Tanınmış hüquqşünas, vicdan məhbusu İntiqam Əliyevi Beynəlxalq Hüquqşünaslar Assosiasiyası öz ali mükafatına layiq görüb. Mükafat Vyanada İntiqam Əliyevin oğlu Nəcmin Əliyevə təqdim edilib. Hörmətli İntiqam bəyi təbrik edirəm.
Bu xəbər həqiqətən də, insanı həm sevindirən, həm də kədərləndirən xəbərlərdəndir. Əlbəttə, çox xoşdur ki, İntiqam bəyin hüquqşünas kimi yüksək peşəkarlığı, ləyaqətli hüquq müdafiəçisi olması beynəlxalq səviyyədə qiymətləndirilir. Dünya görür ki, bu millət yalnız oğru və korrupsionerlər yetişdirmir. Həm də və daha çox səviyyəli peşəkarlar, əqidəli, mənəviyyatlı insanlar yetişdirir.
Amma təəssüf hissi keçirməli olursan ki, Azərbaycan hakimiyyətini Avropanın ən ali məhkəmə instansiyasında (Avropa İnsan Haqları Məhkəməsində) yüzlərlə dəfə məğlub etmiş bu görkəmli hüquqşünas özü də şərlənərək 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. Budur bu ölkədə yüksək səviyyəli peşəkara, ləyaqətli insana verilən qiymət. Heç olmazsa, insafları ola, insan kapitalı ifadəsini çıxışlarında işlətməyələr. Ölkənin bu qədər intellektualını, ziyalısını, peşəkarını, mübariz gəncini şərləyib həbsxanalara doldurub, sonra da bu ölkədə insan kapitalına önəm verildiyindən danışmaq riyakarlıq olmur ki?!