Fəxrəddin Mehdiyev: “Bu məsələdə Asif Yusiflinin heç bir təqsiri yoxdur. Hökm də, qərar da qərəzlidir”
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusiflinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Asif Yusifli və onunla birlikdə mühakimə olunan Rafiq Hüseynovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün qüvvədə sxlanılması barədə qərar çıxarılıb. Bu qərara Faiq Qasımovun sədrlik etdiyi hakimlər heyəti imza atıb.
Qərardan əvvəl dövlət ittihamçısı çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib. Deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həm Asif Yusifli, həm də onunla birlikdə mühakimə olunan Rafiq Hüseynova qarşı ittihamlar sübuta yetirilib, onlara verilən cəzalar da əməllərinin ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Ona görə də hökm dəyişdirilmədən saxlanılmalıdır.
Asif Yusiflinin vəkili Fəxrəddin Mehdiyev prokurorun çıxışından təəccübləndiyini bildirib: ” Prokuror apellyasiya şikayətində qeyd etdiyimiz pozuntu hallarını təkzib edən bircə dəlil ortaya qoymadı. Zərərçəkmiş qismində tanınan şəxs ərizəsini geri götürübsə, şikayətçi, maddi ziyan yoxdursa, bu işin ictimai təhlükəliliyi haradadır? Ümumiyyətlə, prokurorluq son vaxtlar qanunsuzluq nümunələri yaradır, bu da növbəti presedentdir”.
Buna baxmayaraq, məhkəmə prokurorun istəyinə uyğun qərar çıxarıb – hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Vəkil Fəxrəddin Mehdiyev “Azadlıq”a açıqlamasında məsələyə münasibət bildirib: ”Asif Yusifli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178-ci maddəsinin 3-cü hissəsi və 320-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinmiş və onun barəsində 7 il 6 ay azadlıqdan mərhumetmə cəzası təyin edilib. Biz həmin hökmü qərəzli, qanunsuz, əsassız və ədalətsiz hesab etmişik. Ona görə qanunsuz və əsassız sayırıq ki, cinayət işinin materialları ilə Asif Yusiflinin təqsiri sübuta yetirilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı da sübuta yetmədi. Digər tərəfdən Asif Yusifli 1-ci qrup Qarabağ əlilidir. Eyni zamanda müstəsna bir məqam da ondan ibarətdir ki, iş üzrə zərərçəkən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı prosesində ərizə ilə müraciət etmiş, eləcə də ifadəsində bildirmişdi ki, onun Asif Yusifliyə qarşı hər hansı iddiası, tələbi, şikayəti yoxdur və ərizəsini geri götürür. Göründüyü kimi iş üzrə maddi ziyan da mövcud deyil. Həmin cinayəti xarakterizə edən əlamətlərdən biri, yəni ictimai təhlükəliliyi xarakterizə edən maddi ziyan olmalıdır. Bu isə yoxdur. Belə olan halda Asif Yusifli barəsində uzun müddətə azadlıqdan mərhumetmə çəzasının təyin edilməsi tamamilə hüququ əsası olmayan bir məsələdir, həm ədalətsizdir, həm də qərəzlidir.
Biz Apellyasiya şikayətində Asif Yusifli barəsində bəraət hökmü çıxarılmasını xahış etmişdik. Eyni zamanda bunu həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında vəsatətlərlə bildirmişdik. Çünki birbaşa həmin məsələdə Asif Yusiflinin təqsirini sübut edən bir arqument yox idi. Məlum olduğu kimi mötəbər dəlillər sübut hesab olunur. Bu işdə isə heç bir dəlil yoxdur. Amma hətta fərz etsək ki, Asif Yusifli bu işdə təqsirlidir, o zaman da onun barəsində belə ağır cəza təyin edilə bilməzdi. Məhkəmə praktikasında belə bir presedent movcud deyil ki, maddi ziyan olmadığı halda belə uzun müddətə cəza təyin olunsun. Özü də elə bir şəxsə ki, o, 1-ci qrup Qarabağ müharibəsi əlilidir. O, Azərbaycan dövlətinə, dövlətçiliyinə müstəsna xidmət etmiş adamdır. Buna görə də bu qərarı qərəzli və ədalətsiz hesab edirik. Bundan sonrakı addımlarımız ondan ibarət olacaq ki, kasasiya şikayəti verəcəyik, ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.
Vəkil Fəxrəddin Mehdiyev keçən proses zamanı ittihamı müdafiə edən prokurorun çıxış üçün vaxt istəməsi, lakin çox qisa çıxış etməsinə münasibət bildirib: “Mən hesab edirəm ki, prokurorun deyəcək bir sözü yox idi. Durub deyir ki, burda ictimai təhlükəlilik var. Yenə təkrar edirəm, ictimai təhlükəliliyi müəyyən edən meyardan biri ziyandır. Ziyan da mövcud deyil. Belə olan halda hansı ictimai təhlükəlilikdən söhbət gedə bilər? Sonra deyir ki, hökm əsaslıdır. İttihamı təsdiq etmək üçün sübutlar kifayət etməlidir. Halbuki burda heç bir sübut mövcud deyil. Biz onların göstərdiyi sübutları təhlil etmişik, qısa xarakterini vermişik. Hətta Rafiq Hüseynov özü də bu işdə Asif Yusiflinin günahının olmadığını bildirdi. Göstərilən tələbə biletindəki imzanın da məhkəmə xətşünaslıq eksperti tərəfindən Asif Yusifliyə aid olmadığını bildirən sənəd var. Bu məsələdə Asif Yusiflinin heç bir təqsiri yoxdur. Hökm də, qərar da qərəzlidir”.
Xatırladaq ki, Asif Yusifli ötən ilin noyabrında dələduzluq ittihamı ilə həbs olunub. İş üzrə zərərçəkmiş qismində tanınan Fəridə Zülfüqarova şikayətçi olmadığını, özünü zərərçəkmiş hesab etmədiyini bildirib. İşdə maddi ziyan hesab olunan 6500 manat isə artıqlaması ilə ödənilib. Sadəcə, həmin vəsaitin Fəridə Zülfüqarovadan alınıb Rafiq Hüseynova verilməsində vasitəçi olmuş Asif Yusifli 6500-ün əvəzinə 8100 manat ödəsə də, məhkəmə onun 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, Asif Yusifli özü Qarabağ əlili olmaqla yanaşı, bir övladı da ciddi xəstəlikdən əziyyət çəkir.
Aytən