Problemin inzibati yollarla həlli dərman qıtlığına səbəb olub
Tarif Şurasının bəzi dərman pereparatlarının qiymətinin ucuzlaşması barədə qərarı sentyabrın 15-dən artıq qüvvəyə minib. Bu qərar ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsini əhatə edir.
Son günlər bu mövzuda “Azadlıq”a daxil olan məlumatlarda siyahıdakı adı olan dərmanların əksəriyyətinin qiymətində ciddi dəyişiklik olmadığı, həmçinin apteklərdə dərman qıtlığı yaşandığı bildirilir. Məlumatın nə dərəcədə həqiqətə uyğun olub-olmadığını araşdırmaq məqsədilə paytaxtdakı apteklərə baş çəkdik.
“Bayaqdan bir neçə aptekə dəymişəm, dərmanı tapa bilmirəm”
Əvvəlcə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındaki “AVIS” aptekə yaxınlaşdıq. Aptekdə çalışanlar mövzu ilə bağlı suallarımızı cavablandırmaqdan imtina etdilər. Bildirdilər ki, suallara yalnız dərman deposundan cavab verilə bilər.
Amma aptekdə sualımızı eşidən alıcı – Əzizə Əliyeva özü könüllü şəkildə fikirlərini bölüşdü. Bildirdi ki, Tarif Şurasının məlum qərarına əsasən qiyməti ucuzlaşdırılmış dərmanlardan bəzilərinə ehtiyacı olsa da, onları paytaxtdakı bir neçə aptekdə tapa bilməyib: “Bayaqdan bir neçə aptekə dəymişəm, qiymətlərdə heç də azalma yoxdur. Əksinə, qiymətləri aşağı salındığı deyilən dərmanlar tapılmır. Səbəbini də bilən yoxdur. Mən özüm ankoloji xəstəyəm, zobdan əziyyət çəkirəm, dərman axtarmaq isə məni lap yorur. Keçən dəfə birtəhər dərmanı tapdım, qiymətdə qəpik-quruş fərq oldu. Bu isə əziyyətimə də dəymir”.
“Alıcıların sifarişlərini tam təmin edə bilmirik”
Metronun “Nərimanov” stansiyasının yaxınlığında da müxtəlif şirkətlərə məxsus bir neçə aptekə də baş çəkdik. “AVIS” aptekdən məsul əməkdaş bildirdi ki, sentyabrın 15-dən 1057 adda dərman preparatının vahid qiymətilə bağlı siyahı daxil olub. Həmin dərmanlar da yeni qiymətlərlə satılır.
“Amma bizim apteklərdə təxminən 5000 addda dərman preparatı satılır. Qiymətlərində tənzimlənmə olan dərmanlar əsasən, antibiotiklər, allergik preparatlardır”, – deyə aptekin əməkdaşı bildirdi.
Onun sözlərinə görə, ikinci mərhələdə qiymətində dəyişiklik edilən yeni dərman siyahısı isə hələlik onlara verilməyib: “ona görə də həmin dərmanları köhnə qiymətlərlə satırıq”.
Apteklərdə dərman qıtlığı yaşanması barədə məlumatlara gəlincə, aptekin əməkdaşı sualı belə cavablandırdı: “Bəzən elə olur ki, alıcıların sifarişlərini tam təmin edə bilmirik. Belə olan halda, mərkəzi depolara sifariş veririk. Amma elə vaxtlar olur ki, heç depolarda da həmin dərmanlar tapılmır”.
Aptekin əməkdaşı qıt olan dərmanların qiymətləri tənzimlənən preparatlara aid olub-olmadığı barədə suala konkret cavab verməsə də, məlum siyahıdakı dərmanların bir qisminin tapılmadığını təsdiqlədi.
“Bir resept 203 manat tutdu, hələ 3 dərman da çatışmadı”
“Zeytun” apteklərdən birində də satıcı sabit qiymətə satılmalı dərmanların vahid siyahısının onlara verildiyini bildirdi. Aptek əməkdaşının sözlərinə görə, məlum qərardan sonra alıcılarda müəyyən anlaşılmazlıqlar yaranır: “Bizə müraciət edirlər ki, ”bəs deyirdilər dərmanların qiyməti aşağı düşüb, heç fərq yoxdur ki”. Biz onlara məsələnin mahiyyətini izah etməkdə çətinlik çəkirik. Izah etməyə çalışırıq ki, ucuzlaşma bütün dərmanlara aid deyil”.
Həmin vaxt aptekdə olan alıcı Aydın Abbasov mövzu ilə bağlı daha bir məsələyə toxundu: “Mənim qardaşım cərrahiyyə əməliyyatı olunub, özü də dövlət xəstəxanasında. Qanuna görə, orada bütün dərmanlar pulsuz olmalıdır, amma elə resept yazıb veriblər ki, 203 manat pul tutdu, hələ 3 dərman da çatışmadı. Dövlət dərmanın qiymətini 5-10 qəpik aşağı salana qədər, elə bu məsələləri nəzarətə götürsün”.
“Nərimanov” metrosu yaxınlığında əhali arasında məşhur apteklərdən biri olan “Qızılgül” aptekində də bildirdilər ki, ucuzlaşdırılmış dərmanlar siyahısındakı dərmanların bəzən tapılmaması halları olur: “Amma biz dəqiq deyə bilmərik ki, bunun səbəbi nədir”.
Aptekin əməkdaşı onu da qeyd etdi ki, qiyməti ucuzlaşdırılmış dərmanlar siyahısına yeni preparatların əlavə edildiyi barədə məlumat yayılsa da, onlara bu haqda hələlik dəqiq məlumat verilməyib: “Biz yalnız sentyabrın 15-də təqdim olunan siyahıdakı dərmanları göstərilmiş qiymətlərlə satırıq”.
“Biz sağlamlığımızı bu dövlətin yolunda qoymuşuq…”
Məşhur apteklərdən sayılan “Planet”in rəhbəri “dərman sifarişi verdiyini” deyərək, bizi xeyli gözlətsə də, sonradan açıqlama verməkdən imtina etdi.
Həmin aptekdə rastlaşdığımız 65 yaşlı Xavər Xudaverdiyeva isə dərman məsələsilə əlaqədar “Azadlıq” vasitəsilə dövlət başçısına müraciət etmək istədiyini bildirdi: “Mən həm şəkərli diabet xəstəsiyəm, həm də yüksək təzyiqim var, dərmansız yaşaya bilmirəm. Aldığım 180 manat pensiyamın çoxu da dərmanlara gedir. Dedilər ki, prezident dərmanların qiymətini aşağı salıb, amma özünüz də görürsünüz ki, elə ciddi bir fərq yoxdur. Mənim aldığım dərmanların ümumi qiymətində əvvəlki ilə müqayisədə 3-4 manat fərq var. Diabet xəstəsi kimi, pulsuz dərmanlar verilir, amma şəkərim o qədər yüksəkdir ki, həmin dərmanlar bəs eləmir, məcbur qalıb özüm də şəkərə qarşı dərmanlar almalı oluram. Olmazmı ki, bizdə də pulsuz səhiyyə olsun? Axı biz sağlamlığımızı bu dövlətin yolunda qoymuşuq…”
Azad Akifoğlu