Müşavirim Məmməd İbrahimə qarşı saxta cinayət işi başladılması, onun şərlənərək həbs olunması bütövlükdə partiyamıza qarşı törədilən növbəti təxribatdır. Möhtəşəm qurultaya görə AXCP-dən qisas alırlar. Cəbhəçilərin dəyanəti və ləyaqəti sayəsində hökumətin AXCP üzvlərini kütləvi şəkildə satın almaq, hədələyib qorxutmaq, partiyanı parçlamaq planları puç oldu. Hakimiyyətin planları detallarına qədər ifşa olundu. AXCP növbəti maneələri daha da güclənərək aşdı. Əsəbləri dözmədi, qayıtdılar yenə ənənəvi repressiya metoduna. Çox təəssüf ki, hökumət aramızdan satın ala bildiyi barmaqla sayılacaq qədər az sayda siyasi dönüklərdən indi üzəduranlar kimi istifadə edir. Yazıq belə adamlara, yazıq diriykən ölmüşlərə!
Məmməd İbrahim öz əqidəsinə sadiq, ədalətli və cəsarətli bir şəxsdir. Məmməd İbrahim həm də inanclı şəxsdir, iman sahibidir. O öz gücünü cəbhəçi əxlaqından, bağlı olduğu azadlıq və ədalət dəyərlərindən, millətinə olan hədsiz sevgidən və dini inancından alır. İki oğlu ilə birlikdə hər zaman mübarizənin önündə olan, işin çətinini üzərinə götürən bu mərd dostumuzun həyatın bu imtahanından da uğurla çıxacağına heç bir şübhəm yoxdur.
Bu iyrənc repressiyalarınız nə Məmməd bəyi, nə də bütövlükdə cəbhəçiləri qorxuda, haqq mübarizəsindən yayındıra bilər. Özünüzü xalq və dünya qarşısında daha da rüsvay etməyin, Məmməd bəydən əl çəkin!