Milli Şura AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“AXCP sədrinin müşaviri Məmməd İbrahim sentyabrın 30-da qurama xuliqanlıq ittihamı ilə saxlanılıb və oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən qovulmuş və hazırda siyasi dönüklüklə bu patiyaya qarşı hakimiyyətin təxribatını icra edən Razi Nurullayevin dəstəsindəki adamlardan birinin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Milli Şura bu olaydan hiddətləndiyini bildirir və qətiyyətlə bəyan edir ki, Məmməd İbrahimə irəli sürülən ittiham saxtadır, onu AXCP-yə təzyiq məqsədilə və özünün partiya funksioneri kimi fəallığına görə şərləyərək həbs ediblər.
Hakimiyyət artıq 1 ildir ki, ölkənin əsas müxalifət təşkilatı olan AXCP-yə qarşı müxtəlif məkrli planlar həyata keçirir. Partiya üzvlərini hədə-qorxu, təzyiq və şirnikləndirmə ilə dönüklüyə məcbur etmək, mübarizədən çəkindirmək və ya satın almaq kimi idbar vasitələrlə, ən müxtəlif fitnə-fəsadlarla Xalq Cəbhəsini sarsıdıb zəiflətmək bu müddətdə İlham Əliyev hökumətinin başlıca daxili siyasi qayğısı olub. Partiyaya qarşı ən axırıncı məkrli plan Razi Nurullayevin əli ilə ondan qopmalara nail olmaq, AXCP-nin parçalandığı görüntüsünü yaratmaq idi. Lakin AXCP rəhbərliyi və üzvlərinin səbatı, prinsipiallığı və əzmkarlığı ilə hakimiyyətin bu planı da iflasa uğradı. Xalq Cəbhəsi sentyabrın 27-də keçirdiyi möhtəşəm qurultayla ona qarşı qurulan növbəti oyunların da puç olduğunu bütövlükdə cəmiyyətə nümayiş etdirdi.
Milli Şura hesab edir ki, partiya sədrinin müşavirini məhz həmin qurultaydan bir neçə gün sonra, həm də Razi Nurullayev layihəsindəki adamlardan birinin vasitəsilə şərləyib həbs etmək bilavasitə hakimiyyətin AXCP-yə qarşı növbəti təxribatının da baş tutmamasına verdiyi əsəbi reaksiyadır. Hakimiyyət bununla sadəcə AXCP-dən qisas almaq istəyir.
Milli Şura bəyan edir ki, Məmməd İbrahimin ilkin istintaq dövrü üçün olsa belə, həbs edilməsi olduqca absurddur və hüquq adına bağışlanmaz rüsvayçılıqdır. Məmməd İbrahimin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1 maddəsi üzrə ən ağır cəza 1 ilədək həbs cəzasıdır. Cəzalardan ikisi isə azadlıqdan məhrum etmə ilə bağlı deyil – biri ictimai işlər, biri də islah işlərini nəzərdə tutur. Belə bir maddə ilə ittiham olunan şəxs barəsində 2 ay həbs-qətimkan tədbirinin seçilməsi, hətta ittihamın saxtalığı bir kənara qalsa da, ədalətdən tamam uzaq, yalnız qərəz və qisasçılıq hissindən doğa biləcək qərardır.
Milli Şura hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin hakimləri bu qərarı aldıqları siyasi sifarişlə veriblər. Qərarın Məmməd İbrahim mühakimə olunandan demək olar ki, bir sutka sonra elan edilməsi də bu qənaəti möhkəmləndirən dəlildir.
Milli Şura bəyan edir ki, Məmməd İbrahimin həbsi İlham Əliyev hökumətinin hələ də islah olunmaq niyyətində olmadığını, Azərbaycan xalqı və demokratik dünya ilə qarşıdurmanı dərinləşdirmək siyasətinə davam etdiyini göstərir. Belə bir siyasət isə dövlətin və cəmiyyətin maraqları, eləcə də hakimiyyətin öz taleyi baxımından çox təhlükəli və avantürist siyasətdir.
Milli Şura hakimiyyəti öz məsuliyyətini nəhayət, dərk etməyə, ölkədə siyasi düşmənçiliyi körükləməkdən əl çəkməyə, xalqla və beynəlxalq birliklə qarşıdurmanı dərinləşdirməkdən qaçmağa, siyasi rəqiblərinə qarşı hüquq və siyasi mədəniyyət çərçivəsində davranmağa çağırır.
Milli Şura Məmməd İbrahimin tezliklə azadlığa buraxılmasını və ona qarşı açılan saxta cinayət işinə xitam verilməsini tələb edir”.