Elxan Şahinoğlu: «Türkiyənin hava məkanının ücüncü pozuntusu Rusiya təyyarəsinin vurulması ilə nəticələnəcək»
Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar regionda gərginliyi pik həddə çatdırıb. Elə bu üzdəndir ki, Rusiya bölgədə əsas əməkdaşlıq etdiyi ölkə Türkiyəni itirmək üzrədir. Rusiyaya məxsus hərbi təyyarələrin Türkiyənin hava sərhədini pozması iki ölkə arasında münasibətləri pik həddə çatdırıb. Nəticədə bir müddət əvvələ qədər iki ölkə arasında yaşanan mülayim münasibətlər qırılma nöqtəsinə gəlib çatıb. Artıq Türkiyə prezidenti Ərdoğan bəyan edib ki, Ankara Rusiyanın bir sıra xidmətlərindən istifadəni dayandıra bilər. Ərdoğan onlar sırasında Rusiyadan təbii qaz alışını və Türkiyə ərazisində Ankaranın sifarişi ilə Rusiyanın inşa edəcəyi Atom Elektrik Stansiyasını vurğulayıb.
Bu arada Rusiyanın bölgədəki addımları və Türkiyənin hava sərhədlərini pozmasını NATO birmənalı qarşılamayıb. Və NATO rəhbərliyi bəyan edib ki, onlar Türkiyəni müdafiə etməyə hazırdırlar. Bu isə artıq bölgədə iki güc mərkəzinin toqquşması anlamına gəlir.
Iran ali-dini rəhbərinin Rusiyanın müdafiə edən açıqlaması da maraqla qarşılanır. Iran ABŞ və Avropa Birliyi ilə apardığı danışıqları dayandıra biləcəyini söyləyib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, “ərəb baharı” zamanı bu qədər fərqli mövqelər olmamışdı. O zaman hadisələr sürətlə inkişaf edir və nəticələrlə hamı barışırdı. Amma Suriyada 4 ildən çoxdur ki, müharibənin getdiyini deyən E.Şahinoğlu vurğuladı ki, hazırda dünya gücləri arasında Əsəd rejimi ilə bağlı ciddi fikir ayrılığı var: “Suriya olaylarına qədər böyük dövlətlər müəyyən qədər ortaq məxrəc tapa bilirdilər. Amma hazırda fikirlər haçalanır. Ərdoğan Əsədin getməsini tələb edir. Putin isə Əsədlə Suriyada sülhə nail olacağını vurğulayır. Rusiya qırıcılarının Türkiyənin hava məkanını pozması təsadüfi deyil. Əvvəl deyirdilər ki, hava şəraiti ilə bağlı olub. Amma sonradan bu addım yenidən təkrarlandı. Nəticədə Türkiyə Rusiya ilə əlaqələrə yenidən baxır. Türkiyə qazı başqa ölkədən də ala bilər və Türkiyə ərazisindəki Atom Stansiyasını başqa dövlət, məsələn, Yaponiya da tikə bilər”.
E.Şahinoğlu hesab edir ki, Türkiyənin hava məkanının üçüncü pozuntusu Rusiya təyyarəsinin vurulması ilə nəticələnəcək. “Əslində Rusiya gəmilərinin Suriyanı Xəzər dənizindən bombalaması regionumuz üçün təhlükə yaradır. Buna nə ehtiyac var idi? Onsuz da rus təyyarələri Suriyanı havadan bombalayırdı. Digər tərəfdən, Rusiya Suriyaya Aralıq dənizindən də zərbə endirə bilər. Bu zərbələrdən Azərbaycan və Qazaxıstanın xəbəri olubmu? Yəni Rusiya son zamanlar əzələ nümayiş etdirir. Bu isə bölgədə vəziyyəti gərginləşdirir”.
Xəyal