«Ziya Məmmədovla Cavid Qurbanov yollarda 1 mlrd. 523 mln manat, binaları qaşıyan Əli Əsədovla Hacıbala Abutalıbov isə 500 mln. manat pul yeyib»
Son beş ildə hökumət investisiya xərcləri adı altında Dövlət Neft Fondundan xeyli pul silib. Binaların fasadlarının ağardılması, bir yolun bir neçə dəfə çəkilməsi, eyni körpünün dəfələrlə təmir edilməsi Neft Fonduna 15 mlrd. manata başa gəlib.
Reallaşdırılan layihələrin hamısının dəyəri şişirdilib. Bunun üçün rəsmi statistikaya baxmaq kifayətdir. Məsələn, 2011-ci ildə Azərbaycan dövlət büdcəsindən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə 747 mln. manat, Bakı-Quba-Rusiya dövlət sərhəddi avtomobil yolunun yenidənqurulması layihəsində Azərbaycan tərəfinin payına 625 mln. 720.2 min manat, “Əzizbəyov” metro stansiyası dairəsindən Bakı Beynəlxalq Aeroportuna gedən avtomobil yolunun layihələndirilməsi, tikintisi (cəmi 14 km), tikinti zolağına düşən mühəndis xətlərinin köçürülməsinə 360 mln. 499.6 min manat, Qusar rayonunda turizm infrastrukturunun layihə-smeta sənədlərinin hazırlanması və tikintisi üçün 279 mln. 600 min manat, Heydər Əliyev Hava Limanı – Mərdəkan dairəsi – Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət yolu üzrə yenidən qurulması üçün 250 mln manat, Bakı şəhərində Heydər Əliyev adına mərkəzin tikintisi üçün 4 il ərzində (2007-2010) 171 mln 256 min manat, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində (“Əzizbəyov” metro stansiyası dairəsi) yol qovşağının tikintisi, tikinti zolağına düşən mühəndis xətlərinin və tikililərin köçürülməsi üçün 147 mln. 191.3 min manat xərclənib.
Bundan əlavə, təmir işləri adı ilə də böyük miqdarda vəsaitlər mənimsənilib. Misal üçün, dövlət büdcəsindən təmir xərcləri üzrə Heydər Əliyev sarayının binasında təmir-yenidənqurma işləri üçün 49 mln. 681 min manat, Bakıda Səadət Sarayının bərpası üçün 42 mln 887.6 min manat, Akademik Milli Dram Teatrının təmir-bərpa və yenidənqurma işləri üçün 31 mln 570 min manat, Nizami kinoteatrının binasının təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və bərpa-yenidən qurma işləri üçün 25 mln. manat xərclənib.
Bu siyahını uzatmaq olar. Ancaq bir neçə misal pulların necə mənimsənildiyini sübut etmək üçün kifayət edir. Müstəqil iqtisadçıların hesablamaları bu layihələrin xeyli ucuz başa gəldiyini göstərir. Yolun bir kilometrinin 25 mln. manata başa gəldiyini, yaxud eyni binaların hər il qaşınmasını, ağardılmasını göstərmək kifayətdir. Hələ bu yolların, onların üzərində tikilən körpülərin qısa müddətdən sonra sıradan çıxdığını və onların bərpası üçün əlavə vəsaitlərin ayrıldığını demirik.
Göstərilən işləri həyata keçirən də şübhəsiz ki, məmurlardır. Konkret olaraq, yolların tikintisinə nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” MMC-nin rəhbəri Cavid Qurbanov, təmir və yenidənqurma işlərinə isə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və prezidentin köməkçisi Əli Əsədov nəzarət edir. Daha doğrusu, həmin sahəyə ayrılan vəsaitlərin xərclənməsinə birbaşa bu şəxslər cavabdehdir. Qısa hesablama aparıb onların korrupsiya yolu ilə dövlətin nə qədər puluna sahib çıxdığını aydınlaşdırmaq istədik. Məlum oldu ki, ancaq yuxarıda göstərilən işlərə nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis” rəhbəri Cavid Qurbanov 1 mlrd. 523 mln manat, təmir-yenidənqurma işlərinə rəhbərlik edən prezidentin köməkçisi Əli Əsədovla paytaxt meri Hacıbala Abutalıbov isə 500 mln. manatdan artıq pul silib. Bu, yalnız dörd nəfərin xərclədiyi vəsaitlərdir. Bu hesaba 747 mln. manatı yuyub aparan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, həmçinin ilki layihə dəyəri 279 mln. 600 min manat olan, ancaq bu rəqəmin artacağı gözlənilən Qusar rayonundakı turizm mərkəzinin tikintisi daxil deyil. Şübhəsiz bu layihələri həyata keçirən dövlət qurumlarının rəhbərləri də oradan öz payını götürəcək. Bəlkə də artıq götürüb.
Fizzə