir meyvə şirəsindən tutmuş, rəsm çəkmək üçün sulu boyaya qədər zəruri ehtiyaclarla təmin olunub.
Qarabağ qazisi Asif Yuisifli isə qondarma ittihamlarla həbs olunur və əməliyat tikişlərinin sökülməsinə də imkan verilmir. Bəli, erməni əsirə göstərilən qayğı Qarabağ qazisinə göstərilmir.
Biz Matirosyana iş verilməsinə də üsyan etmirik. Ona üsyan edirik ki, ilk növbədə şəxsiyyət vəsiqəsinə “azərbaycanlı” yazılanlara iş vermək lazımdı. Bu ölkədə isə vətənini sevən vətəndaşlar işverənlərin güdazına gedir.
Görünür, bu da bizim qismətimizidir. Öz vətəndaşımız ölsə də olar, təki erməni vətəndaşı yaşasın. Gələcəkdə Martirosyanı deputatlığa namizəd etsələr də, təəccüblənməyəcəyik. Bəlkə də sevinməli olacağıq. Çünki, erməni namizədin seçildiyi əraziyə hökumətimiz diqqət göstərəcək, həmin ərazidəki seçicilərin problemi dərhal həllini tapacaq və s.
Nə etmək olar? Hökumətimiz ermənipərəst ölkələrə milyonlar xərclədiyi kimi, erməni qonaqlarımıza da “səxavət qapısı”nı açmağa hazırdı.
Müxtəsər, əsas odur ki, Martirosyan işlə təmin olunsun, öz vətəndaşlarımız işsiz də yaşamağın yolun taparlar. Amma hökumət unutmasın ki, qul bazarlarında 1000-lərlə insan dövlətin qayğısına möhtacdı.
Samir