Samir Şərifov Beynəlxalq Bankın keçmiş rəhbərini ittiham etdi
Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevi sərt tənqid edib. Milli Məclisin Iqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc Samir Şərifova Beynəlxalq Bankla bağlı sual ünvanlayıb:
“Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verilib? Halbuki sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib”.
Samir Şərifov isə Zahid Orucun sualına cavab olaraq deyib ki, Beynəlxalq Bankının sabiq rəhbərliyi ciddi səhvlərə yol verib: “Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi edilən əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Düzdür, bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Bu bankın sistem əhəmiyyətli olması nəzərə alınaraq, ölkə başçısı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üçün fərman imzaladı. Hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur”.
Məlumat üçün deyək ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri vəzifəsindən istefa verdikdən sonra bu bankdan kredit götürən iş adamları həbs edilib. Onlar götürdükləri kredit mənimsəməkdə ittiham olunurlar. Iş adamlarından bəziləri kredit borcunun bir qismini ödədiyinə görə azad olunub. Sonradan bəlli olub ki, Cahangir Hacıyevin istefası da məhz bu məsələ ilə bağlıdır. “Kredit qalmaqalı”nda ən sarsıdıcı zərbəni də elə Cahangir Hacıyev və yaxın ətrafı alıb. Samir Şərifovun bu fikirləri göstərir ki, hakimiyyət bu məsələyə görə Cahangir Hacıyevi bağışlamaq deyil. Mümkündür ki, “kredit qalmaqalı”na görə o da həbs olunsun.