MTRŞ ilə telekanallar arasında qalmaqalın pərdəxarxası
Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə telekanallar, xüsusilə ANS arasında yaranan qalmaqalla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda bu qovğa hakimiyyət daxilində telekanallara nəzarət uğrunda savaşın təzahürü kimi qiymətləndirilir.
Mənbəmiz bildirib ki, əslində məsələ AzTV-nin sədr müavini Ibrahim Məmmədovun “vurulması” ilə başlayıb. Daha sonra proses digər telekanallarda başqa formada təzahür edib. Qaynağımız savaşın konkret olaraq kimlər arasında getdiyini deməkdə çətinlik çəksə də, mülahizələrini bizimlə bölüşüb. “Məlumdur ki, hakimiyyətin nəzarətində olan media quruluşlarına direktivlər Prezident Administrasiyasından gəlir. Orada isə bu işə əsasən iki nəfər baxır: Prezidentin köməkçisi Əli Həsənov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev. Ehtimal etmək olar ki, ziddiyyətlər bu şəxslər arasında baş qaldırıb. Bəzi iddialara görə, Ramiz Mehdiyevin səhhətində problemlər yarandığı zaman Əli Həsənov bir qədər də qabağa gedib. Hakimiyyətin nəzarətində olan mediaya təsir imkanlarını artırıb. Bəzi media rəhbərlərinə tərəfinə çəkə bilib. Ramiz Mehdiyev yenidən iş başına qayıtdıqdan sonra isə təşəbbüsü yenidən ələ alıb və beləliklə də, tərəflər arasında problemlər başlayıb”, – deyə mənbə bildirib.
İnformasiya şöbəsi