xanbahadir@mail.ru
BMT Azərbaycan prezidentinə ödül verib. Buna sevinmək olardı… ödül gerçəkliklə uzlaşıb özünü doğrultsaydı!
Ödülün adlandırılması belədir: Güney – Güney ödülü. Ödül BMT-nin hesabatlarına uyğun olaraq kənd təsərüfatı, ərzaq güvənliyi, Minilliyin gəlişmə amaclarında köklü irəliləyişlər əldə etmiş ölkələrə verilir. Azərbaycan 2015-ci ildə sözügedən ödülə dəyər ölkə olub. Xarici işlər nazirliyindən verilən açıqlamaya görə, “əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin şəxsi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin Inkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub”. Bir sıra satılmış qəzetlər bu ödülün bizə çoxlu üstünlük qazandıracağını yazırlar. Soruşmaq gərəkir: ölkə gerçəkliyi ilə uyuşmayan, bu üzdən də açıq-aydın korrupsiya axarında əldə edilən bir ödül ölkəyə hansı üstünlüklər qazandıra bilər?
Bəlli olduğu kimi, I.Əliyev Azərbaycanda bu ili “Kənd təsərüfatı ili” adlandırmışdı. Azərbaycanda bu il kənd təsərüfatını qabaqkı illərdən qat-qat artıq BATIRMA ili oldu. Aqrar alan üzrə uzman Vahid Məhərrəmov bu yöndə indiyədək ortaya bir çox faktlar qoyduğundan, özüm də bir neçə uyğun yazı yazdığımdan dərinə getmədən iki fakta toxunacam. 1) hər il əkinçilərə 50 manat “subsidiya” (pul yardımı) verilirdi, bu il dövlətin yoxsullaşması üzündən “subsidiya” 25 manata endirildi; 2) prezident başda olmaqla oliqarxiyanın əlində olan pambıq zavodları hər il pambığı əkinçidən çox ucuz qiymətə – 41 qəpiyə alırdı. I.Əliyev bu il pambığın 36 qəpiyə alınmasına göstəriş verdi. Sözsüz, bütün bunlar daha çox Avropa oyunları ilə bağlı böyük itkilərin yerini doldurmaq üçündür. Başqa bir yandan, neftin ucuzlaşması ilə bağlı yaranan itkilərin ödüncü üçün.
Ödülün verilməsi ilə bağlı “sosial rifah” faktoru. Azərbaycan ərzaq satan ölkə deyil, ərzaq alan ölkədir. Üstəlik, fakta baxın: “ölkəyə xaricdən yumurta gətirənlər onun bütün xərclərini ödədikdən sonra 418 faiz, toyuq əti gətirənlər 276 faiz, düyü gətirənlər 253 faiz, sabun gətirənlər 234 faiz, pendir gətirənlər 196 faiz, mal əti gətirənlər 159 faiz, çay gətirənlər 142 faiz, yuyucu toz gətirənlər 121 faiz, kərə yağı gətirənlər 103 faiz, makaron gətirənlər 97 faiz, şəkər gətirənlər 2 qat bahasına satırlar”. Bütün bunlarsa korrusiya – monopoliya Faktorunun Dövlət Siyasətinə Dönüşməsi üzündən baş verir. V.Məhərrəmov bildirir: “Azərbaycanın ərzaq mallarına, kənd təsərüfatı məhsullarına olan təlabatı idxaldan asılı vəziyətdə qalıb”. V.Məhərrəmovun kənd təsərüfatımızın durumu ilə bağlı dəyərləndirməsi: “Reallıqda bu sahədə durum olduqca pisdir. Istehsal kəskin azalıb. Bununla birgə xalqın alıcılığı da azalıb. Sonuc isə belədir: hökumətin apardığı aqrar siyasət fiaskoya uğrayıb”.
“Həyata keçirilən dövlət proqramı”. Bəlli olduğu kimi, bu proqramın adı beləydi: “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”. Bildirildiyinə görə, proqramın gerçəkləşdirilməsi üçün 51 milyard pul ayrılıb. Faktiki olaraq bu 51 milyard pul oğurlanıb-mənimsənib, göyə sovrulub! Bu 51 milyardın regionlarda gerçəkləşdirilməsinin ikicə faktı var: H.Əliyev parkları, H.Əliyev muzeyləri. Bunlarsa nə kənd təsərüfatı göstəriciləri sayıla bilər, nə də SOSIAL RIFAH göstəriciləri!
“Savadsızlığın minimuma endirilməsinə” gəlincə, ölkədə abituriyentlərin yüzdə 67, 7-si 200-dən az bal toplayırsa, öyrəncilərin az qala yüzdə 90-nı ana dilindən “2″ alırsa, ”savadsızlığın minimuma endirilməsi” necə olur? Satışın yüzdə 87-sinin neft-qazla bağlı olduğu ölkə BMT-nin indiki ödülünü yalnız… neft-qazla ala bilər!