Real müxalifətin və beynəlxalq aləmin boykotu seçkini gündəmdən çıxardı
Parlament seçkilərinə bir aydan az vaxt qalıb. Təbii ki, bu hakimiyyətin dövründə Azərbaycanda şəffaf seçki keçirilməyib, seçib-seçilmək ənənəsi məhv edilib. Amma indiki seçki mühiti ilə müqayisədə 2005, 2010, 2013-cü illər də aktivlik müəyyən qədər hiss olunurdu. Deməli, noyabrın 1-də Azərbaycanla yanaşı Türkiyədə də parlament seçkiləri keçiriləcək. Hər iki ölkəyə nəzər salanda adamda sual yaranır. Əgər Türkiyədə keçirilən seçkidirsə, Azərbaycanda keçirilən nədir, yaxud Azərbaycanda keçirilən seçkidirsə, Türkiyədə olan nədir? Bəli, təkcə qardaş ölkə ilə müqayisə aparanda görürük ki, Azərbaycanda seçkinin “s”si də yoxdur.
Bəs, niyə belə mənzərə yaranıb? Türkiyə seçki ilə çalxalandığı halda, Azərbaycanda niyə qəbiristanlıq sükutu hökm sürür?
Əvvəla, cəmiyyətin seçkidən imtinası hakimiyyətə etirazın bir formasıdır. Azərbaycan xalqı əmindir ki, qutudan onun səsi deyil, hakimiyyətin istədiyi namizəd çıxacaq. Yəni, bu ölkədə seçki ilə heç nəyin dəyişmədiyini, 100 faiz saxtakarlığ edildiyini əhali də bilir. Ona görə də seçici passiv boykota gedib və seçki haqqında ümumiyyətlə fikirləşmir. Deməli, seçici aktivliyinin olmaması əsas səbəblərdən biridir.
Ikincisi, real müxalifət seçkini boykot edib. Yəni, Milli Şura və onun əsas avanqardı olan AXCP seçkidən kənarda qalıb. Beləliklə, rəqabətsiz seçki mənzərəsi yaranır və bu da heç kimə maraqlı deyil. Sadə vətəndaş hər gün AzTv-dən eşitdiyini, təkrarən namizədlərin dilindən eşidəcək. Hansıki, 2013-cü ilin prezident seçkilərində bütün gözlər ITV-yə zillənmişdi və Milli Şuranın vahid namizədi bütün ab-havanı dəyişmişdi. Indi isə məddahlıq yarışı olacaq . Vəziyyət o həddədir ki, hakim partiya ödənişsiz efir vaxtından imtina edib. Xalqa hesabat verməli olan partiya debatlara qoşulmur. Yəni, hökumət özü də seçkiyə belə “qiymət” verib.
Üçüncüsü, bundan öncəki seçkilərdən fərqli olaraq bu seçkini beynəlxalq aləm də boykot edib. ATƏT seçkiləri müşahidəçilikdən imtina etdi, Avropa Parlamenti məlum qətnamədə seçkilərin mənasızlığını ifadə etdi və boykota çağırdı.
Beləliklə, YAP hakimiyyəti bütün seçkiləri saxtalaşdırmaqla, daxildə və xaricdə birmənalı rəy formalaşdırdı. Heç kimə sirr deyil ki, noyabrın 1-də Azərbaycanda şou keçiriləcək. Bütün günü telekanallarda şouya tamaşa edən vətəndaş üçün isə siyasi şounun heç bir önəmi yoxdur.
Bu gün Türkiyədə keçirilən seçkilər Azərbaycan vətəndaşları üçün daha maraqlıdır. Çünki, telekanallarda hökumətlə müxalifətin debatları, ölkə başçısının müxalifət liderləri ilə deyişməsi açıq şəkildə nümayiş etdirilir.
Bir sözlə, noyabrın 1-də ölkədə seçki keçiriləcək. Ölkənin gündəmində isə hansısa palatka müğənnisinin klipi, hansısa müğənninin belinə banka yapışdırması daha çox müzakirə olunur. Hakimiyyət dəfn edilmiş seçkini “mumiya”layaraq diri göstərməyə çalışacaq.
Akif