Bu xalq hələ çox «sürpriz»lə qarşılaşacaq
Noyabrın 1-də ölkədə parlament seçkiləri keçiriləcək. Daha doğrusu “seçki” adı altında nəsə keçirilməlidir. Rəqabətsiz, təyinatlı, dünyanın və cəmiyyətin boykot etdiyi seçkiyə gedirik. Ən maraqlısı isə budur ki, hakim partiya “şedevr” seçki şüarı da tapıb. Bəli, YAP-ın seçki şüarı “Yeni Hədəfələrə Doğru” olacaq. Güləkmi, ağlayaqmı, sadəcə donub tamaşa edəkmi? Cənablar, bu nə sürprizdi? Hansı hədəflərdən danışırsız? Bugünə qədərki hədəfləriniz bizə nə verdi ki, bundan sonra da hədəf müəyyənləşdirirsiz?
22 ildən sonra bir qarış torpaq işğaldan azad edilməyib, qeyri-neft sektoru “koma” vəziyyətindədir, təhsil, səhiyyə, hüquq sistemi məhv edilib, minimum əməkhaqqı minimum ehtiyacları ödəmir, azad mətbuat sıradan çıxarılıb, ölkənin tanınmış ictimai-siyasi xadimləri şərlənərək həbsə atılıb, seçki institutları, seçmək ənənəsi dəfn edilib, dünya ilə münasibətlər korlanıb, büdcəmizdə sürətli azalma baş verir, ölkə iri məmurlar tərəfindən bölüşdürülüb, ölkənin 25 milyard xarici borcu var, sosial vəziyyətin ağırlığı intihar bolluğu yaradıb və.s
Yəni, “çiçəkləndirən hökumət”in bugünə qədər olan hədəfləri və ortaya qoyduğu nəticə məlumdur. Bundan sonra hansı hədəfə doğru addımlayacaqsız? Zəhmət olmasa, bu yeni hədəfləri açıqlayın.
Bəlkə, offşorlardakı pulları ölkəyə qaytaracaqsız, siyasi məhbusları azad edəcəksiz, monopoliyaların ləğvinə hazırlaşırsız? Bəlkə, korrupsioner məmurlar cəzalanacaq, 20-25 il müddətində vəzifə kürsüsünü zəbt edənlər uzaqlaşdırılacaq? Bəlkə, Avropa Ittifaqı ilə Assosasiya sazişi imzalanacaq, saxta parlament buraxılacaq, telekanallarda azad debatlar keçiriləcək? Yeni hədəfləriniz içində korrupsiyadan birdəfəlik imtina etmək, şər-böhtan kampaniyasını dayandırmaq, məhkəmələrin işinə müdaxilə etməmək, maaşları artırmaq da varmı?
Açığı bu “hədəf”in istiqaməti yaxşı heç nə vəd etmir. Əgər bu “yeni hədəf”lər həqiqi islahatları nəzərdə tutsaydı, seçkiqabağı vəziyyətdən hiss olunardı. Əksinə, “yeni hədəflərə doğru” gedən YAP müxalifətçiləri şərləyib həbs etməyə, dünya ilə bağları qoparmağa, sahibkarları sıxışdırmağa, sosial vəziyyəti daha da ağırlaşdırmağa davam edirlər.
Deməli, “yeni hədəflər” köhnə hədəflərə yenidən “atəş açmağı” nəzərdə tutur. Məsələn, maliyyə boşluğunu doldurmaq üçün sadə vətəndaşın cibinə daha çox girmək, maaşları ləngitmək, xırda obyektlərə əlavə “haqq” tətbiq etmək “yeni hədəflər”ə daxildir.
Bir sözlə, hazırki siyasi xəttlə ancaq uçurumu, fəlakəti, səfaləti hədəfləmək mümkündür. Ona görə də xahiş edirik ki, hədəfinizi özünüzdə saxlayın, bizə yeni “sürpriz”lər vəd etməyin.
Onsuz da 22 illik hədəfiniz, arzularımızın, gələcəyimizin, taleyimizin hədəfin dəyişib. Yaxşı olar ki, bu hakimiyyəti təhvil verməyə, heç olmasa zərrə qədər milli maraqları düşünməyə hədəflənəsiz. Biz, sizin konfortunuz üçün 22 ildir hədəfə çevrilmişik. Imkan verin bu xalq öz hədəfini müəyyənləşdirsin.
Həm də ki, sizin əsas hədəfiniz olan neft də hədəfdən yayınıb. Üstəlik, dünya da sizi pis hədəf kimi görür.
Akif