İŞİD Suriyada irəliləyir; Pentaqonun bir gün əvvəlki proqnozu özünü doğruldur
İŞİD-in Suriyanın Hələb şəhərinin şimalında yerləşən bir neçə kəndi ələ keçirdiyi bildirilir. Bu bəyanatdan bir gün əvvəl ABŞ müdafiə naziri Eşton Karter bildirmişdi ki, ruslar tezliklə Suriyada ilk itkilərini verəcəklər. Pentaqon rəhbəri Rusiyanı terror aktlarına hazır olmağa da çağırmışdı. Onun sözlərinə görə, Suriyadakı aviazərbələrə cavab olaraq Rusiya ərazisində terror hücumları ola bilər.
İŞİD-in Suriyada irəliləməsi barədə “Reuters” agentliyi yerli “Syria Observatory for Human Rights” təşkilatına istinadən məlumat yayıb.
Təşkilatın rəhbəri Rami Əbdülrəhman onu da bildirib ki, Rusiyanın savaş təyyarələri əsasən müxaliflərin olduğu bölgələrə aviazərbələr endirir: “Ruslar əsasən ölkənin cənubunda yerləşən və müxaliflər tərəfindən ələ keçirilən əraziləri bombalayırlar. Zərbələrin cəmi 10 faizi IŞID-ə istiqamətlənib”.
Qeyd edək ki, Türkiyə baş naziri Əhməd Davudoğlu Suriyadakı 57 aviazərbədən yalnız 2-nin IŞID-i hədəf aldığını bildirmişdi.
Rami Əbdülrəhmanın sözlərinə görə, dünən gecə saatlarına qədər ölkənin cənubunda yerləşən Həma şəhəri ətrafında Əsəd qüvvələri ilə suriyalı müxaliflər arasında qızğın döyüşlər gedib.
Dünən o da məlum olub ki, “Əl-Qaidə” Rusiyaya savaş elan edib və bütün tərəfdarlarını cihada səsləyib. Norveçdəki “Verdens Gang” internet portalında qruplaşmanın Suriyada savaşan ruslara videomüraciəti yayılıb. Rus dilində səsləndirilən müraciətdə “Əl-Qaidə”nin qollarından olan “Ən-Nüsra Cəbhəsi”nin komandirlərindən 24 yaşlı Əbu Ubeyd əl-Madani rus əsgərləri ilə savaşmağa hazır olduqlarını bildirir.
Əl-Madani deyib ki, onlara “Verdens Gang”ın redaksiyasından suallar daxil olub. Islamçılar da bu sualları cavablandırmağa qərar veriblər: “Bizlər – onminlərlə mücahid məqsədlərimiz naminə canımızdan keçməyə hazırıq. Bəs, rus əsgərləri necə” Putinin eqoizminə və “kaprizlərinə” görə ölməyə hazırdılarmı? Əgər gəlmisizsə, bilin ki, evinizə ölü qayıdacaqsınız. Çünki bura işğalçı kimi gəlmisiz”.
Qeyd edək ki, oktyabrın 12-də Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri bir araya gələrək Rusiyanın Suriyadakı əməliyyatlarını müzakirə edəcək. Toplantıda Suriyaya görə rəsmi Moskvaya sanksiyaların tətbiqi də gündəmə gətirilə bilər.