Üzeyir Cəfərov: «Bu gün həmin texnikanı əldə etməklə müəyyən üstünlüklərə malik olacağıq»
Azərbaycanla Türkiyə arasında əldə olunan razılığa əsasən, qonşu ölkənin TAI şirkətindən 60 “T-129 ATAK” döyüş vertolyotu alınacaq. Müqavilənin ümumi dəyərinin 3 milyard dollar olduğu bildirilir.
Qeyd edək ki, Italiyanın “Agusta Westland” şirkətilə birgə istehsal olunan “T-129 ATAK” döyüş vertolyotları “A-129 Mangusta” döyüş vertolyotlarının prototipidir. Vertolyotların Türkiyədə yerli şərtlərə uyğunlaşdırılmış versiyasının birgə istehsalına dair razılaşma 2007-ci ildə əldə olunub. Ilk sınaq uçuşlarını 2011-ci ildə keçirən vertolyotların hissələrindən təxminən 6200-i Türkiyədə istehsal olunur.
“T-129 ATAK” vertolyotları iki pilotludur və qanadlarının altında Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan 76 “hava-yer” tipli raket daşıyır. O, əlavə yanacaq götürmədən 556 km. uça bilir. Onun kreyser sürəti isə saatda 288 kilometrdir.
“T-129 ATAK” vertolyotlarının Türkiyə silahlı qüvvələri tərəfindən istismara başlamasından sonra onun xarici müştəriləri də meydana çıxıb. “T-129 ATAK” vertolyotlarına maraq göstərən ilk xarici ölkə isə Azərbaycandır.
Anlaşmanın 2013-cü ildə əldə edildiyi bildirilsə də, detalları, vertolyotların nə vaxt təhvil veriləcəyi haqda məlumat yoxdur. Hərçənd, o zaman TAI-nin Azərbaycan ordusu üçün nəzərdə tutulan vertolyotların seriya istehsalına 2013-cü ildə başlayacağı açıqlanmışdı.
Hələlik bu vertolyotların Azərbaycan ordusunun silahlanmasına daxil olması barədə məlumat yoxdur. Bildirilir ki, Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və Iordaniya da TAI-dən bu vertolyotların alınmasına dair danışıqlar aparır.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, sözügedən helikopterlər dünyanın istənilən ölkəsində ən vacib döyüş texnikalarından biridir. Ekspert hesab edir ki, ölkəmizin belə bir texnika əldə etməsi ordunun daha da gücləndirilməsinə gətirib çıxaracaq: “Son variantda həmin silahlardan istifadə edilməsə belə, onları yeni model olduğu üçün istənilən ölkəyə təklif edə bilərik. Bizim hazırda əsas məqsədimiz torpaqlarımızın işğaldan azad edilməsidir. Həmin helikopterlər də bu məqsədlə alınıb. Silahlı qüvvələrin arsenalında olan helikopterlər bir sıra göstəricilərinə görə zərbə helikopterlərindən bir az geri qalır. Ona görə də bu gün həmin texnikanı əldə etməklə müəyyən üstünlüklərə malik olacağıq. Bu da danışıq prosesində, Dağlıq Qarabağ probleminin həllində özünü göstərəcək”.
Nigar