Nə qədər intihar xəbəri, kreditə görə özünü yandırmaq, asmaq xəbəri eşitmək olar? Axır ki, bir şad xəbər eşitdik. Dünən İlham Əliyev şəxsən Qolf klubunun açılışını etdi. 65 hektarlıq qolf sahəsi düzəldiblər. Üstəlik, Qolf klubumuz, Qolf Akademiyamız da olacaq. Dünyanın hər yerindən varlı adamlar Bakıya qolf oynamağa gələcək. Avropa paxıllıqdan partlamasın, nə etsin? Amma bu Qolf klubu “Xəyal Adası” adlandırdıqları milyonçular məhəlləsinin yalnız bir hissəsi olacaq.
Oliqarxlarımıza, zəngin məmurlarımıza “dövlət dəstəyi” davam edir. “Xəyal Adası”nda “Azərsun Holdinq” tərəfindən həmin zənginlərə satılmaq üçün 2100 bahalı mənzil, əlavə də fərqli ölçü və konseptlərdə 300 villa inşa olunur. İndi iş adamları həmin villalara “Azərsun Holdinq”in təyin etdiyi qiyməti ödəməklə, “bandotdel”in ağrı-acısını “Xəyal Adası”nda canlarından çıxaracaqlar.
Görürsünüz, hökumətimiz necə qayğıkeşdir? Bir neçə ay bundan əvvəl “Azərsun Holdinq” xalqa satdığı ərzaq məhsullarının qiymətini qaldıranda hamınız etiraz edirdiniz ki, niyə qaldırırlar qiymətləri, xalqın gününü görmürlərmi? İndi gördünüz ki, adamlar nə qədər vacib layihələr həyata keçirirlər? Sizə qalsa, deyəcəkdiniz ki, təki ərzaq məhsulları 20-30 faiz ucuz olsun. Onu heç fikirləşməyəcəkdiniz ki, siz ucuz ərzaq alasınız deyə, dünyanın zənginlərini Bakıya qolf oynamağa gəlməkdən, öz “milli” zənginlərimizi “Xəyal Adası”nda yaşamaqdan məhrum etmək olmaz. Yaxşı ki, belə-belə dövlətçilik məsələlərini hökumətimiz vaxtında fikirləşir.
Hə, indi gördünüz ki, bu milyardları toplamaq, holdinqlər qurmaq, “Xəyal Adası” tikmək, dünya zənginləri üçün qolf meydançası yaratmaq hansı əziyyətlər bahasına başa gəlir onlara? Pul çölə tökülməyib ki, gedib yığışdıralar. Görün milyonlarla adamın aldığı hər ərzaq məhsulunun üzərinə qəpik-quruş əlavə etməklə, hər birinizdən hər gün manat-manat toplayaraq adamlar nələr tikirlər.