Bəzən adama elə gəlir ki, 20 faiz torpağı işğal edilən, atəşkəs dövründə 1000-lərlə əsgəri həlak olan biz deyilik. Sanki, Qarabağ problemini, yurd-yuvasından didərgin düşmüş insanların bizə aidiyyəti yoxdur. Bəs, niyə belə təəssürat yaranır? Ona görə ki, torpağı işğal edilmiş ölkənin siyasəti belə olmur. Azərbaycanın ərazi bütövlüyünü tanıyanlara üz çevirib, Azərbaycanın ərazisini bölənlərə tərəf çevrilmişik. Sanki, Qarabağı ermənilərə Avropa Ittifaqı verib və geri qaytarmaq üçün ümidimiz Avrasiya Ittifaqıdır. Xarici siyasət bütövlükdə Qarabağdan uzaqlaşmağa, qara bağlara yaxınlaşmağa xidmət edir. Bəli, hakimiyyətin indiki təhlükəli siyasəti Azərbyacanın ayağına “qara bağlar” bərkitməkdir.
Ermənistan prezidenti yaranmış vəziyyətdən istifadə edərək ABŞ-a səfər edir, Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxardır və Azərbaycandakı diktaturadan danışır. Yəni Azərbaycan hakimiyyətinin antiAvropa siyasətindən istifadə edərək, qondarma Dağlıq Qarabağın varlığını legitimləşdirməklə məşğuldu. Daha dəqiq desək, Ermənistan hazırki vəziyyətdən yararlanaraq, boş qapıya “top” vurur. Bizimkilər isə bütün “oyun” müddətində “simulyasiya” etməklə məşğuldular. Hər dəfə hakim “kart” göstərsə də, bu “simulyasiya” cəhdi davam edir. Avropa Birliyinə “küsdərəcik” deyə-deyə təzə yerə “quyruq göstəririk”.
Bəli, indi də xarici işlər nazirinin Panama səfəri gündəmdədir. Hökumət mətbuatı bu səfəri parlament diplomatiyasının uğuru kimi qiymətləndirir. Səfərin “üst-başından” da görünür ki, əsasən biznes məsələlələri müzakirə olunub. Panamalı nazir bildirib ki, ölkəsində əlverişli investisiya mühiti yaradılıb və Azərbaycan arzuolunan tərəfdaşdı. Ümumiyyətlə, “Panama” deyəndə azərbaycanlıların yaddaşında “ofşorlar” peyda olur. Ona görə də hökumətimizin Panamaya istiqamət almasını “var-dövlətə baş çəkmək” kimi qiymətləndirirlər.
Amma hökumətimiz israr edir ki, Panama ilə əlaqələr çox önəmlidir və Azərbaycana böyük töhfələr verəcək. Görəsən, hökumətimizin “Qarabağ boyda dərdi”nə Panama dərman tapacaq? Almaniya Bundestaqının, Avropa Parlamentinin açıq şəkildə Ermənistanı işğalçı adlandırması hökumətimizin “yanğısını” söndürməyib. Ona görə də məsələni kökündən həll etmək üçün Panamaya üz tutublar. Əsl balans siyasəti budur. Avrasiya Ittifaqı ilə Panama arasında “şpaqat” açaraq, Qarabağı geri qaytaracaqlar. Axır ki, Qarabağın açarı tapıldı. Məlum oldu ki, ərazi bütövlüyümüzün təminatı ofşorlardan keçir. Deyəsən, ofşorlardakı pulları da Qarabağa görə yığıblar.
Ura, Ura, Ura. Panamadakı pulları Rusiyaya verib, Qarabağı geri alacağıq. Həm də bu “alış-veriş”dən sonra bizə “çek” də verəcəklər.
Panama olan yerdə ABŞ, Avropa Birliyi kimə lazımdır? Çalışmalıyıq ki, xarici siyasətimizi bütünlüklə Panamaya yerləşdirək.
Çiynimizə pencək salıb, başımıza panama qoyub, Qarabağa gedəcəyik.
Tamam yadımdan çıxmışdı. Elmar Məmmədyarov deyib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi və Cənubi Amerika dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verilir. Yəni Amerikanın mərkəzi və cənubu yaxşıdır, “Ağ ev” olan tərəflər isə pis.
Qısası, hər tərəfə xəbər salın. Qarabağımızı Panama qaytaracaq. “Lazım” ofşorda gizlənibmiş.