elnurastanbeyli@gmail.com
Builki Nobel mükafatçılarının adları bir-bir açıqlanır, açıqlandıqca da azərbaycanlıların bu ödül barədə ənənəvi tezisləri təzədən fontan vurmağa başlayır. Bunların arasında ən populyarı, əttökəni və düşüyü budur: bəs guya Alfred Nobel öz sərvətinin xeyli hissəsini Bakı nefti hesabına qazanıb deyə gərək Nobel Akademiyasındakılar da bir az kişi olsunlar, bizdən də kiməsə bu mükafatı versinlər.
Əvvəla, siz el-aləmin Alfredinin-malfredinin başını buraxın, öz yapçılarınıza baxın. Onlar illərdir neft buruqlarının üstünə oturublar, qaz vurub qazan doldururlar, sizə isə heç çürük qozu da qıymırlar. Siz öncə gedin yapışın bunların yaxasından, deyin neftdən payımıza düşəni verin, sonra gedib Nobel Akademiyasından mükafat istəyin.
Ikincisi, deyək ki, Nobel Akademiyasındakılar bizdən də kiməsə bu mükafatı vermək istədilər, yaxşı, bəs fikirləşmisinizmi kimə, nəyə görə verəcəklər? “Dolma kimindir” sualının cavabını tapana? Mələyin uçma sürətini hesablayan AMEA işçisinə? Bəlkə “Məşədi Ibad” rəqsi oynayan robot düzəldənlərə?
Səmada yer kürəsi səyyarədir.
Həm də sərnişini olduğumuz
Bir təyyarədir, –
Yoxsa siz istəyirsiniz ki, Nobel mükafatını bu şedevr misraların müəllifi olan xalqsız xalq şairimizə versinlər?
Ayıbdır, vallah, bir şeyi arzulayanda oturub yaxşı-yaxşı fikirləşmək gərəkdir ki, sonra gülməli durumda qalmayasan, çətin suallar qarşısında boynunu bükməyəsən.
Bəli, zaman-zaman Nobel Akademiyasının seçimləri mübahisəli, qüsurlu ola bilir. Amma Nobel mükafatı hər bir halda dünyada elm və ədəbiyyat üzrə ən sayğın ödüldür, indiki şərtlər altında ora hər hansı bir azərbaycanlının iddia etməsi belə gülünc səslənir, kinayə doğurur.
Ölkədə elmin vəziyyəti göz önündədir. Elmlər Akademiyası var, elm isə yoxdur. Alim zənn etdiklərimiz oturub görücü Məlahət haqqında kitab yazır, hansısa ərəb müftisinin ağzı ilə yerin fırlanmadığını iddia edir, Aşuranın xalqın oyanışına ciddi dəstək verə biləcək gün olması barədə basıb-bağlayır, hakimiyyətlə eyni cür düşünməyənləri cəzalandırmaq üçün ölüm hökmünü geri qaytarmağa çağırır və s. və i.
Elmin, alimin bu kökdə olduğu bir ölkədə Nobel mükafatının bizdən birinə verilməsini arzulamaq belə çox iyrəncdir. Boyundan yuxarı tullanmağın da bir həddi olar. Daha bu qədər yox də.
Ədəbiyyat sahəsində isə “Nobel”in adını tutmaq lap hörmətsizlikdir. Vəzifə, pul hesabına gedib hansısa ölkədə kitab nəşr etdirərək, haqlarında tərifli məqalələr yazdıraraq, 25 il ”ədəbiyyat naziri” postuna yapışıb qalaraq, Şərə, yalana xidmət edib özünə, övladlarına komfortlu həyat quraraq, həqiqəti baltalamaqla məşğul olaraq “Nobel” xəyalına düşənlər dünən olduğu kimi bu gün də çox gülməli görünürlər. Əbəs yerə, özlərini aldatmasınlar. Özlərini inandırdıqları yalanı da camaata sırımağa çalışmasınlar. Əmin olsunlar ki, onlarla müqayisədə Telli Borçalının “Qremmi” ödülü, klipçəkən Aqil M.Quliyevin “Oskar” mükafatı alması daha ciddi, real görünür.
Biz isə artıq bir toplum kimi çağdaş dünyadakı yerimizi bilməliyik. Anlamalıyıq ki, modern, mədəni bir ölkə olmadan, bəşəri dəyərləri mənimsəmədən, tərəqqipərvər ideyaları dərk və qəbul etmədən özümüz barədə yüksək, ali fikirlərdə olmağımız ancaq zərər verir, bizi başqalarının gözündə gülməli durumda qoyur.
Bizim ilk vəzifəmiz azad, mütərəqqi dünyanın bir parçasına çevrilmək, dünyəvi elmə və mədəniyyətə qovuşmaq olmalıdır. Yalnız ondan sonra heç bir uğur artıq xəyal, yuxu olmayacaq.
Yoxsa çağdışı idarəetmənin iradəsinə tabe olmaqla, seçki qutusuna topa-topa bülleten doldurmaqla, köləliyi həyat tərzinə çevirməklə, rəiyyət təfəkkürünün girovluğunda çapalamaqla, kitabxanaları kababxanalara qurban verməklə, məktəbi məscidə dəyişməklə, təhsilin, bilginin gücünə deyil, pirlərin, seyid ocaqlarının kəramətinə inanmaqla hansısa “Nobel”ə yox, elə yaptokratların taxta “Tərəqqi” medalına ümid etmək olar.