Böhranlı vəziyyətin yükü vergi ödəyicilərinin çiyninə necə qoyulur?
Uzun müddətdi məhkəmə proseslərinin əsas mövzusunu bank-müştəri çəkişmələri təşkil edir. Kredit borcunu ödəyə bilməyənlər, borca görə əmlakına həbs qoyulanlar məhkəmələrin daimi “qonağı”na çevrilib. Əslində 2.6 milyon vətəndaşın kredit götürdüyü ölkədə belə mənzərənin yaranması təbiidi.
Amma yazımızın mövzusu kredit bəlası ilə bağlı deyil. Deyəcəyimiz budur ki, artıq bank-müştəri çəkişmələri, sahibkar-dövlət çəkişməsinə çevrilib. Belə ki, son dövrlər vergi cinayətlərinin sayı artmağa başlayıb, hər gün bir qurumun vergidən yayındığına görə məsuliyyətə cəlb edildiyi xəbərini eşidirik. Məsələ burasındadır ki, vergi ödəyicilərinə ağır cərimələr tətbiq edilir, əlavə “haqq” qoyulur və nəticədə belə bir mənzərə yaranır. Hökumət illər ərzində oğurlanmış milyardların əvəzini sahibkarların hesabına doldurmaq istəyir. Tendensiya onu göstərir ki, qarşıdakı mərhələdə sahibkar-dövlət “müharibə”si yaranacaq. Daha doğrusu, sahibkarları etiraz dalğası yaratmağa məcbur edirlər.
Təkcə bu ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanıb.
Onu da qeyd etmək lazımdır ki, ən çox vergidən yayınan qurumlar dövlətin ən böyük strukturlarıdır. AZAL-dan tutmuş, “Azərenerji”yə qədər bütün strukturların külli miqdarda vergi borcu var. Amma bu gəlirli sahələrin vergidən yayınmasına göz yumulur, əvəzində orta və xırda sahibkarlar daha da sıxışdırılır.
Vergi ödəyicilərinə qarşı başlanmış bu “ov əməliyyatı”nın acı nəticələri mütləq olacaq. Ilk növbədə xeyli vergi ödəyiciləri sıradan çıxacaq. Yəni sahibkar ağır vergi cərimələrinə tab gətirməyib, obyektin fəaliyyətini dayandıracaq. Ikincisi, kütləvi işsizlik yarancaq ki, bu da sosial fəlakətin siqnalı deməkdir. Üçüncüsü isə ölkədən pul axını baş verəcək. Iş adamları əllərində olan vəsaiti hansısa layihəyə yatırmağa risk etməyəcək və ölkə xaricində “işıq” yeri axtaracaqlar.
Deməli, hakimiyyətin sahibkarlara qarşı apardığı iş, daha ağır nəticələrə xidmət edir. Yəni qaş düzəltdikləri yerdə göz çıxartmaqla məşğuldular. Hansıki, indiki şəraitdə azad sahibkarlığa meydan açmaq, monopoliyaları ləğv etmək lazımdır ki, böhrandan çıxmaq mümkün olsun. Hakimiyyət isə israrla sahibkar üsyanı yaratmağa, bütün problemlərin yükünü vətəndaşın çiyninə qoymağa başlayıb.
Samir