Nazir müavini dərmanların yeni qiymətlərlə satışında problem olduğunu bildirir
“Dərman preparatlarının yeni qiymətlərlə satışa çıxarılması təzə başlayıb və buna görə də problemlərdən qaçmaq mümkün deyil. Hələlik dərman preparatlarının yeni qiymətlə satışında müəyyən qədər problemlər var”. Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O qeyd edib ki, satışda həm qiyməti düzgün göstərilməyən, həm də qeydiyyatdan keçməyən preparatlar var:
“Ona görə də mövcud problemlərin həlli zamanın işidir. Hesab edirəm ki, qısa zamanda problemlər aradan qaldırılacaq”.
Nazir müavini bildirib ki, Tarif Şurasının planına görə gələn ilin ortalarına qədər ölkədə qiyməti tənzimlənməyən dərman preparatı qalmayacaq: “Ölkə rəhbərinin tapşırığı ilə dərmanların qiymətlərinin tənzimlənməsi istiqamətində çox sürətli addımlar atılır. Nazirlər Kabinetinin qərarı ilə ölkədə qeydiyyatdan keçən dərman preparatlarının tənzimlənməsi və onlara nəzarət mexanizmləri hazırlanıb, qərar qəbul olunub, respublikanın Tarif şurası qiymətlərlə bağlı müvafiq təlimat hazırlayıb. Artıq 25 təsiredici maddə üzrə 1057 dərman qiyməti tənzimlənir və sentyabrın 15-dən qiymətlər qüvvəyə minib. Iqtisadiyyat və Sənaye Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə monitorinq yoxlamalar keçirir. Ədliyyə Nazirliyində reyestrdən qeydiyyatdan keçdikdən sonra bizim əməkdaşlarımız apteklərdə monitorinqlərə başlayıblar”(Modern.az).
Yasamal rayonu ərazisində fəaliyyət göstərən apteklərdən isə Azadlıqa daxil olan məlumatlar da dərmanların yeni qiymətə satılmasından problemlərin olduğunu təsdiqləyir. “250 adda dərmanın qiyməti ucuzlaşdırılıb. Lakin həmin dərmanlardan heç 10-nu yeni qiymətlə bizə verilməyib. Ümumiyyətlə, həmin dərmanların əhəmiyyətli hissəsi Azərbaycana idxal olunmayıb”, deyə əczaçılar bildirib.