Bütün media resurslarının inhisara alındığı və böyük çoxluğun yerli TV-lərə baxmağa məhkum edildiyi bir zamanda insanlara həqiqətləri çatdırmağın ən çevik yolu sosial şəbəkələrdir, şübhəsiz. Internet imkanları bu şəbəkələr vasitəsilə, bəlkə də, 100 il qazanıla bilməyən nailiyyəti 4-5 il müddətində əldə edə bilib. Bu “qlobal şəhərcik”də hər şey bir düymənin hökmünə bağlıdır. O düyməni basmaqla dünyanın hər yerindən xəbər tuta bilirsən. Amma kədərli olan başqa şeydir. Bakıda oturub bir barmağımızın işarəti ilə altı qitənin altısını da “gəzib dolaşa” bilirik, lakin əlimiz burdan-bura ölkənin əyalətlərinə çatmır. Səbəbləri saymaqla bitməz. Ancaq ən başlıca iki səbəb var ki, onlardan birincisi əhalinin ölkə həqiqətlərindən xəbərsiz yaşaması üçün bütün vasitələrdən istifadə edilməsidir. Ikinci səbəb, insanların özlərinin canına hopmuş ətalət, tənbəllik və laqeydlikdir ki, bu artıq ölkənin faciəsinə çevrilib. Başı gündəlik məişət problemlərinə qarışan, gün boyu bir tikə çörək arxasınca qaçaqaçda olan adamların gözünü açıb ətrafa baxmağa macalı belə yox. Olsaydı, bir az başını qaldırıb zəngin ölkədə nədən bu qədər zillət çəkdiyinin səbəbi ilə də maraqlanardı. Nədən bu qədər imkanlara bir ovuc adamın lüks yaşadığını, ancaq özünün sürüm-sürüm süründüyünü sual edərdi…
Bu yaxınlarda əvvəl məsul dövlət idarələrinin birində çalışan və haqsızlığa dözməyib öz ərizəsi ilə işindən ayrılan bir xanım sosial şəbəkədə mənə yazıb: “Facebook istifadə etməzdən və burda Əli Kərimlinin səhifəsinə rast gələnə qədər elə bilirdim ki, bizdə müxalifət yoxdur. Elə bilirdim bizdə məndən başqa heç kimin haqqı pozulmur, heç kimi şərə salmırlar. Mən vətənimi AzTV-dəki kimi güllük-gülüstanlıq bilirdim. Işdən-gücdən internetə vaxt sərf etmirdim belə. Hətta, üzr istəyirəm, Əli bəyin yaşayıb-yaşamaması barədə məlumatım da yox idi. Rəhbərliyin göstərişi ilə aldığımız tək qəzet ”Azərbaycan” qəzeti idi. Amma bu haqsızlığın baş alıb-getdiyi bir dövrdə sizin kimi müxalifətçiləri görəndə çaşıb qalıram. Inandırım sizi, Azərbaycan əhalisinin 90%-i mənim günümdədir…”
Səmimi olsa da, nə qədər acı etirafdır! Bax, əhalinin 90%-nin ölkədən xəbərsiz olmasıdır əsl faciə. Əsl faciə bizim ətrafımızdakı insanlardan, ətrafımızdakı insanların da bizdən xəbərsiz yaşamasıdır. Əsl faciə “Azərbaycan” qəzetini oxuyub, AzTV-yə baxıb həyatın məhz ordakı kimi olduğuna inanmaq avamlığıdır. Biz hara baxırıq, hara gedirik, harda duracağıq bu gedişlə? Bu gedişlə halımız necə olacaq, heç düşünmüsünüz bu barədə? Halımızın indinin özündə də bərbad olduğu kimsəyə sirr deyil, şübhəsiz. Amma gəlin ölkəmizdən, haqq davamızdan, mübarizəmizdən vaz keçməyək. Insanlarımız tənbəl və vecsizdir deyə yorulmayaq, əlimizi işdən soyutmayaq, geri çəkilməyək. Gəlin daha çox çalışaq, insanların daha çox məlumatlanması və maariflənməsi üçün səylərimizi artıraq. Daha çox insanı internetin və sosial şəbəkələrin imkanlarından yararlanmağa həvəsləndirək. Daha çox insana haqqını tələb etmək cəsarəti verək. Əgər yuxarıdakı sözləri səmimi şəkildə təhsilli bir dövlət məmuru etiraf edirsə, gerçək halımızı təsəvvür edirsiniz?
Bir ölkədə insanların maarifçilik səviyyəsi, əlbət ki, o ölkəni idarə edən hökumətdən asılıdır. Bu istiqamətdə ən önəmli rol medianın, TV-lərin və qəzetlərin üzərinə düşür. O sarıdan vəziyyəti bilirik. Ancaq bu o anlama gəlmir ki, hər gün o yalan dəyirmanında üyüdülənləri “yeyəcək” qədər küt olmalıyıq. Həmin ekranlardan təqdim olunan xoşbəxt xalqın harada yaşadığını soruşmalıyıq ən azı həmin adamlardan. O xoşbəxtlik həyatınızın hansı nöqtəsində izini buraxıb axı? Yaşadığınız üzgün həyatla o ağ yalanlar arasındakı uçurumu görmürsünüzmü?