Dərd o qədər çoxdur ki, birini yazırsan yüz biri tökülüb qalır. Sıra o yerdə qalanlara gəlincə də yeni problemlər çıxıb üst-üstə yığılır və başını qaldırıb baxırsan ki, həmin böyük qalaq gəlib burnunun ucuna dirənib. Bu şərtlərdə insanın zövqünü oxşayan şeylərdən yazmağa zamanımı qalar? Arada köhnə dost-tanışlar sənət, mədəniyyət və ədəbiyyat mövzusunda az yazdığımızdan gileylənir. Onların iradlarına haqq qazandırıram. Çünki illər öncə mədəniyyət şöbəsində qazandığım təcrübədən bilirəm ki, indi o aləmdən nə qədər uzaq düşmüşük. Dərd ondadır ki, uzaq düşən təkcə biz də deyilik. Bütün ölkə elə bir girdaba soxulub ki, insanlarımızın 90%-i artıq kino, teatr, musiqi, şeir dünyası haqqında keçmiş xatirələri kimi danışır. Zamanında məxsusi sənət və səs dünyası olan Bakı indi susdurulmuş, solğun və üzgün bir boz məkanı xatırladır. Sizi bilmirəm, mən tələbəlik illərində qalan o mühitin dərin xiffətini çəkirəm…
Xülasə, deyilən iradları nəzərə alıb, bir az da sənət aləmində baş verənlərə göz gəzdirmək istədim. Əslində, davamlı olmasa da, bu məsələlərlə bağlı ara-sıra yazıram. Xatırlayırsınızsa, ötən yazılarda bir neçə dəfə kinomuzun durğun halına toxunmuşdum. Ölkədə illərdir film çəkilişi yox dərəcəsindədir, bu, bilirsiniz, nə deməkdir? Bu o deməkdir ki, bir ölkədə sənət dəyərləri yaradan insanlar sıradan çıxarılıb, pul və sərvət toplayan acgözlər yuxarı başa keçib. Indi bütün bu sular elə o yuxarı başdan bulanır. Illərlə ölkənin gəlir fondlarından böyük pullar axıb keçir, amma ondan kino aləminə pay düşmür. Ondan bircə dəyərli film çəkməyə belə büdcə ayrılmır. Səbəbini bilirsiniz, qıymazlıq o pulların əhalinin rifah halına və ya ölkənin taleyüklü başqa problemlərinə xərclənməsi ilə bağlı deyil. Səbəb həmin vəsaitlərin plansız, insafsız və acımasız şəkildə mənasız layihələrə sovrulmasıdır. Həm də heç bir şəffaflıq, açıqlıq hesabatları olmadan. Dərd təkcə kinoya aid olsaydı, nə vardı ki. Elə özünüz bir göz gəzdirib başqa sənət sahələrinin durğunluq halına baxın. Hər yerdə bənzər sükut yaşanmırmı, sizcə? Sovet zamanında opera və balet yazarları məkanı sayılan ölkəmizdə on illərdir bu nümunələr yaranmır… On illərdir teatrın repertuarına Azərbaycan bəstəkarlarının yeni əsəri çıxmayıb… Bu ölkədə istedadlar tükənib bitdimi, düşünürsünüz? Xeyr, səbəblər xeyli dərindir. Ürəkdən acıyacaq və ağlayacaq qədər dərin…
Biganəlikdən, saymazlıqdan, görməzlikdən ölkədə sənət ocaqları sönür. O ocaqlar söndükcə də, ocağın başına toplanan insanlar dağılıb gedir. Ayağı yer tutan uzaq sərhədlərə çıxıb başının çarəsinə baxmağa çalışır. Burda qalanlar da imkansızlıqdan, boşluqdan, pessimistlikdən öz-özünə sönüb gedir. Barmaqla sayılacaq istisnalar var, bəlkə, amma onların bu qədər məhdud dairədə əli hara çatar, ünü hara yetər… Bütün bunlar nədən baş verir və baş verənlər düşünülmüş plandımı? Mənə sual edən olsa, “bəli” deyərdim. Çünki bunun başqa izahı ola bilməz. Bu qədər düşmənçiliyin, yağılığın, laqeydliyin özgə izahı nədir ki, siz bilən? Görünən odur ki, ölkədə nə üzərində dövlətin adını daşıyan, nə də müstəqil yaradıcı qurumların gününə ağlayan yoxdur. Onlar illərdir kimsəyə gərəksiz kimi depressiya burulğanında çapalayıb durur. Ölkədə film sənəti adına real iş sayıla biləcək son hadisə keçən ildən yadımda qalıb. O zaman Rusiya-Azərbaycan layihəsi olan 15 dəqiqəlik bədii film Kann kinofestivalında iştirak etmək üçün seçilmiş 9 kinofilmdən biri olmuşdu. “Sonuncu” adlı həmin qısametrajlı film deyəsən, elə o vaxtdan bəri kinomuzda sonuncu uğurdur. Nə yazıq ki, baxsaq başqa sənət sahələrində də bənzər mənzərədir. Ürəkağrıdan mənzərə…