Cəmil Həsənli rayon maşınlarının Bakıya buraxılmamasından yazdı
Milli Şuranın sədri Cəmil Həsənli rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmamasına facebook səhifəsində münasibət bildirib. Onun yazdıqlarını təqdim edirik:
“Rayon nömrəli avtonəqliyyat vasitələri artıq bir neçə gündür ki, Dövlət Yol Polisi tərəfindən Bakı şəhərinə buraxılmır. Şəhərə yaxın məsafələrdə giriş yolları üzərində xüsusi nəzarət məntəqələri yaradılıb. Rayon maşınlarının paytaxta daxil olmasına qoyulan qadağa sentyabrın 15-dən qüvvəyə minib. Bildiyiniz kimi yeni qaydalara görə, səhər saat 7.00-dan axşam saat 22.00-dək rayon avtomobillərinin Bakıya girişi qadağa qoyulub. İndiyə qədər ölkədə mövcud olan qaydaya görə rayon qeydiyyatı olan avtomobillərin sahiblərinin bir hissəsi faktiki olaraq Bakıda qeydiyyatdadır və indiyə qədər onlar öz avtomobillərini etibarnamə ilə idarə edirdilər. Eyni zamanda bunun əksi də vardır. Yəni adam özü rayon qeydiyyatında, maşını isə şəhər qeydiyyatındadır. DYP-dən verilən açıqlamalardan aydın olur ki, Bakıda etibarnamə ilə istifadə olunan avtomobillərin sürücüləri nəqliyyat vasitələrini təkrar sənədləşmədən keçməlidir. Ölkə vətəndaşları arasında belə ayrıseçkiliyin tətbiq edilməsi ilk növbədə konstitusiya pozuntusudur. Məlum olduğu kimi bu qadağalar İnzibati Xətalar Məcəlləsi və yol hərəkəti qaydaları ilə də ziddiyyət təşkil edir. Qeyd edilən Məcəllə və qaydaları dəyişmədən bu qadağanı tətbiq etmək qanunlara sayğısızlıq meylini doğurur. Bundan əlavə, hazırda ölkədə iri kənd təsərrüfatı müəssisələri yoxdur. Torpaq islahatından sonra kənd təsərrüfatı məhsulları əsasən şəxsi təsərrüfatlarda, həyətyanı sahələrdə və pay torpaqlarında yetişdirilib şəxsi avtonəqliyyat vasitələri ilə şəhərə gətirilir. Tətbiq edilən bu qadağa bir tərəfdən kənd təsərrüfatı məhsullarının satış bazarlarına çıxarılmasına ciddi maneələr yaradacaq, digər tərəfdən paytaxtda kənddən gətirilən məhsulların qiymətlərinin qalxmasına səbəb olacaq. Əgər bu məhdudiyyətlər uzun davam etsə perspektivdə belə hallar əyalət əhalisinin şəhərə axınına gətirib çıxaracaq. Şəhərdə avtomobil tıxaclarının qarşısını almaq üçün belə qadağalar sonda iflasa məhkumdur. Bunun yeganə yolu regionların real inkişafı, əyalətlərdə sosial-iqtisadi tərəqqinin başlanmasıdır. Bu qadağaların davam edəcəyi, rayon maşınlarının Bakıya gecə gəlib, gecə gedəcəyi təqdirdə gərək bəstəkarlarımız Ağabəyim Ağa Cavanşirin bu sözlərinə ümummilli bir mahnı bəstələsinlər:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.”