Rəhim Qazıyev evini özəlləşdirməyə imkan verilməməsindən şikayətçidir
“Binamızdakı mənzillərin 90 faizi özəlləşdirilsə də, mən bu imkandan məhrum edilmişəm”. Bu sözləri keçmiş müdafiə naziri Rəhim Qazıyev yaşadığı Mətbuat prospekti 18/7, mənzil 32 ünvanında keçirdiyi mətbuat konfransında deyib. Rəhim Qazıyev əlavə edib ki, ümumiyyətlə , 2003-cü ildə həbsdən azad olunandan sonra hüquqları mütəmadi pozulub: “Baxın, elmlər namizədiyəm, amma işsizəm, hətta pensiya hüququndan məhrumam. Halbuki, ölkənin müdafiə naziri kimi dövlət qulluğunda olmuşam. 10 il əvvəl işsizlik səbəbindən Rusiyaya üz tutdum, Perm vilayətində meşə təsərrüfatıyla məşğul oldum, sex açdım, amma bir müddət sonra yandırıldı. Araşdıranda məlum oldu ki, yandıranların arxasında Permdəki Azərbaycan diasporunun rəhbər şəxslərindən biri dayanır, sonradan həmin adamı həbs etdilər. Sex yandırıldıqdan sonra məcbur olub Azərbaycana qayıdıb Neftçala rayonunun Abbasəli kəndində təsərrüfat qurdum, traktor aldım, yerli əhalini işə cəlb etdim. Ancaq bir ay sonra kənddən zəng edib dedilər ki, rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev onlara işləməyə imkan vermir və “Rəhim Qazıyev kənddə görünsə, sizi burdan köçürəcəm” ultimatumunu verib. Getdim rayon polis idarəsinə, Rza Hacıyevi tapmasam da, Düktar adlı müavini qarşıma çıxdı və vəd etdi ki, heç bir problem yaradılmayacaq, gedin işinizi davam etdirin. Ancaq Bakıya çatan kimi yenidən zəng gəldi ki, polislər gəlib traktorları dağıdıblar, 125 qoyundan da 110 ədədini aparıblar. Bu özbaşınalıqla bağlı DİN rəhbərliyinə müraciət etdin, nazirlikdən müvafiq idarənin məsul şəxsi Arif Rzayev məni qəbul etdi, şikayətimin araşdıralacağını vəd etsə də, nəticəsi olmadı. İndi də 39 il yaşadığım mənzili özəlləşdirmək istəyirəm, yaşadığım bina sovet dövründə Politexnik İnstitununun kooperativi adıyla qeydə alınıb. Bir daha təkrar edirəm, bina sakinlərinin əksəriyyəti mənzilini özəlləşdirib. Mən də Azərbaycan qanunlarının verdiyi bu imkandan yararlanmaq istədiyim üçün aprelin 28-də ASAN-Xidmətin Yasamal rayon idarəsinə lazımi sənədləri təqdim etdim, 2 gün sonra rüsum ödədim, dedilər ki, bir həftə sonra gəlib sənədləri götürə bilərsiniz”.
Rəhim Qazıyev deyilən vaxtda ASAN-Xidmət-ə gedib, amma ona 1 ay sonra gəlməyi tövsiyyə ediblər: “Xidmətin rəsmisi Elçin Quliyev dedi ki, onlar ilk dəfədir bu cür arzuolunmaz durumla üzləşiblər. Sənədlərimi Əmlak Komitəsinin Bakı Ərazi İdarəsinə göndərsələr də, idarə rəisi Qabil Xudaverdiyev cavab vermir. Ancaq ASAN-Xidmətdən mənzilin özəlləşdirilməməsinin səbəbini demədilər”.
Sabiq nazir Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Bakı ərazi idarəsinin rəisi Qabil Xudaverdiyinin özbaşınalığı haqda prezidnetə teleqram göndərdiyini də bildirib: “Teleqramın Prezident Administrasiyasına çatması haqqında qəbz də almışam, problemin həll edilib-edilməməsi barədə heç bir reaksiya olmadığından administrasiyanın hüquq şöbəsi ilə əlaqə saxladım. Telefona cavab verən Səmaye xanım Ramazan Bayramından sonra əlaqə saxlamağı məsləhət gördü. Ancaq bayramdan bir həftə sonra əlaqə saxlayanda Səmaye xanım dedi ki, teleqramı Qabil Xudaverdiyevə göndəriblər. Ona “mən Qabil Xudaverdiyevdən sizə şikayət etmişəm, siz niyə ona göndərmisiniz” sualını verəndə, telefonu acıqla yerinə qoydu. Sentyabrın 4-də Prezident Administrasiyasına getdim, girişdə məni Qafar Əliyev qarşıladı, o, yuxarı ilə danışdığını və şikayətimi dinləməyə hazır olduğunu söylədi. Qafar Əliyevə dövlət qulluğunda işlədiyimi, elmlər namizədi olduğumu, amma pensiya ala bilmədiyimi, evimi özəlləşdirməklə bağlı Qabil Xudaverdiyevin qanunsuz münasibəti haqqında məlumat verdim. Qafar Əliyev bütün bunların çalışdığı şöbənin səlahiyyəti daxilində olmadığını, lakin rəhbərliyə məlumat verəcəyini vəd etdi. Bir aydan çox vaxt keçsə də, heç bir reaksiya yoxdur”.
Rəhim Qazıyev əvvəllər qarşılaşdığı qanunsuzluqlardan prezidentin xəbərsiz olduğunu düşünsə də, hazırda bu qənaətdə olmadığı deyib: “Əgər prezidentin bunlardan xəbəri yoxdursa, çox pisdir. Baxın, 22 ildir indiki rejim mənsubları 1 il hakimiyyətdə olan Elçibəyi yıxıb-sürüyürlər, amma 12 il ölkəyə rəhbərlik edən Əliyev harın məmurlar barədə tədbir görmürsə, deməli, bu harınlıqların başında özü dayanır. Hesab edirəm ki, mənim hüquqlarımı prezident pozur. İndiyə qədər prezidentə 10 məktub və 1 teleqram göndərmişəm. Bir daha təkrar edirəm, hələ də bu qanunsuzluqlar davam edirsə, bütün bunların məsuliyyəti prezidentin üzərinə düşür. Mən də mətbuat konfransı keçirməkdə məqsədim odur ki, hüquqlarımın prezident tərəfindən pozulduğunu göstərməkdir”.
O, məhkəməyə müraciət etməyəcəyini söyləyib: “Çünki mənə hələ rəsmi cavab verilmirsə, məhkəməyə müraciətə ehtiyac görmürəm”.