Rejim mətbuatının saxta cəbhəçilərə dəstəyi mənzərəni şəffaflaşdırdı
Həmişəki kimi bu dəfə də hakimiyyətin “layihə”si xarab çıxdı. Uzun illər müxtəlif şəxslərin simasında AXCP-yə qarşı iyrənc planlar hazırlanıb və hər dəfə bu planlar plan quranların başında çatlayıb.
Bu dəfə isə öz aləmlərində “Razi əməliyyatı” hazırlayaraq narazı cəbhəçilər “yetişdirməyə” start verdilər. Amma elə ilk andan geyindikləri maskaların ilməsi süzülməyə başladı. Belə ki, “raziçilər” konfranslarını şadlıq saraylarında, olimpiya komplekslərində, qonaqlıq məclislərində keçirməyə başladılar. Bəli, hökumətin ənamı ilə küçələrdən, çayxanalardan, qul bazarlarından yığılmış adamlar dəbdəbəli məkanlarda müvəqqəti cəbhəçi rolu oynadılar. Hansıki, AXCP-nin konfranslarının uçuq daxmalarda keçirilməsinə də imkan verilmir, yerli hakimiyyət orqanları cəbhəçilərin konfranslarını dağıdır, adamlar polis bölmələrinə aparılır və.s
Yəni, hökumət “Razi əməliyyatı”nı cəbhəçi həyatına deyil, məmur həyatına uyğunlaşdırdı. Ona görə də kənardan baxanlar reallığı dəqiq görə bildi. Üstəlik, “raziçilərin” bütün rayonlarda keçirdiyi konfranslar faktlarla ifşa olundu, Razinin yanına yerləşdirilmiş cəbhəçilər çirkin oyunu ifşa etdi və məlum oldu ki, hökumət cəbhəni dağıtmaq üçün adam ticarətinə investisiya yatırıb.
Bütün bunlardan sonra hökumət maskasız oynamağa məcbur oldu. Bəli, artıq “Razi əməliyyatı”na “lüt” davam edirlər. Belə ki, dünənə qədər AXCP-ni yıxıb-sürüyən, “ermənipərəst” adlandıran, şər-böhtan yağışına tutan hökumət mətbuatı açıq şəkildə “Razi əməliyyatı”na dəstək verir.
Artıq bu “ssenari”ni hakimiyyətin yazdığını gizlətməyə çalışmırlar. Açıq şəkildə göstərirlər ki, “Razi cəbhəsi” YAP-ın sonbeşiyidir.
Xüsusən də AXCP-nin möhtəşəm qurultayından sonra bütün ittihamçılar tərksilah oldu. Qurultayın əvvəlki tədbirlərdən daha kütləvi, daha coşqulu keçməsi, AXCP-nin monolit görünüşü hökumətin “maya”sını batırdı. Artıq “AXCP dağılır”, “Əli Kərimlinin yanında heç kim qalmayıb” təbliğatı “rəhmətə gedib”. Belə olan halda hökumət pərtliyini göstərməmək üçün “yola davam” edir. Istənilən halda milyonların xərcləndiyi layihə “brak” çıxdı və yenə də daşın altında hökumətin əli göründü. “Yeni Azərbaycan”, “Azərbaycan”, “Yeni Müsavat” kimi hökumət sözçülərinin canfəşanlığı isə ilmələri təmiz sökdü.
Bir sözlə, hökumət “Razi əməliyyatı”na maskasız davam edir.