elnurastanbeyli@gmail.com
Dünən Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurası birgə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KIV-in rolu və vəzifələri” mövzusunda seminar keçirib, orada ölkə başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dünya demokratiya tarixinə qırmızı hərflərlə yazılacaq çıxış edib. Sitat: “Azərbaycanda hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər”.
Şəxsən mən bu cümləni dəfələrlə oxudum, fərəhdən köksüm qabardı, belə bir azad, demokratik ölkədə yaşadığım üçün fəxr etdim. Doğrudan da bizdə sosial şəbəkələrdə hər kəs düşündüklərini yazmaqda, təbliğ etməkdə tamamilə sərbəstdir, buna görə heç kim onlara gözün üstə qaşın var deyə bilməz. Halbuki geridəqalmış, despotik Avropada heç də belə deyildir. Məsələn, Danimarkada “Yaltaqlara dur deyək!” adlı facebook səhifəsi yaradıb YDP (Yeni Danimkarka Partiyası) rejimini tənqid edən Əbdül Əbilov adlı gənci narkotiklə şərləyib ona 5 il 6 ay həbs cəzası kəsiblər.
Hələ bu harasıdır? Norveçdə isə Ömər Məmmədov adlı gənci sosial şəbəkədə norveçlilərin dahi rəhbərinin, ümummilli liderinin adına səhifə açıb orada hakimiyyət əleyhinə paylaşımlar etdiyinə görə yenə də cibinə narkotik atmaqla şərləyib həbs ediblər, sonra da haqqında 5 il həbs qərarı çıxarıblar.
Belə nümunələrin siyahısını çox uzatmaq olar. Amma nə gərək var? Kor-kor, gör-gör. Hələ bundan sonra avropalılar utanmır, gəlib bizə söz, fikir, canım sizə desin, internet azadlığından dərs də vermək istəyirlər. Siyavuş Novruzovun sözü olmasın, qoy o avropalılar demokratiyanı gəlib bizdən öyrənsinlər!
Qayıdaq Əli müəllimin tarixi çıxışına. Sitat: “Mediaya dövlət büdcəsindən müəyyən qrantlar ayrılır, jurnalistlər üçün müsabiqə keçirilir. Amma heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KIV-in fəaliyyətini idarə edir, prinsiplərini müəyyənləşdirir”.
Bəli, doğrudan da bunu heç kim deyə bilməz, əgər işdi-şayət, çaşıb desə onun üçün Kürdəxanı Plaza-da hər cür yüksək şərait yaradılmışdır ki, gedib orada beynini belə qara-qura fikirlərdən təmizləsin, Azərbaycanda demokratiyanın gündən-günə necə möhkəmləndiyini, bütün hüquq və azadlıqların yüksək səviyyədə təmin olunduğunu öz gözləri ilə görsün.
Ümumiyyətlə, bir köşə yazısında Əli müəllimin tarixə qızıl hərflərlə, brilyant şriftlərlə yazılacaq çıxışındakı bütün dəyərli, mütərəqqi fikirlərə münasibət bildirmək mümkün deyildir. Onsuz da Tarix özü bu çıxışa layiqli qiyməti verəcəkdir.
Biz isə bir neçə kəlmə də Azərbaycanda söz azadlığının necə fontan vurduğundan danışaq. Dünən bir xalq artistinin Azərbaycanın yeganə müstəqil teatrı – ODA haqqında açıqlamasını oxudum. Deməli, bu yoldaş ODA-nı gənclərin əxlaqını pozmaqdan tutmuş vergilərdən yayınmağadək xeyli məsələdə ittiham edib. Bu nədir? Sizdən soruşuram, bu nədir? Bəli, söz azadlığıdır! Beynin yoxdur, amma danışırsan. Oh, nə gözəl! Həqiqətən yüksək qiymətləndiririk.
Doğrudan da, axı hanı ODA-nın tamaşalarında bulaq suyu, dağ havası? Hanı Tomris qeyrətli, Həcər ismətli Azərbaycan qadını? ODA-nın tamaşalarından Koroğlu nərəsi eşidilir? Eşidilmir. Nəbinin Boz atının kişnərtisi eşidilir? Eşidilmir. ODA-nın tamaşalarından cəngi cingiltisi, segah iniltisi gəlir? Gəlmir. ODA-nın tamaşalarında dolma ətri, dana basdırmasının, lülənin, tikənin qoxusu gəlir? Gəlmir.
Elə isə nə etmək lazımdır? Ay sağ ol, ODA-nı bağlamaq lazımdır. “Müstəqil teatr” nə deməkdir? Teatr niyə müstəqil olmalıdır? Bu gün müstəqil teatr açan sabah kim bilir başqa hansı müstəqil hoqqalardan çıxar.
Biz görmüşük, teatr olar “AzDrama”, “Muzkomediya”-zad kimi. Daim partiya və hökumətin qoltuğunun altında fəaliyyət göstərər, onun sifarişlərini yerinə yetirər. Çünki belədə onun repertuarını məsələn, Elçin Əfəndiyevin mənasız, kərmə qoxuyan əsərləri ilə rahatca doldura bilirsən, bu da dövlətçiliyimizin daha da güclənməsinə, milli-mənəvi dəyərlərimizin möhkəmlənməsinə gətirib çıxarır.
Yeri gəlmişkən, seçki seminarı ilə başlayan yazımıza teatr mövzusunda nöqtə qoymağın özü də simvolikdir, nə də olmasa, bizi noyabrın 1-də növbəti saxtakarlıq tamaşasından, farsdan başqa heç nə gözləmir.