Rüşvətin kökünü kəsmək niyə mümkün olmur?
Ötən həftə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ANS TV-də “Hesabat”ın qonağı olub və bir çox suallara aydınlıq gətirib. Nazir rüşvət və korrupsiya ilə mübarizəyə də toxunub: “Söhbət nədən gedir? Bir var rüşvət, bir də var korrupsiya. Bunlar ayrı-ayrı şeylərdir. Rüşvət o adamların yerində elədikləridir. Korrupsiya o zaman olardı ki, burda bir sistem yaradılardı və başdan idarə olunardı. Bu olacaq korrupsiya. Yəni mən korrupsiyanı dağıda bilərəm. Amma rüşvəti dağıda bilmirəm. Söhbət bundan gedir, rüşvəti dağıtmaq üçün sistemin avtomatlaşdırılması həyata keçirilməlidir. Bunun başqa yolu yoxdur. Kontakt ortadan qalxmalıdır”- deyə Səlim Müslümov bildirib.
Əvvəla qeyd edək ki, korrupsiya şəbəkəsinin olmadığı yerdə rüşvət ayaq tutub yeriyə bilməz. Müəllimlər pulu yığıb direktora, həkimlər baş həkimə, polislər rəisə verirsə, onlar da öz növbələrində daha yuxarılara çatdırırsa, deməli, ümumi kassa var. Heç kimə sirr deyil ki, bu ölkədə hamı “haqq” verir. Həkimin neçə əməliyyat etməsi də, yol polisinin neçə cərimə yazması da, müəllimin imtahanda neçə nəfərdən pul alması da “hesab-kitab”dan keçir.
Əgər bu ölkədə korrupsiya şəbəkəsi olmasaydı, rüşvətxorluq yüksək səviyyədə himayə edilməsəydi, iri məmurlar milyarderə çevrilməz, şirkətlərə, bahalı avtomobillərə, villalara sahib ola bilməzdi.
Ikincisi, nazirin bu etirafı rüşvətxorluqla mübarizənin nazir səviyyəsini aşdığının göstəricisidir. Necə olur ki, Gürcüstanda bunun qarşısını almaq olur, amma Azərbaycanda bu mümkünsüz işə çevrilib? Əgər iradə olsa, ən yüksək səviyyədə rüşvət qadağan edilsə, hansı sıravi dövlət işçisi rüşvət ala bilər? Bir müddət əvvəl hökumət korrupsiya və rüşvətə qarşı mübarizə görüntüsü yaratdı. Həmin 2-3 ay müddətində müəllimlər tələbədən pul almırdı, həkimin cibinə pul salmaq mümkün deyildi və s. Necə oldu ki, bu 2-3 aylıq “pəhriz” davam etdirilmədi?
Demək istəyirik ki, hakimiyyətin həqiqətən rüşvət və korrupsiyaya qarşı real mübarizə aparmaq fikri olsa, heç kim ünvanlı sosial yardımın 6 ayını vətəndaşdan oğurlaya bilməz. Digər tərəfdən, müəllimin, həkimin, elmi işçinin rüşvət almasının əsas səbəbi də hakimiyyətin siyasətindən qaynaqlanır. 150-200 manat əmək haqqı alan dövlət işçisi, rüşvətə doğru yönləndirilir. Ölkəyə milyardlarla pul daxil olub, bir qrup şəxs milyarderə çevrilib və aşağılar hələ də dilənçi maaşı alır. Əgər müəllim, həkim, mühəndis normal əmək haqqı alsa, heç vaxt əyri yollara meyl etməz.
Nazirin “rüşvəti dağıda bilmərəm” etirafı həm də onu sübuta yetirir ki, hakimiyyətin “korrupsiya ilə mübarizə” təbliğatı şoudur. Məqsəd kökü kəsmək deyil, xırda budaqları budamaqdır. Bu bəla ölkəni elə bürüyüb ki, şəxslərin cəhd göstərməsi əbəsdir.
Amma dünya təcrübəsi də göstərir ki, ən kriminal, korrupsiyalaşmış sistemlərdə də şəffaflıq yaratmaq mümkündür. Bunun üçün başda oturanların korrupsiyaya başçılıq etməməsi lazımdır.
Samir