Vidadi Mirkamal: «Azərbaycanda AXCP monolitliyində, qüvvəsində ikinci partiya tanımıram»; “Artıq cəmiyyət seçkini boykot edib”
Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə bir aydan da az vaxt qalıb. Amma cəmiyyətdə seçki ab-havası hiss olunmur. Bundan başqa, vətəndaş cəmiyyətində də seçkiyə maraq görünmür. Bu isə vətəndaşların da seçkini boykot etdiyini deməyə əsas verir. Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal ilə söhbətimizə seçkisiöncəsi vəziyyətə münasibət öyrənməklə başladıq.
– Azərbaycanda 93-cü ildən bəri keçirilən seçkilərdə yol verilən saxtakarlıq hər seçki ilə daha da artıb. Hər bir normal cəmiyyətdə seçki vaxtı müxalifət, hakimiyyət təbliğat aparır, toplum seçimini edir. Müxalifət hakimiyyətin eybəcərliklərini deyir və insanlarda ruh yüksəkliyi yaranır. Insanlar inanmalıdır ki, Konstitusiyanın 1-ci – “hakimiyyətin yeganə mənbəyi xalqdır” maddəsinə tam formada riayət edilir. Konstitusiyanın 10-cu maddəsində isə seçkilərin saxtalaşdırılması dövləti cinayət sayılır. Iyirmi üç il ərzində keçirilən seçkilər biri-birindən daha eybəcər olub. Ona görə Azərbaycan cəmiyyətində belə bir mövqe formalaşıb ki, hakimiyyəti seçki yolu ilə dəyişmək mümkün deyil. Azərbaycanda korrupsiyanın, rüşvətin səviyyəsi ildən-ilə artıb. Azərbaycanda avtoritarizmin elementləri hər il daha da kəskinləşib. 2013-cü il prezident seçkilərindən sonra avtoritar idarəetmə diktaturaya keçib. Müxalifətin normal fəaliyyətinə imkan verilmir, müxalifətçilərə təzyiq edilir, bir qismi pul ilə alınır. Belə bir şəraitdə insanların seçkiyə inamı itib. Son seçkidə ATƏT 58 faiz saxtalaşdırma qeydə alıb. Bütün bu neqativ faktlar seçkiyə marağı azaldıb.
“Beynəlxalq təşkilatlar da da normal seçkinin olmayacağını görür”
– Əvvəlki seçkilərdə beynəlxalq təşkilatlar demokratik qüvvələri əksinə, seçkilərdə iştirak etməyə çağrırdılar. Amma bu dəfə ATƏT və Avropa Birliyi hətta seçkiləri izləməkdən imtina edib. Belə olan halda özünü müxalifət kimi təqdim edən təşkilatların seçkilərdə iştirak israrının arxasında hansı maraqlar dayanır?
– Beynəlxalq təşkilatlar həmişə çalışıblar ki, onların əməkdaşlıq etdiyi ölkələrdə normal seçki keçirsinlər, demokratik qüvvələr seçkiyə qatılsın. Amma 2013-cü ilin prezident seçkilərindən sonra beynəlxalq təşkilatlar da gördülər ki, Azərbaycanda saxtakarlığın həddi o qədərdir ki, onun qarşısını almaq mümkün deyil. Ölkənin birinci şəxsinin avtoritar rejim daşıyıcısının siyasi iradəsi olmasa, ölkədə normal seçkilər keçirmək mümkün deyil. Bəzi insanlar seçkiyə seçki günü qutulara bülleten atılması ilə qiymət verir. Seçki prosesi böyük bir mərhələdir. Seçki günü normal nəticə əldə etmək üçün seçkiöncəsi normal mühit formalaşmalıdır. Bütün dünya görür ki, seçki gününə qədər Azərbaycanın 100-ə yaxın siyasi məhbusu var, tənqidçi media sıxışdırılır, vətəndaş cəmiyyəti həbsə atılır. Ciddi saxtakarlığa yol verən seçki komissiyaları əvvəlki tərkibdə qalıb və seçki islahatlarına gedilmir. Bütün bunlar göstərir ki, noyabrın 1-də keçirilən seçkilər 2013-cü il seçkilərindən pis olacaq, amma yaxşı olmayacaq. Artıq bütün beynəlxalq aləm də görür ki, bu seçkidə hakimiyyətin demokratik islahatlar aparmağa, seçki qanunvericiliyini dəyişməyə fikri yoxdur. Belə bir şəraitdə real müxalifət qüvvəsi olan Milli Şura və onun tərkibində olan AXCP seçkiyə qatılmaq niyyətində deyil. Artıq seçki başlamamışdan cəmiyyətdə onun boykotu gündəmə gəlib. Hazırda seçkiyə qatılan və özünü müxalifət partiyası kimi təqdim edən təşkilatların müxalifətə aidiyyəti yoxdur. Onlar vaxtilə müxalifət partiyaları kimi yaranıblar, hazırda isə hakimiyyətin yanındadırlar. Onlar hakimiyyətə legitimlik donu geyindirmək üçün seçkidə iştirak edirlər. Bu partiyalar hakimiyyətdən müəyyən dəstək və vədlər alıb. Amma görünən odur ki, onların içərisində də hakimiyyətə yarınmaqda yarış gedir. Bu yarışda da bu təşkilatlardan bəziləri seçkidə iştirakdan imtina edirlər. Çünki onlar görürlər ki, hakimiyyət parlamentdə onlara yer verməyəcək. Sona qədər seçkiyə qatılmaqda israrlı olan partiyalar isə hakimiyyətin icazəsi ilə deputat olmaq uğrunda mübarizə aparırlar. Bütün bunları Avropa çox gözəl görür və anlayır ki, hakimiyyət seçkini saxtalaşdıracaq. Ona görə seçkini bəri başdan izləməkdən imtina edir.
“Son 20 ildə belə coşqulu qurultay görməmişdim”
– Bir müddət əvvəl AXCP möhtəşəm qurultaya imza atdı. Hakimiyyətin ciddi repressiyaları ilə üz-üzə olan bir təşkilatın belə coşqulu qurultay keçirməsini necə izah etmək olar. Bu qurultay hakimiyyət və cəmiyyətə hansı mesajı verə bilər?
– Son 20 ildə bir çox partiyaların qurultayında, konfransında iştirak etmişəm. Siyasi təcrübəli bir şəxs kimi deyə bilərəm ki, mən son 20 ildə belə coşqulu, belə qayda-qanunun qorunduğu, monolit tərkibli qurultayın keçirilməsini görməmişəm. Qurultay çox gözəl təşkil olunmuşdu. Qurultayın böyük coşqu ilə keçməsinin səbəbi nədir? Azərbaycanda AXCP qədər budanan, repressiyaya uğrayan bir təşkilat yoxdur. Qurultayda çıxışım zamanı da dedim kim, qızılgülün tikanlarını budayan zaman bir gülün yerindən beş fidanın açıldığını görürsən. AXCP bu formada öz liderinin ətrafında birləşib. Hər ötən gün də sıralarını daha da genişləndirir. AXCP bu iqtidarın yarıtmaz siyasətinə qarşı mübarizənin ön cəbhəsindədir. AXCP Milli Şuranın vuran əlidir. Mən Azərbaycanda AXCP monolitliyində, qüvvəsində ikinci partiya tanımıram. Mənə də çox xoş oldu ki, AXCP-nin coşqulu qurultayına qatıldım. Biz həmişə AXCP-yə uğurlar arzulamışıq. AXCP Azərbaycanda real müxalifət qüvvəsi kimi aparıcı təşkilatdır.
“Hakimiyyətin yürütdüyü siyasət batan gəmidir”
– Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin sessiyası zamanı açıqlamasında bildirib ki, ölkəmiz Rusiyanın Gömrük və Avrasiya Ittifaqına qoşula bilər. Bu, Azərbaycanın müstəqilliyinə və suverenliyinə nə vəd edir?
– Azərbaycan 92-ci ildən bəri Avropaya inteqrasiya edən təşkilat kimi tanınır. Azərbaycanın beynəlxalq əlaqələri, konvensiyalara qoşulması Avropaya gedən yoldur. Azərbaycan bundan yayına bilməz. Azərbaycan rəhbərliyi də nə qədər yarıtmaz olsa da, başa düşür ki, beynəlxalq aləmlə qarşıdurmanın sonu yoxdur. Yürüdülən bu siyasət batan gəmidir. Bu batan gəmidə yaxşı kayuta uğrunda mübarizə aparmağın mənası yoxdur. Hakimiyyət bunu gözəl başa düşür. Amma ikinci bir tərəfdən hakimiyyət Qərbin Azərbaycana verdiyi beynəlxalq tövsiyələri qəbul etmək niyyətində deyil. Çünki hakimiyyət bu tövsiyələri yerinə yetirsə, rejim dəyişməlidir. Azərbaycanda 93-cü ildən bu günə korrupsiyaya, rüşvətə qurşanmış repressiv aparat formalaşıb. Avropa da istəyir ki, Azərbaycan əgər Qərbə inteqrasiya etmək istəyirsə, həmin ailənin dəyərlərinə hörmət etməlidir. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə repressiyaların dayandırılması, rüşvət və korrupsiyanın dayandırılması ilə bağlı bəndlər var. Azərbaycanın Avropaya inteqrasiyadan başqa yolu yoxdur. Amma hakimiyyət bunu etmək istəmədiyindən Qərbi şantaj edir ki, demokratiya ilə bağlı tələblər israrlı olsa Azərbaycan Avrasiya Ittifaqına qoşula bilər. Bütün dünyaya isə məlumdur ki, bu ittifaq kağız üzərində mövcuddur. Ona görə Azərbaycanın bu ittifaqa qoşulması sadəcə olaraq Qərbin şantajıdır. Düşünürəm ki, bu, sadəcə olaraq blefdir və Azərbaycan heç zaman Rusiyanın yanında yer almalı deyil.
– Prokurorluq işçilərinin peşə bayramı zamanı vətəndaş cəmiyyətinin təmsilçilərinin həbs olunmasında xüsusilə “seçilən” əməkdaşlar təltif edildilər. Bu nəyin görsənişidir? Hakimiyyət təmsilçiləri başqa vaxtı bəyan edirlər ki, siyasi həbslərlə əlaqələri yoxdur. Amma digər tərəfdən bu prosesdə fərqlənənləri mükafatlandırırlar…
– Hər bir dövlətin əsasını hakimiyyət bölgüsü təşkil edir. Hakimiyyət bölgüsündə də məhkəmə hakimiyyətinin öz yeri var. Normal cəmiyyətlərdə həm prokurorluq, həm məhkəmə insanların hüquqlarının müdafiəsində durur. Əminəm ki, prokurorluq əməkdaşları içərisində xeyli sayda insan var ki, öz vəzifəsini gözəl başa düşür. Amma hazırkı prokurorluğu və məhkəməni işlədən repressiv hakimiyyətdir. Bu repressiv siyasət məhz məhkəmə və prokurorluğun əli ilə edilir. Hakimiyyət özünü qorumaq üçün onu tənqid edənləri həbsə atır. O mənada hakimiyyətin hüquq-mühafizə orqanlarının rəhbərlərini və onların işçilərini təltif etməsi təəccüblü olmamalıdır. Çünki hakimiyyət onları təltif etməsə, bu şəxslər iqtidarın tapşırığını yerinə yetirməyə bilərlər.
Xəyal