elnurastanbeyli@gmail.com
Dünən Azərbaycanda Müəllimlər günü qeyd olunurdu. Açığı, bu məndə ilk növbədə qəzəb və hiddət doğurdu. Biz niyə 5 oktyabrı Müəllimlər günü kimi qeyd etməliyik axı? 5 oktyabrdan bizə nə?
Bu günün tarixçəsi 1966-cı ildən başlayır, həmin il oktyabrın 5-də YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyənləşdirən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb, 1994-cü ildən isə həmin tarix Beynəlxalq Müəllimlər günü kimi təsis edilib.
Yaxşı, indi bizə yaraşarmı başqalarının təsis etdiyi bayramı qeyd edək? Bəs bizim milli-mənəvi dəyərlərimiz necə olsun? Axı bizim öz yolumuz var, elə isə niyə öz Müəllimlər günümüz olmasın?
Bəlkə belə bir ironiya Azərbaycanda təhsilin, məktəbin, müəllimin bugünkü acınacaqlı durumunda yersiz görünür. Amma nə etməli, bəzən insan təəssüfünü, əsəbini ifadə etməkdə çətinlik çəkir.
Bilənlər bilir, bilməyənlər də heç bilməsə yaxşıdır: noyabrın 1-də şanlı ölkəmizdə deputatlıq seçkisi keçiriləcək. Deməli, məntiqlə bu il bizdə Müəllimlər günü də həmin tarixə təsadüf edir. Bəs necə, nə vaxt seçki, onda da Müəllimlər günü.
Müəllimlər Azərbaycanda seçkinin gülüdürlər, bülbülüdürlər. Müəllimi seçkisiz, seçkini müəllimsiz təsəvvür etmək mümkün deyil. Onların hər belə saxtakarlıq aksiyasında göstərdikləri mətanət, məharət, bacarıq, fədakarlıq alqışa layiqdir.
Əlbəttə, istisnalar var, amma bu qaydanı dəyişmir. Təəssüf ki, YAP rejimi müəllim kimi müqəddəs bir adı seçki saxtakarlığının, fondpulunun, süpürgəpulunun, 8 martpulunun, pərdəpulunun sinoniminə çevirdi.
Soruşa bilərsiniz ki, bəs ölkəmizdə seçki olmayan Müəllimlər günü nə vaxt qeyd edilməlidir? Bunun da cavabı çox sadədir: məsələn, 2013-cü ildəki prezident seçkisinin qəhrəmanı, Bakının hansısa məktəbinin idman müəllimi Əfruz xalanın doğum gününü Müəllimlər günü kimi qeyd etməyin nəyi pisdir?
Indi bəlkə bu yazdıqlarıma görə qəlbən qırılanlar, inciyənlər olacaq. Kimsə irad tutacaq ki, müəllim adı ətrafında belə ümumiləşdirmələr doğru deyil-filan. Yuxarıda da yazdıq – istisnalar əlbəttə var, amma bu qaydanı dəyişməyə kifayət deyil.
Azərbaycanda müəllim sözü əvvəlki cəlbediciliyini, müqəddəsliyini, sayğınlığını tamamilə itirib. Indi bir zamanlar hər birimizin əzbər bildiyimiz, sevə-sevə, ürəkdən söylədiyimiz “Ey hörmətli müəllim…” sözləri ilə başlayan məşhur şeir də necə arxaik, əlçatmaz səslənir! Bir xalq üçün bundan ağır, dəhşətli, faciəvi nə ola bilər?!
Azərbaycanın indiki duruma salınmasında şübhəsiz, toplumun hər bir təbəqəsi iştirak edib. Amma ən ağrılısı bu hüquqsuz, ədalətsiz, anti-demokratik vəziyyətin yaranmasında müəllimin iştirakıdır, həm də cani-dildən, könüldən iştirakıdır. Özü də vur-tut 150-200 manatlıq maaş qarşılığında!
Seçki saxtakarlığında baş rola üstlənməyi bir kənara qoyaq. Məktəbdə uşaqlara “şəxsiyyətə pərəstiş” dərsləri keçmək, müxtəlif adlar altında uşaqlardan pul yığmaqla onlara rüşvəti dadızdırmaq, onları rüşvətə öyrəşdirmək məsələnin daha qorxunc, daha təhlükəli tərəfidir.
Halbuki bizim yeganə xilasımız onlar olmalıdırlar. Onlar – müəllimlər. Onlar hər bir şagirdi irəligörüşlü, açıq fikirli, cəsarətli, əxlaqlı və ləyaqətli böyütməyə çalışmalıdırlar. Yalnız bu yolla biz toplum olaraq işıqlı, azad gələcəyə daha böyük ümidlə baxa bilərik. Yalnız məktəbin, müəllimin sayəsində Azərbaycan toplumundakı bütün pisliklərin, iyrəncliklərin kökü kəsilə bilər.
Amma biz bunun əvəzində nəyin şahidi oluruq? Məktəbə artıq bilik məbədi kimi deyil, rüşvət ocağı kimi baxıldığının! Müəllimin ən haqsız, ədalətsiz işlərə alət edildiyinin!
Bu artıq sözün bitdiyi yerdir. Bu artıq uçurumun bir addımlığı da deyil, bu artıq uçurumun dərin, qaranlıq dibi deməkdir.
Təəssüf. Çox təəssüf.