Asif Yusifli: “Qalan məsələlər hamısı bəhanədir…”
Vəkil Fəxrəddin Mehdiyev: “Qarabağ əlilinə təqsiri olmadığı halda, 7 il 6 ay həbs cəzası vermək həm də Qarabağa münasibətin göstəricisidir”
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli bir daha bəyan edib ki, həbsinin əsl səbəbi siyasi fəaliyyəti, sosial şəbəkələrdə və “Zülm bitsin” adlı bloqunda hakimiyyətin ünvanına yazdığı tənqidləridir. O, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə keçirilən məhkəmə prosesində danışıb.
Ötən ilin noyabrından həbsdə olan Asif Yusifli dələduzluq və sənəd saxtakarlığı ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Vəkil Fəxrəddin Mehdiyev hökmdən apellyasiya şikayəti verib.
Məhkəmədə çıxış edən vəkil bir daha hökmün qanunsuz, əsassız və qərəzli olduğunu vurğulayıb. Bildirib ki, Asif Yusiflinin əməlində cinayət tərkibi yoxdur. Ona görə də müvəkkilinə bəraət verilməsini istəyib: “Asif Yusifliyə dələduzluq ittihamı ilə hökm çıxarılıb. Amma onun əməlində dələduzluqdan əsər-əlamət yoxdur. Biz hələ ibtidai istintaq zamanı cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırdıq. Çünki bu, məhkəməyə çıxarılası iş deyildi. Ortada maddi ziyan yoxdur. Vəsatətimiz təmin olunmadı. Bakı Ağır Cinayətlər Məhkəməsində də bu vəsatəti qaldırdıq, yenə təmin olunmadı. Bu iş əvvəldən axıra qədər qərəzli aparılıb.
Bu işdə bəhs olunan hadisə 2009-cu ildə baş verib. Fəridə Zülfüqarovanın övladının təhsil məsələsilə əlaqədar Asif Yusifli ondan 6500 manat alaraq, İqtisad Universitetinin müəllimi olmuş Rafiq Hüseynova verib. Həmin pul da təhsilhaqqı kimi verilib. Məsələnin həlli mümkün olmayanda həm Rafiq Hüseynov, həm də Asif Yusifli Zülfüqarovaya yazılı şəkildə qəbz verib ki, pul qaytarılacaq. Sonradan Rafiq Hüseynov həbs olunub. Asif Yusifli bu pulun 1500 manatını qaytarıb. Sonra Asif Yusifli özü də ağır qəza keçirib və təxminən iki il müalicə olunub. Necə olursa, Zülfüqarovanın şikayəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əlinə keçir və dərhal Asif Yusifli həbs olunur. İstintaq dövründə Asif Yusiflinin yaxınları Zülfüqarovanın pulunu tam ödəyib. Hətta elə bir vəziyyət yaranıb ki, indi Asifin özü zərərçəkmiş durumdadır. Çünki Zülfüqarovadan 6500 alınıb, amma bir neçə dəfəyə olmaqla, ümumilikdə 8100 manat qaytarılıb. Göründüyü kimi, burada Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri yoxdur. Nə aldatma var, nə etibardan sui-istifadə var.
Rafiq Hüseynov özü də məhkəmədə ifadəsində dedi ki, “Asif pulu alıb mənə verib, ona heç bir aidiyyəti olmayıb. Həbs olundum, pulu ödəyə bilmədim. Sağ olsun Asif, o ödədi”.
Zərərçəkmiş Fəridə Zülfüqarova da bildirdi ki, təhsil haqqı kimi verdiyi 6500 manat tam şəkildə geri qaytarılıb. Onun 1500-ünü elə Asif özü qaytarıb. Zülfüqarova eyni zamanda, ibtidai istintaq zamanı notarial şəkildə təsdiqlənmiş ərizə təqdim edərək, şikayətini geri götürdüyünü göstərib. Həmçinin məhkəmədə də Asif Yusifliyə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi.
Sənəd saxtakarlığı ittihamına gəlincə, ekspertiza rəy verib ki, tələbə biletindəki imza Asif Yusifliyə məxsus deyil, Rafiq Hüseynova məxsusdur.
Sadaladıqlarım göstərir ki, Asif Yusiflinin təqsiri yoxdur.
Məsələnin digər tərəfi təyin olunan cəza ilə bağlıdır. Təyin olunmuş cəza baxımından bu hökm indiyə qədər məhkəmə praktikasında görünməmiş presedentdir. Ortada maddi ziyan olmadığı halda, şəxsə 7 il 6 ay həbs cəzası verilməsinə “ədalətsizlik” deməyə də adamın dili gəlmir. Çünki “ədalətsizlik” sözü bu cür münasibəti tam ehtiva eləmir. Cəzanın məqsədi sosial ədalətin bərpası olmalıdır, kiməsə işgəncə vermək yox. Mövcud olmayan ziyana görə Qarabağ əlilinə 7 il 6 ay həbs cəzası vermək həm də Qarabağa münasibətin göstəricisidir.
Asif Yusiflinin bir qızı ağır xəstəliyə tutulub, ailəsi maddi baxımdan çox çətin vəziyyətdədir. Belə bir ailəni başsız qoymaq, yeganə qazanc gətirəni heç bir ziyan olmadığı halda, 7 il 6 ay azadlıqdan məhrum etmək məhkəmə sistemi üçün qara ləkədir, Konstitusiyaya hörmətsizlikdir. Xahiş edirəm, bu ləkəni təmizləyin”.
“I qrup deyib, II qrup yazdılar…”
Asif Yusifli də çıxışında həbsinin siyasi motivli olduğunu vurğulayıb. O, çıxışında Qarabağ əlili kimi məruz qaldığı ədalətsizliklərdən də danışıb: “Mənim həbsim sırf siyasi fəaliyyətimlə bağlıdır. Mən sosial şəbəkələrdə, “Zülm bitsin” adlı bloqumda dövlət başçısı İlham Əliyev də daxil olmaqla, hökuməti tənqid edirdim. Elə buna görə cəzalandırıldım. Qalan məsələlər hamısı bəhanədir.
Cinayət baş versəydi belə, bu, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılası iş deyildi. Bu idarə milyonluq işlərə baxır. Həbsimdən 10 gün əvvəl ağır əməliyyat keçirmişdim, yaram sağalmamışdı, tikişlər sökülməmişdi. Bunu 5-10 gün sonra eləmək olmazdı?
Həbsimdən sonra uzun müddət təqaüdüm kəsildi. Evdəkilər 4 ayın təqaüdünü ala bilmədi. Nəhayət, 4 aydan sonra təkrar həkim komissiyasından keçdim. Əvvəl I qrup əlil idim. Komissiyanın həkimi də dedi ki, I qrup veriləcək. Amma sonradan sənədi alanda məlum oldu ki, II qrup yazılıb. Həkim deyir ki, mən I qrup yazmışdım, yəqin kompüterdə səhv düşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyinin haqsızlıqlarından çox yazmışdım, özüm də qarşılaşdım. Mən ev növbəsində 6-cı olduğum halda, 28-ci sıraya keçirdilər. Sağlam adamlara avtomobil paylayırdılar, Qarabağ əlilləri qalırdı…”
Bu məqamda hakim Asif Yusiflinin çıxışını yarımçıq kəsib.
“Təhsil Nazirliyində qarderobda işləyən ali məktəbə tələbə qəbul elətdirirsə…”
Asif Yusifli ilə birlikdə mühakimə olunan Rafiq Hüseynov da çıxış edib. O, apellyasiya şikayətində göstərdiyi kimi, məhkəmədə də hakimdən cəzasının azaldılmasını istəyib.
Qeyd edək ki, Rafiq Hüseynov bundan əvvəl iki dəfə məhkum olunub. Sonuncu dəfə Asif Yusifli ilə birlikdə mühakimə olunarkən əvvəlki cəzaları da toplanmaqla, ona qəti olaraq, 12 il 6 ay həbs cəzası verilib.
Rafiq Hüseynov çıxış edərkən hakim Faiq Qasımovun ona bir neçə sualı olub.
– Asif Yusifli handan bilirdi ki, siz tələbə qəbulu ilə bağlı iş görürsüz. Əvvəl belə bir iş görmüşdünüzmü? Yəni, nümunə var idimi? Hecə oldu ki, bu iş üçün sizə müraciət etdi.
– Asif Yusiflini tələbə olandan tanıyıram. Söhbət əsnasında demişdim ki, mən bacararam.
– Siz Təhsil Nazirliyində, yaxud Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyirdiniz ki, bunu bacarasız?
– Təhsil Nazirliyində qarderobda işləyən qadın bunu bacırırsa, deməli, mən də bacarardım.
Məhkəmə prosesi oktyabrın 9-da davam edəcək. Növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.