Şərlənərək həbs olunmuş insanı ləkələyənləri adsız qoymaq olmaz
Həqiqətən də zaman böyük hakimdi və hamıya ədalətli hökm oxuyur. Zaman keçdikcə nə qədər pələngin əslində dovşan olduğu üzə çıxır. Insanların özünə, keçmişinə, əqidəsinə utanmadan xəyanət etdiyini, özünü dünya malına satdığını görürük. Bəli, bu gün ölkəmizdə şeytanı təəccübləndirən iyrəncliklər baş verir.
Kimisi öz həyatını təhlükə altına atıb haqq uğrunda mübarizə aparır, kimisi də mübarizə aparanları ləkələməklə məşğul olur. Bugünlərdə AXCP sədrinin müşaviri Məmməd Ibrahim şərlənərək həbs edildi. Analoqsuz məhkəmə prosesindən sonra, analoqsuz qərar qəbul edildi. Təbii ki, Məmməd Ibrahimin niyə həbs olunduğunu prosesi izləyən hər kəs yaxşı bilir. Hamıdan yaxşı isə medallı jurnalist Rauf Arifoğlu bilir. Amma bütün bunlara baxmayaraq “Yeni Müsavat” Məmməd Ibrahimin həbsində “iz” axtarır. Şərləyənlərdən açıqlama alıb, şərlənənə ləkə yaxmaq siyasəti yürüdürlər. Bir vaxtlar Rauf Arifoğlunu da qondarma ittihamlarla həbs etmişdilər. O zaman Rauf Arifoğlu üzəduranlara, sifarişçilərə üsyan edirdi. Indi isə üzəduranların, sifarişçilərin mirzəsinə çevrilib. Bildiyiniz kimi Məmməd Ibrahim inanclı insandı, ibadət əhlidi. Indi Hacı Raufun “Yeni Müsavat”ında inanclı bir şəxsin ləkələnməsini legitimləşdirirlər.
Görəsən, bu qədər iyrəncliklərdən sonra normal yemək yemək, rahat yatmaq necə mümkün olur? Məmməd Ibrahimin ailəsi kirayədə qalır, gəlir yeri yoxdur və sifarişlə həbs olunub. “Yeni Müsavat” isə hökumətin yarımçıq işini tamamlamaqla məşğuldu. Yəni, “sən həbs elə, mən ləkələyəcəm” sövdələşməsi var.
Biz “Yeni Müsavat”ın yazdıqlarına təəccüblənmirik və bununla Rauf Arifoğlunu utandırmağa çalışmırıq. Çünki, “Yeni Müsavat” uzun illərdi kimə xidmət etdiyini, missiyasının nə olduğunu açıq göstərib. Yəni, heç kimə sirr deyil ki, Rauf Arifoğlu yaxasına medal taxanın maraqlarına oynayır. Ona görə də sifariş gəlsə Məmməd Ibrahimi “erməni”, “vətən xaini” kimi də təqdim edərlər.
Sadəcə olaraq istəyirik ki, bunların adın cəmiyyət versin. Yaxud, o şəxslər ki, kövrək arqumentlərlə “Yeni Müsavat”ı müdafiə edirdilər, Rauf Arifoğlunun hərəkətlərinə loyal yanaşırdılar, indi bu adamın əsl adını söyləsinlər.
Şərlənmiş adamı günahkar göstərmək üçün israr edənlərə nə demək lazımdır, bu adamlar hansı adla çağırılmalıdır?
Indi söz sizindir… Bu “fenomen”ə siz ad verin. “Səs”in, “Yeni Azərbaycan”ın haqqına girməyin. Onlar heç olmasa üzəduranları tapıb danışdırmırlar. Artıq onlar da “Yeni Müsavat”a istinad edirlər.
Yəqin ki, növbəti medal “üzəduranların üzə çıxarılmasındakı xidmətlərinə görə” veriləcək.
Allah şərləyənlərə də, şərə züy tutanlara da lənət eləsin. Amin!
Akif