“Facebook”un qurucusu Mark Sukerberq bildirib ki, sosial şəbəkə peykləri buraxmaq hesabına daha böyük sayda insanın internetə çıxışının təmin edilməsi ilə bağlı iddialı layihənin reallaşdırılmasına başlayır.
İKT.lent.az-ın “3dnews.ru” saytına istinadən xəbərinə görə, M.Sukerberq hesab edir ki, şəhərətrafı rayonlarda internetə çıxışın təmin edilməsi üçün günəş batareyası ilə təchiz olunmuş pilotsuz uçan aparatlardan istifadə etmək mümkündür.
Ucqar ərazilərdə geostasionar peyklərin və yerətrafı aşağı orbitlərin işə cəlb olunması təklif olunur. “Facebook” məhz bu istiqamətdə layihənin reallaşdırılmasına başlayır.
M.Sukerberqin sözlərinə görə, artıq “AMOS-6” peykinin inkişaf etdirilməsinə başlanıb. Bu peyk Qərbi, Şərqi və Cənubi Afrikada veb-keçidi təşkil etməyə imkan verəcək. Sosial şəbəkənin bu məlum təşəbbüsdə tərəfdaşı Fransanın peyk rabitəsi operatoru “Eutelsat” şirkəti çıxış edir. Bu şirkətin əsas iri səhmdarları isə “British Telecom”, “France Telecom” və “Deutsche Telekom”dur.
Bildirilir ki, “AMOS-6” aparatı 2016-cı ildə geostasionar orbitə çıxarılacaq. Bunun sayəsində 14 Afrika ölkəsi internetə çıxış əldə edəcək.
Xatırladaq ki, 2013-cü ildə “Facebook” “Internet.org” layihəsini həyata keçirməyə başlayıb. Bu təşəbbüsün məqsədi Yer planetinin istənilən guşəsində şəbəkəyə çıxış imkanları əldə etmək üçün infrastrukturun yaradılmasıdır. Layihədə “Ericsson”, “MediaTek”, “Nokia”, “Opera”, “Qualcomm” və “Samsung” kimi iri şirkətlər iştirak edir. Ötən ilin yaz aylarında “Facebook” “Connectivity Lab” adlanan ixtisaslaşmış bölmə yaradılıb ki, bu da “Internet.org” layihəsinin iştirakçıları tərəfindən irəli sürülən tapşırıqların yerinə yetirilməsində dəstək olur.