Yaxud, Əli Kərimlini də həbs edin
İlham Hüseyn
Təbii ki, hər bir insanın içində qorxu hissi var və insan çətinliklərdən, işgəncələrdən, məhrumiyyətlərdən uzaq qalmaq istəyir. Məsələn, heç kim həbs olunmaq, zindan həyatı yaşamaq, dörd divarın girovluğunda yaşamaq istəməz. Məhz buna görə də avtoritar rejimlər əsas silah kimi həbslərdən yararlanır.
Beləliklə, cəmiyyətdə qorxu mühiti yaranır və hamı başının milçəyini qorumağa çalışır. Amma bu “ənənə” “milçək”dən çox-çox böyük olan “əjdaha”lar ortaya çıxana qədər qüvvədə qalır. Bəli, “əjdaha” boyda problemlər meydana çıxanda, “milçək” boyda problemlər adiləşir. Cəmiyyətdə intihar bolluğu yaşanır və insanlar çox asanlıqla özünə əl qaldıra bilir. Özünə əl qaldıra bilən adamı isə, həbslə qorxutmaq olmaz. Bunları ona görə yazıram ki, nəinki uzun illər mübarizə aparan siyasilər üçün, sıravi vətəndaşlar üçün də həbslər “əjdaha” ola bilmir.
Qayıdaq, hakimiyyətə qarşı mübarizə aparan müxalif qüvvələrin taleyinə. Bu gün hakimiyyət bütün arsenalı ilə “AXCP qalası”nı fəth etmək istəyir. 20 ildən artıqdır ki, cəbhəçilər zindanların qonağıdır. Artıq hansısa cəbhəçinin həbs olunması yox, cəbhəçi həbslərinin seyrəlməsi təəccüb doğurur. Hər bir cəbhəçi hansı yolda olduğunu və onu nələrin gözlədiyini yaxşı bilir. Amma hakimiyyət bu aksiomanı anlaya bilmir.
Hakimiyyətin taktikası effekt versəydi, siyasi məhbusların birinci seriyasından sonra mübarizə meydanında olanlar “ağ bayraq” qaldırmalı idi. Yaxud hüquq müdafiəçilərinin, jurnalistlərin qondarma ittihamlarla həbs olunması digərlərinə “siqnal” olmalıydı. Bu gün AXCP-nin 7 üzvü həbsdədir, rəhbərlikdə təmsil olunmuş bir neçə nəfər səngərini dəyişib, insanlar yaxınları ilə şantaj olunur və s. Amma AXCP-nin sonuncu qurultayı da göstərdi ki, həbslər nəinki prosesi yavaşlatmır, əksinə, prosesə yeni simaların qoşulmasını təmin edir. Məsələn, ötən il Əmircan qəsəbəsində AXCP-nin yaranmasının 25 illiyi qeyd olundu. Görüntülərdən də aydın olur ki, qurultay tədbiri daha möhtəşəm və daha kütləvidi. Üstəlik, 65 rayonda partiyanın konfransı keçirildi. Yəni repressiyaların sürətləndiyi bir dövrdə AXCP-nin sıraları genişləndi. Deməli, 1 nəfərin həbsi 10-larla adamın mübarizəyə qoşulmasına stimul verir. Həbslər AXCP-ni gücləndirir, vicdanlı insanları bitərəflikdən tərəf tutmağa məcbur edir. Bəli, bu qədər həbsdən sonra AXCP-nin “sklet”i qalmalaydı. Amma bu qədər həbslərdən sonra AXCP kökəlir, çəkisi artır. Həbslər AXCP-ni “dieta”ya otuzdurmur, “iştah”ını artırır.
Indi də AXCP sədrinin müşaviri Məmməd İbrahimi həbs etdilər. Görəsən, Məmməd İbrahimin həbsi nəyi dəyişəcək? Əli Kərimli fəaliyyətində redaktələr edəcək, yoxsa “cəbhə ordusu” hökumətə pənah aparacaq? Bu “analoqsuz” hökumət niyə başa düşmür ki, cəbhəçilər həbsdən kənarda qaldıqları üçün utanırlar. Xədicə Ismayılın, Leyla Yunusun həbsindən sonra azadlıqda gəzmək kişilər üçün kompleks yaradır. Guya, Məmməd İbrahim həbs olunacağını bilmirdi? Guya, Seymur həzi üçün bu həbs sürpriz oldu? Guya, Elvin Abdullayev zindanda təəccüb içindədi? Əlbəttə ki, yox. Artıq həbslər qorxu baryerini aşaraq, nifrət qapısına dirənib. Nifrət, qəzəb hissi qorxunu tapadaq edib.
İnanmırsızsa, AXCP-nin növbəti tədbirlərini müşahidə edin. Məmməd İbrahimin həbsindən sonra kütləvilik, yeni simalar müşahidə olunacaq.
Həqiqətən də hər şərdə bir xeyir var. Inanırıq ki, repressiyalar qələbənin müjdəçisi, təminatçısı və stimulvericisdir.
Görünür, avtoritar rejimlərdə repressiyanın son həddi təşkilatlanmağın başlanğıcı olur. Ona görə də səbrsizliklə AXCP sədri Əli Kərimlinin həbsini gözləyirik. Cəbhəçilərin daha çox işləməsi, sıralaramızın sürətlə genişlənməsi, 10 minlərlə sıravi vətəndaşın qərar verməsi üçün bu çox vacibdir.
Ona görə də acizanə şəkildə xahiş edirik, Əli Kərimlini də həbs edin. Bunu həbslərin daha da adiləşməsi üçün yox, həbsxananın arzulanan yerə çevrilməsi üçün istəyirik.