Gültəkin Hacıbəyli: «Azərbaycandan Suriyaya qarşı hücumlar üçün bir plastdarm kimi istifadə olunması yolverilməzdir»
Rusiyanın Suriyada gedən proseslərə müdaxiləsi bölgədə tam yeni situasiya yaradıb. Rusiyanın bir neçə günlük əməliyyatları bölgəyə sülh gətirmək əvəzinə durumu daha da qəlizləşdirib. Beynəlxalq mətbuatda Suriya məsələsi ilə bağlı Azərbaycanın da adı hallanır. Rusiyanın ölkəmizlə danışıqlara başladığı bildirilir. Beynəlxalq mətbuatda bununla bağlı gedən məlumatlarda vurğulanır ki, Rusiya təyyarələri gələcəkdə Azərbaycan ərazisindən istifadə edərək Suriyanı bombalaya bilər.
“Region ölkələri Azərbaycanla danışıqlara başladı”
Bu arada Azərbaycana olan səfərlər də maraq doğurur. Israilin keçmiş prezidenti Şimon Peresin oktyabrın 2-də Azərbaycana səfərinin məqsədlərindən birinin də Suriya məsələsi olduğu düşünülür. Çünki Israil Əsədin hakimiyyətdə saxlanılmasında maraqlı deyil.
Bundan başqa, yaxın günlərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi,ÿordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-də Azərbaycana rəsmi səfərə gələcək.
Səfər çərçivəsində H.Akarın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Səfər oktyabrın 7-dək davam edəcək. Məhz bu görüşün də Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması zamanına təsadüf etməsi birmənalı qarşılanmır.
“Israil Rusiyaya cavab verməyə hazırlaşır”
Suriyanın özündə isə vəziyyət hər ötən gün daha da ağırlaşır. “Rusiyanın ”Hizbullah”a silah verdiyi ortaya çıxsa, Israil Moskvaya cavab verəcək”. Bu sözləri öz Facebook səhifəsində Israilin Xarici Işlər naziri Aviqdor Liberman paylaşıb. Onun sözlərinə görə, Rusiyanın, Fransanın, Qərbin Suriyada kimi bombalaması Israili narahat etmir: “Bizi Əsədin taleyi maraqlandırmır. Biz Nüsrə, ya da IŞID-in daha yaxşı olmasıyla bağlı müqayisələr aparmırıq. Burada olan bütün terror qruplaşmaları yəhudi dövlətinin düşmənləridir. Bizim əsas marağımız Rusiyanın Suriyaya verdiyi silahların ”Hizbullah”a ötürülməməsidir. Mən ümid edirəm ki, Baş nazir Netanyahu Putinlə görüşdə Israilin qırmızı xəttini açıqlayıb. Biz “Hizbullah”ın effektiv silahlar almaqla Israilin şimal sərhədində güc balansını pozmasına imkan verməyəcəyik. Israilin kifayət qədər yaxşı kəşfiyyat xidməti var və biz Suriyaya daxil olan rus silahlarının taleyinin necə olmasını izləyə bilirik” (axar.az).
“Iran da Suriyaya qoşun göndərdi”
Suriyada hərbi əməliyyatlar aparan qüvvələrin arasındakı balans sürətlə dəyişir. Rusiyanın hərbi hava qüvvələrinin Suriyadakı əməliyyatlara qoşulması ilə bağlı razılıq əldə ediləndən sonra Iran hərbçiləri də bu ölkəyə daxil olmağa başlayıb.
Bildirilir ki, Rusiya hərbi hava qüvvələri IŞID-i deyil, Suriya müxalifətinin mövqelərini vurmağa başlayıb. Hətta iki gün əvvəl ABŞ-ın xarici kəşfiyyat idarəsi olan CIA-nin Suriyadakı bazası da bombalanıb. Bundan başqa, Rusiya qurudan dəstək vermək adı ilə Iran quru qoşunlarının xüsusi birləşmələrinin Suriyaya daxil olmasına şərait yaradır.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, onlar bombalayacaqları yerləri Suriya ordusu ilə birgə seçirlər. O, həmçinin ABŞ-ın Suriyadakı bazasının yalnız təlim uçuşları üçün nəzərdə tutulmuş hissəsini vurduqlarını əlavə edib.
Rusiya rəsmisi Iran hərbçilərinin qurudan təmizləmə əməliyyatları aparacağını gizlətməyib.
Qeyd edək ki, son hadisələr bir çox ölkələrin planlarını tamamilə məhv edib. Türkiyənin sərhədində təhlükəsiz zona yaratmaq planı, Almaniyanın kürdlərlə işbirliyi də Rusiyanın apardığı aqressiv siyasət nəticəsində boşa çıxıb.
Qərb ölkələri isə baş verənlərin sanki şokundadır. Hələlik yalnız Fransa Rusiyanı rəsmən apardığı aqressiv hərbi əməliyyatlardan çəkinməyə çağırıb (lent.az).
“Rusiya Əsədi dəstəklədiyini inkar edir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan edib ki, Rusiya təyyarələri ABŞ koalisiyasının hədəflədiyi “terrorçuları” vururlar.
Lavrov Rusiya aviasiyasının əsas məqsədinin Əsədi gücləndirmək olduğunu inkar edib. Lakin ABŞ rəsmiləri Rusiya təyyarələrinin Qərbin dəstəklədiyi Suriya müxalifətinin mövqelərinə zərbələr endirdiyini bildirirlər. Ağ Evin sözçüsü Coş Ernest deyib ki, əgər Rusiya həqiqətən də Islam Dövləti adlanan təşkilatla döyüşmək niyyətindədirsə, koalisiyaya töhfə verməlidir.
Müxalif Azad Suriya Ordusuna gəlincə isə, Lavrov deyib ki, bu qruplaşma müxalifətdirsə, siyasi prosesdə iştirak etməlidir.
Moskva bəyan edir ki, bu münaqişədə Suriya hökumətinin ricası ilə iştirak edir və ölkənin böyük ərazilərini ələ keçirmiş ID və “başqa terrorçu qruplaşmalara” zərbələr endirir.
“Lavrov-un ritorikası”
“Biz nəzakətli adamlarıq, dəvət olunmasaq, gəlmirik”- deyib Lavrov. Rusiya xarici işlər naziri Moskvanın Iraqdakı mövqelərə də zərbə endirəcəyi barədə iddiaları qətiyyətlə inkar edib.
Bir sıra təhliçilər bildirirlər ki, vəziyyət kifayət qədər birmənalıdır. Rusiya Əsədə qarşı olan bütün qüvvələri, ABŞ və Qərbin dəstəklədikləri də daxil olmaqla, hədəf elan edib.
Rusiya dövlət televiziyası bu qruplaşmaları artıq terrorçu elan edib.
ABŞ analitikləri deyirlər ki, belə bir vəziyyətdə Qərblə Rusiya arasında raket zərbələrinin heç bir əlaqələndirilməsindən söhbət gedə bilməz.
Daha cəsarətli təhlilçilər, ümumiyyətlə, ABŞ və Qərbin bu münaqişəyə indi olduğundan daha artıq qarışmayacağını proqnozlaşdırırlar.
“Rusiya üçün daha bir Əfqanıstan…”
“Politiko” jurnalı yazır ki, Rusiya az-çox döyüş qabiliyyəti olan Əsəd ordusu ilə müttəfiqdir və təəssüf ki, Qərbin Suriya müxalifətinə dəstəyi indiyədək səmərəsiz olub.
Tufts Universitetinin professoru Daniel Drezner deyir ki, hazırkı vəziyyətdə Rusiya Suriyada ən güclü xarici oyunçudur.
Lakin professor Drezner tələsməməyə çağırır. O deyir ki, Rusiyanın Suriyada sabitliyi bərpa edəcəyini indidən bilmək olmaz.
“Putinin dırmaşdığı ağac”
Təhlilçilər bildirirlər ki, Qərb Suriyadan çəkilərsə, Rusiya başqa regional oyunçular, o cümlədən Türkiyə, Səudiyyə və bütün sünnilərlə təkbətək qalacaq.
“The New York Times” qəzetinin köşə yazarı Tomas Fridman bildirir ki, “Putinin indi dırmaşdığı ağacdan düşə bilməsi” üçün yeganə çarəsi ABŞ və Qərblə birlikdə Suriyadakı münaqişəyə siyasi həll yolu tapmaq olacaq. Bu isə, bütün hallarda Əsədin getməsi deməkdir.
Bir çox təhlilçilər bildirirlər ki, əks halda Putin Rusiya üçün ikinci Əfqanıstanı əldə etmiş olacaq.
“IŞID-ə qarşı beynəlxalq koalisiyadan Rusiyaya çağırış”
Daha bir mühüm xəbər IŞID-ə qarşı beynəlxalq koalisiyaya daxil ölkələrin Rusiyaya çağırışıdır. Qərb ölkələri Rusiyaya bildiriblər ki, hava zərbələri ilə Suriya müxalifətini hədəfə almağı dayandırsın və islamçı silahlılarla döyüşsün. Müraciət oktyabrın 2-də Türkiyə, Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya və Körfəz müttəfiqləri adından yayılıb. Bu ölkələr Moskvanın Suriyaya hava zərbələrindən “dərin narahatlıq” bildirir, Rusiyanın münaqişəni daha da genişləndirdiyini, zərbələrin yalnız ekstremizmi alovlandıracağını bəyan edirlər.
“Rusiya Suriyadan alver vasitəsi kimi istifadə etmək istəyir”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Rusiya Ukraynaya müdaxilədən sonra özünü daha böyük tələyə saldı. G.Hacıbəylinin sözlərinə görə, Rusiya ikinci bir cəbhə açaraq Ukrayna üzərində gərginliyi səngitmək, gələcəkdə Suriya cəbhəsindən siyasi alver predmeti kimi istifadə etməyə çalışır. Amma bu, Rusiyanın ciddi uğursuzluğuna gətirib çıxaracaq: “Rusiya Suriya cəbhəsini açmaqla düşmənlərinin sayını artırdı. Son dövrlər Rusiya ilə Israilin əlaqələrində yaxınlaşma hiss olunurdu. Amma bu münasibətlər Israil ilə Rusiyanın münasibətlərinə pis təsir edəcək. Bundan başqa, Rusiya-Türkiyə münasibətlərində də bir yaxınlaşma var idi. Ərdoğan ən çətin günlərində Putinə dəstək olub. Ərdoğan bu dəstəyi verməklə müəyyən mənada Qərbə qarşı getmişdi. Amma bu gün Rusiya Suriyaya girməklə Türkiyə üçün mühüm əhəmiyyət kəsb edən bölgəyə müdaxilə edir. Rusiya Əsəd rejimini dəstəkləməklə Türkiyə ilə münasibətlərini gərginləşdirəcək”.
G.Hacıbəylinin fikrincə, Rusiya bu addımları ilə ərəb dünyası ilə də əlaqələrini sərinlədəcək. “Rusiyanın taleyi neftin qiymətindən asılıdır. Neftin dünya bazarındakı qiymətinə isə ərəb ölkələri də nəzarət edir. Rusiyanın ərəb ölkələri ilə münasibətlərinin pozulması neftin qiymətinin dünya bazarında uzun müddət qalxmayacağı deməkdir. Rusiya bu istiqamətdə ərəb ölkələrinin köməyinə bel bağlamaya bilər”, deyə G.Hacıbəyli vurğuladı.
G.Hacıbəyliyə görə, bu gün dünyada ən qəddar diktatoru dəstəkləyən Putin özü beynəlxalq tribunalın predmetinə çevrilə bilər.
Suriya məsələsində Azərbaycanın adının hallanmasına gəlincə, G.Hacıbəyli vurğuladı ki, Azərbaycan hakimiyyətinin Rusiya qarşısında çəkingənliyi göz önündədir. Bunun həm obyektiv, həm də subyektiv səbəblərinin olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, subyektiv maraqlar hakimiyyətin şəxsi mənafeyi ilə balıdır: “Faktiki olaraq Azərbaycan hakimiyyəti iqtidarının qorunub saxlanılmasında həmişə Rusiyaya güvənib. Hakimiyyətin çəkingənliyinin obyektiv səbəblərinə gəlincə, bunlarda biri Rusiyanın beynəlxalq qaydaları tanımayan böyük güc olmasıdır. Azərbaycan ərazilərinin də işğalı Rusiya faktoru ilə bağlıdır. Amma istənilən halda Rusiyaya münasibətdə məsafə qorunmalıdır. Azərbaycandan Suriyaya qarşı hücumlar üçün bir plastdarm kimi istifadə olunması yolverilməzdir. Bu, Azərbaycanın beynəlxalq təcridinə gətirib çıxara bilər. Azərbaycan ABŞ, Qərb kimi beynəlxalq partnyorları qarşısında təhlükəsizliklə bağlı ciddi problemlər yaşaya bilər”.
Xəyal