Hər rus döyüşçüyə görə 5 min dollar vəd edildi
ABŞ dövlət katibi Con Kerridən sonra Suriya lideri Bəşər Əsədlə bağlı növbəti nikbin bəyanat Britaniya baş naziri Filip Hammonddan gəlib. Hammond bildirib ki, Əsəd hələ bir neçə il hakimiyyətdə qala bilər: “Əgər bu, Suriyadakı vətəndaş müharibəsinə son qoyarsa, Bəşər Əsəd hələ bir neçə il öz postunda qala bilər. Savaşın bitməsinin müqabilində Əsədin hakimiyyətdə qalması məni narahat edirmi? Məncə, yox”.
Lakin baş nazir bildirib ki, Britaniya hökumətində Əsədin Suriyanın gələcək siyasi tarixində yer almayacağı, onun növbəti prezident seçkilərinə namizədliyini irəli sürməyəcəyi ilə bağlı əminlik olmalıdır.
“Rusiyanı gözardı edə bilmərik”
Hammond onu da bildirib ki, hazırkı şərtlər daxilində Suriyada demokratik seçki keçirmək mümkün deyil: “250 min insanın öldürüldüyü, 12 milyon insanın qaçqın düşdüyü bir ölkədə azad və ədalətli seçkidən necə danışmaq olar?”.
Baş nazir əlavə edib ki, hələlik Suriyadakı hakimiyyətin aqibəti ilə bağlı Qərblə Rusiya və Iran arasında konkret anlaşma əldə olunmayıb: “Hesab edirəm ki, Moskvanın əvvəlki kimi Yaxın Şərqdə böyük rolu var. Və Britaniya Suriya ilə bağlı danışıqlarda Rusiyanı gözardı edə bilməz”.
Xatırladaq ki, bir neçə gün əvvəl Con Kerri Əsədin indiki məqamda hakimiyyətdən getməsini istəmədiklərini bildirmişdi. Onun sözlərinə görə, Suriya lideri hakimiyyətdən tədricən getməlidir. Əks halda bu, Suriya cəmiyyətində “partlayışla” nəticələnə bilər.
Əsəd özü isə son müsahibələrinin birində bəyan edib ki, gedişi Suriyadakı qanlı böhranını həllinə gətirərsə, istefa verməyə hazırdır. Lakin Əsəd onu da bildirib ki, bu məsələ istənilən halda Suriya xalqının iradəsi ilə həll olunmalıdır.
Suriya müxalifəti hərəkətə keçdi
Rusiya təyyarələrinin Suriyada hava əməliyyatlarını davam etdirdiyi bir vaxtda qarşı tərəf də yeni cəbhədən hərəkətə keçib. Suriya müxalifəti Rusiya-Iran işğalına qarşı Regional Koalisiya yaratmağa qərar verib. Artıq bununla bağlı müraciəti 41 qruplaşma imzalayıb. “Əxrar əl-Şam” qruplaşmasının adından yayılan müraciətdə deyilir ki, Suriyadakı hazırkı durum region ölkələrindən və müttəfiqlərdən Rusiya-Iran ittifaqına qarşı regional alyans yaratmağı zəruri edir: “Rusiya bundan əvvəlki savaşlarında istifadə etdiyi taktikanı işə salaraq dinc əhalini bombardman edir”.
“Reuters”in məlumatına görə, müraciəti “Əl-Qaidə”nin Suriyadakı qolu olan olan “Ən-Nüsra Cəbhəsi” imzalamayıb. Imza atanlara gəlincə, onların əksəriyyəti Azad Suriya Ordusunu təmsil edir.
Sənəddə bu ittifaqa kimin qoşulmalı olduğu barədə heç nə deyilmir. Lakin “Reuters” qeyd edir ki, müxaliflərin rəsmi Dəməşqə qarşı mübarizəsini Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər dəstəkləyir.
“Ən-Nüsra Cəbhəsi” ittifaq təşəbbüsünə dəstək verməsə də, Suriyada əsir götürülən hər rus əsgərinə görə Suriya pulu ilə 1 milyon (5300 dollar) pul mükafatı vəd edib: “Qəhrman qardaşlar və mücahidlər. Hər rus əsgərinə görə 1 milyon vəd edirik”.
Səudiyyə Ərəbistanının 53 din xadimi isə ərəb ölkələrini Rusiya, Iran və Suriya hakimiyyətinə qarşı cihadı dəstəkləməyə çağırıb. “Reuters”in məlumatına görə, din xadimlərinin müraciətində Suriyadakı əməliyyat sovet qoşunlarının Əfqanıstana soxulması ilə müqayisə edilib.
Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələri Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarını dəstəkləyir. Eyni zamanda Səudiyyə aviasiyası IŞID-ə qarşı mübarizədə iştirak edir. IŞID-i dəstəkləyən hər kəsi bu ölkədə uzun müddətli həbs gözləyir.
Gültəkin