Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüsselə rəsmi dövlət səfəri zamanı Türkiyə və Belçikanın təhlükəsizlik xidməti orqanları əməkdaşları arasında əlbəyaxa dava olub.
RTFB telekanalı xəbər verir ki, ən ciddi insident Kral Beynəlxalq Münasibətlər İnstitutunun binasında olub.
Məlumata görə, sonradan əlbəyaxa davaya çevrilən mübahisəyə türk liderinin baş çəkəcəyi ərazilərdə təhlükəsizlik məqsədilə aparılan yoxlamalar səbəb olub.
Ərdoğanın mühafizəçiləri belçikalı xüsusi xidmət agentlərinin “xarici qonaqlar Brüsselə gələndə onların baş çəkəcəyi məkanların təhlükəsizliyini yalnız biz yoxlamalıyıq” tələbinə məhəl qoymayıblar. Belçikalı agentlər isə bunu özlərinə qarşı hörmətsizlik sayıblar.
Bundan sonra əsl dava-dalaş başlayıb. Ərdoğanın mühafizəçilərindən biri belçikalı xüsusi xidmət əməkdaşına dirsəyi ilə zərbə endirib, sonra onu yerə yıxaraq döşəməyə sıxıb. Belçika təhlükəsizlik xidməti baş verən hadisəni “ciddi gərginlik” kimi qiymətləndirib (virtualaz.org).