«Aldadıcı müasir görünüşlü Heydər Əliyev aeroportuna bir ilıq və dumanlı axşamüstü çatdıq», – «Amnesty International» hüquq-müdafiə təşkilatı Azərbaycan üzrə tədqiqatçısı Natalia Nozadze-nin məqaləsini dərc edib. Nozadze həmkarıyla birlikdə oktyabrın 7-də Azərbaycandan deportasiya olunub.
Müəllif yazır ki, immiqrasiya nəzarət masaları yuxulu, rahat, dostyana sifətli əməkdaşlarla doluydu, növbəyə düzülənləri beləcə rahatlıqla yola salırdılar. «Ancaq həmkarımla yaxınlaşanda sifətlər çaşqın bir görkəm aldı. Bir neçə dəqiqəyə digər mühacirət rəsmiləri bizi dövrələdi və dalbadal telefon zəngləri etməyə başladılar. «Deport» və «problem» sözlərini eşidirdim, ancaq heç kəs bir izahat vermirdi… Nəhayət, başçıları bizə yaxınlaşdı və dedi ki, ölkəyə girişimiz qadağandır. «Sizə izahat verə bilmərəm, sistem belə göstərir», – bunu deyib pasportlarımızı aldı və bizi növbəti uçuş üçün gözləmə zalına müşayiət etdi».
«Gözləyərkən görüşməyi planlaşdırdığım adamlar barədə düşünürdüm. Bu dəfə siyahım həmişəkindən qısaydı: hökuməti tənqid etməyə hələ də cəsarəti çatan bir neçə jurnalist, onlardan da az insan haqları müdafiəçisi və bir neçə müxalifət partiyası… Son 5 ildə siyahı getdikcə qısalır və Azərbaycanda hazırda 20-dən çox vicdan məhbusu var. Onları sadəcə hökumətə dinc müqavimət üstündə həbsə atılıblar».
Müəllif «Amnesty International»a qoyulan qadağanın son illər Azərbaycanın beynəlxalq tənqidi susdurmaq yönündə son addımlarından olduğunu bildirir.«Beynəlxalq ictimaiyyət nadir hallarda Azərbaycanda insan haqlarının son illər bərk pisləşməsinə reaksiya verib. Təəssüf ki, Azərbaycana görünməmiş repressiya dalğasını sürdürməyə və vətəndaş cəmiyyətinin, demək olar, kökünü kəsməyə imkan verilib», – müəllif yazır. (azadliq.org)