elnurastanbeyli@gmail.com
Təsəvvür edin, el-aləm Marsda su tapır, iPhone 6 düzəldir, yaptokratlar isə “ASAN xidmət”dən hansısa sənədi tez ala bildiyimizə görə boynumuza minnət qoymaqdan, səhər-axşam, gecə-gündüz canına dua oxutmaqdan, zəhmətkeşlərə təşəkkür məktubları yazdırmaqdan yorulmur. Texnologiyanın bu qədər gəlişdiyi, sürət çağı adlandırılan bir zamanda nə böyük, nə möcüzəvi yenilikmiş! Adam xəcalət çəkir.
Əslində bunların xalqa ən ASAN xidmətləri o olardı ki, öz yarıtmaz, çağdışı idarəçilikləri ilə bizim həyatımızı çətinləşdirməkdən, hakimiyyət mərəzindən, taxt-tac ehtirasından artıq əl çəkəydilər, xalqla demokratiya arasında qaratikan kolu kimi bitməkdən vaz keçəydilər, Azərbaycanın da azad, çağdaş, modern, mədəni dünyanın bir parçasına çevrilməsinin önünü açaydılar. Yoxsa 21-ci əsrdə camaata rüşvətsiz, tez arayış verməklə öyünmək, onu analoqsuz icad, ixtira kimi mədh etmək, buna görə xalqa minnət qoymaq absurd və gülməlidir.
Dünyanın mütərəqqi ölkələrində hakimiyyətlərin borcu elə xalqın həyatını asanlaşdırmaqdan, ona xidmət göstərməkdən ibarətdir. Onlar heç buna görə camaatı özlərinə borclu çıxarmağa da çalışmırlar, bunu ağıllarının ucundan da keçirmirlər. Heç camaat da belə adi şeylərə görə öz ömründən kəsib həmin hakimiyyətlərin ömrünə calamağı ağlına gətirmir.
Nə etməli, bu da bizim taleyimizdir ki, başqaları peyvəndi, buxar maşınını, elektriki kəşf edəndə Molla Ibrahimxəlil kimyagərlər bizi əgər meymunu yaddan çıxarsaq, misi gümüşə çevirəcəklərinə, Məstəli şahlar Parisi partlatdıqlarına inandırırdılar. Elə indi də dəyişən bir şey yoxdur: bir yandan əli onu idarə edənlərdən üzülmüş, problemlərdən, qayğılardan heç bir çıxış yolu qalmamış, çarəsizlik girdabına düşmüş, o biri yandan da məqsədli şəkildə cəhalətə, təhsilsizliyə, savadsızlığa yuvarladılmış xalq pirlərdən, seyid ocaqlarından, falçılardan, ələmuçuranlardan, cinçıxaranlardan mədət umur, kömək istəyir. Yeri gəlsə, bizim camaatdan ötrü ən ASAN xidmət bu saat elə bunlardır: pirdir, seyid ocağıdır, ulduz falıdır, görücü Məlahətdir, canım sizə desin, Beşbarmaq dağıdır, Ətağanın cəddidir.
Bayaqdan “ASAN”, “ASAN” yazdım, birdən yadıma düşdü, dünən Milli Məclis “Müflisləşmə və iflas haqqında” qanuna əlavə və dəyişiklikləri təsdiqləyib. Xəbər lentlərində bu haqda oxuduqlarımdan belə məlum olurdu ki, həmin əlavə və dəyişikliklər sayəsində artıq Azərbaycanda müflisləşmə və iflası elan etmə şərtləri kifayət qədər asanlaşdırılıb. Ay səni neftin qiyməti! Ay səni neftin qiyməti! Sən nələrə qadirmişsən. Gör sən ucuzlaşan kimi bunlar necə tələm-təsik ölkədə bankort olmağı asan elədilər. Bilirlər ki, tragikomediya hələ qabaqdadır: ucuz neft Azərbaycanda irəlidə neçə-neçə şirkəti iflic, neçə-neçə iş adamının bankrot edəcək, ona görə də bəri başdan hazırlıq görürlər.
Yeri gəlmişkən, bu Milli Məclis də axır ki, nəyisə asanlaşdırdı. Indiyədək informasiya almaq, sərbəst toplaşmaq imkanlarını çətinləşdirirdilər. Amma sağ olsun, barı bankrotu asanlaşdırdılar. Artıq rahat şəkildə, deyə-gülə bankrot ola bilərsiniz. Partiya və hökumətimiz də sağ olsun ki, xalqımıza bankrot olmaq üçün hər bir şəraiti yaratmışdır.
Bəli, “ASAN xidmət”lə öyünənlər indi öz yanlış, korrupsiya və inhisarçılıq üzərində qurulan iqtisadi siyasətlərinin nəticəsi olaraq bizə ASAN bankrot təklif edirlər. Ki, barı müflisləşəndən sonra çox dağa-daşa düşməyək, əziyyət çəkməyək. Bəh-bəh! Nə böyük mərhəmət! Nə böyük qayğıkeşlik! Nə böyük humanizm!
Humanizm dedim, bir Sovet lətifəsini xatırladım. Icazə versəniz yazımıza da elə həmin lətifə ilə nöqtə qoyardıq.
Beriya Stalinə zəng edir:
– Iosif Vissarionoviç, nə vaxt güllələyək – nahardan əvvəl, yoxsa sonra?
– Mütləq nahardan əvvəl. Naharı isə fəhlələrin uşaqlarına verin…