Xədicə İsmayıl hakim və prokuroru "divara dirədi": "Heç olmasa, etiraf eləməyin, ayıbdır, gerb var, bayraq var, dövlətçilik var…"
"Sifariş verilib ki, iş tez başa çatdırılsın. Ola bilsin, mənim üzümü hər gün görmək də sizə xoş deyil, bəlkə vicdan əzabı da var…"
Araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın işi üzrə artıq məhkəmə istintaqı yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsi başa çatıb. İttiham tərəfin siyahısı üzrə son iki şahid qalmışdı ki, onlardan da biri dünən dindirilib, digərinin isə ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Məhkəmə iclasında dindirilən şahid "Azadlıq" radiosunun əməkdaşı Ülkər Quliyeva olub. O bildirib ki, 2005-ci ildən radioda əmək müqaviləsilə fəaliyyət göstərib. Jurnalist ittiham və müdafiə tərəfinin suallarını cavablandırarkən "Azadlıq"ın ştatda olan və ştatdankənar əməkdaşlarının fəaliyyətindəki fərqlərdən danışıb, radionun ofisindəki iş şəraitini təsvir edib. Xədicə İsmayıl ondan "Fərqli düşüncə" qəzetinin radionun ofisində yerləşib-yerləşmədiyini soruşub. Ülkər Quliyeva deyib ki, həmin ofisdə yalnız radioya aid otaqlar idi və "Fərqli düşüncə" orada yerləşmirdi.
Bundan sonra hakim Ramella Allahverdiyeva bildirib ki, ittiham aktındakı şahidlərdən yalnız Fərid Abdullayev qalıb. Radioda texniki işlərə nəzarət etmiş Fərid Abdullayevin məhkəməyə gətirilməsi mümkün olmadığından hakim onun istintaqa ifadəsi elan olunub. Həmin ifadədə göstərilib ki, Abdullayev 2013-cü ilin yanvarından radioda xidmət müqaviləsi əsasında fəaliyyət göstərib və aylıq 320 manat əməkhaqqıdan vergi ödəyib. İfadəsində o da qeyd olunub ki, bir dəfə hesabına maaşdan əlavə bir neçə min məbləğində vəsait gəlib. Vəsaitin gələcəyi barədə ona qonşusu, eyni zamanda, "Azadlıq" radiosunun əməkdaşı olan Cavanşir məlumat verib. O da məbləğini dəqiq xatırlamadığı həmin vəsaiti çıxarıb, Cavanşirə verib. Amma o vəsaitin də vergisi ödənilib.
İfadə elan olunandan sonra Xədicə İsmayıl bildirib ki, Fərid Abdullayevin ifadəsi dəyişdirilib: "Bu ifadə cinayət işinin materialları ilə tanış olarkən oxuduğum ifadə deyil. İfadə dəyişdirilib. Ona görə də zəhmət olmasa, çağırıb dindirin onu".
Hakim bildirib ki, bu şahidin məhkəməyə gətirilməsi mümkün olmayıb.
Daha sonra Xədicə İsmayılın vəkilləri bir sıra vəsatətlər qaldırıblar. Müdafiəçilərdən Fariz Namazlı vəkil Şəhla Hümbətovanın məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Məsələ burasındadır ki, Şəhla Hümbətova Xədicə İsmayılın intihara cəhdə təhrik etdiyi iddia olunan Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimlinin rəfiqəsidir. Fariz Hamazlı bildirib ki, Turalla bağlı məsələlər, o cümlədən onun polisə verilməsi haqda Şəhla Hümbətova kifayət qədər məlumatlıdır.
Məhkəmə vəsatəti təmin etməyib.
Fariz Hamazlının daha bir vəsatəti Tural Mustafayevin işdən çıxarılmasının səbəblərilə bağlı "Meydan TV"nin rəhbəri Emin Millinin vəkil sorğusuna verdiyi cavabın, həmçinin Xədicə İsmayılın həbsinin ertəsi gün – dekabrın 6-da "Azadlıq" radiosu və "Meydan TV"nin yaydığı bəyanatların sübutlar siyahısına daxil edilməsi haqda olub. İddia olunur ki, Xədicə İsmayılın təzyiqilə Tural Mustafayev işdən çıxarılıb. Lakin həm "Meydan TV", həm də radio rəhbərliyi bu barədə iddiaların həqiqətə uyğun olmadığını bəyan edib.
İş üzrə dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyev vəsatətin əleyhinə çıxıb və mövqeyini belə əsaslandırıb ki, hər iki qurumun rəhbərliyinin bu cinayət işinə, Xədicə İsmayılın özünə münasibəti bəlli olduğundan, onların rəyi mötəbər sübut sayıla bilməz.
Xədicə İsmayıl prokurorun bu arqumentinə belə cavab verib: "Prokurorluğun mənə münasibəti də bəllidir. Çünki mən hələ həbsimdən əvvəl prokurorluğun üç müstəntiqinin adının "Maqnitski siyahısı"na salınması üçün müraciət etmişdim. Bəs niyə həmin müstəntiqlər mənim işimdən uzaqlaşdırılmadı? Tərəflərin bərabərliyi prinsipinə hörmətlə yanaşın. Tural Mustafayevin işdən çıxarılmasının onun intihar cəhdinə səbəb olduğunu iddia edirsiz, amma bu işə birbaşa aidiyyəti olan adamları dindirməkdən imtina edirsiz. Bəri başdan deyin ki, heç nəyi görmək istəmirsiz".
Bu vəsatət də təmin olunmayıb.
Vəkilin daha bir vəsatəti Tural Mustafayevin "Azadlıq" radiosunun Bakı bürosunun keçmiş rəhbəri Babək Bəkirə ünvanladığı elektron məktubun sübutlar siyahısına daxil edilməsi haqda olub. Vəkil bildirib ki, Tural Mustafayev özü də məhkəməyə ifadəsində yorulduğu və jurnalistikadan getmək istədiyi üçün radiodan çıxdığını deyib. Babək Bəkir də məhkəmədə şahid qismində dindirilərkən eyni səbəbi göstərib. Tural Babək Bəkirə e-mail vasitəsilə göndərdiyi məktubunda da məhz bu səbəbi göstərib. Verilən ifadələrin bir daha təsdiqlənməsi baxımından vəkil həmin məktubun işə daxil edilməsini istəyib.
Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.
Fariz Hamazlının daha bir vəsatəti hazırda "Azadlıq" radiosu ilə bağlı istintaqda radionun nümayəndəsi kimi iştirak edən tanınmış vəkil Adil İsmayılovun məhkəmədə dindirilməsi haqda olub.
Xədicə İsmayıl da vəkilinin vəsatətini müdafiə edərkən prokurora da iradlarını çatdırıb: "Siz məni tutmaq üçün radioda yoxlama təşkil etmisiz. Əslində isə sizin radioya hansısa iradlarınız olmalıydı və bunun əsasında mənə ittiham verməliydiniz. Yəni siz formal baxımdan da əksini eləmisiz. Heç olmasa, etiraf eləməyin, ayıbdır, gerb var, bayraq var, dövlətçilik var…"
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Müdafiə tərəfi daha bir vəsatət qaldırıb və orada iki məsələ öz əksini tapıb. Bunlardan biri Milli Teleradio Şurasının və Rabitə Hazirliyinin nümayəndələrinin məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda olub. Onların dindirilməsi məsələsi radioya lisenziya verilməsi məsələsilə əlaqədardır.
İkinci məsələ isə Tural Mustafayevin "facebook" yazışmalarının sübutlar siyahısından xaric olunması barədə olub.
"Tural Mustafayev ifadəsində göstərdi ki, "facebook" yazışmalarını istintaqa o, könüllü şəkildə təqdim etməyib. Özü verməyibsə, deməli, onların götürülməsi üçün məhkəmə qərarı olmalıydı. İşin içində belə bir qərar yoxdur. Deməli, zorla götürülüb. Zorla əldə olunan sübut isə mötəbər sayılmır və siyahıdan çıxarılmalıdır", – deyə vəkil Fariz Hamazlı bildirib.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Digər vəkil Cavad Cavadov bildirib ki, iş materiallarında Xədicə İsmayılın Gülər Sadıqova, Esmira Cavadova, Məlahət Həsibova və digər şəxsləri qanunsuz əməyə cəlb etməsindən bəhs olunur. Ancaq o şəxslərdən yalnız Esmira Cavadova dindirilib və o da bunu təkzib edib. Vəkil adıçəkilən digər şəxslərin də məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb.
Bu vəsatət baxılmamış qalıb.
Xədicə İsmayıl və müdafiəçiləri məhkəmənin çox sürətlə keçirilməsinə etiraz ediblər: "Ekspress məhkəmə keçirirsiz. Başa düşürəm, ittiham aktını hökmə köçürüb işi yekunlaşdırmaq istəyirsiniz. Görünür ki, çox tələsirsiz. Bəlkə də istirahətə getmək istəyirsiz. Bir halda ki, dediyiniz kimi, məni 15 il həbs cəzası gözləyir, o zaman imkan verin, o müddətin cüzi hissəsini məhkəmədə keçirək, işi araşdıraq. İstənilən halda, bu bizim haqqımızdır. Sizə sifariş verilib ki, işi tez başa çatdırasız. Ola bilsin, mənim üzümü hər gün gəlib burada görmək də sizə xoş deyil. Bəlkə vicdan əzabı da var… Hər halda, bunu ehtimal edirəm. Amma istənilən halda, hakim olaraq, bizim işi araşdırmaq cəhdimizin qarşısını almamalısınız. Mən vəkillərimlə görüşməliyəm, buna imkan verilmir. Heç olmasa, iki iş günü ayırın ki, mən vəkillərimin üçü ilə də görüşüb məsləhətləşə bilim".
Vəkil Cavad Cavadov da məhkəmənin sürətlə aparılmasına etiraz edib: "Siz prosesi elə sürətlə aparırsınız ki… Axı vəkillərin başqa işləri də var. Əvvəlcədən təyin olunmuş başqa işlə əlaqədar yarım gün bu məhkəməyə gələ bilmədim, az qala, bütün hər yer ayağa qalxmışdı. Adam iyrənir artıq bu cür söhbətlərdən. Əgər belədirsə, elə birdəfəlik hökmü oxuyun, çıxıb gedək".
Hakim Ramella Allahverdiyeva 15 il məsələsinə qayıdaraq deyib ki, ötən iclasların birində sadəcə, qanunun məzmununu izah edib: "Siz bu məsələni başqa cür deyirsiz…"
Xədicə İsmayıl: "Mən başqa cür demirəm. 15 il olmasın, lap 25 il olsun, 30 il olsun, fərq etməz. Mənim həftədə bir gün ailəmlə görüşmək hüququm var. Siz hər gün məhkəmə keçirməklə bu hüququmu əlimdən alırsız…"
Etirazlara baxmayaraq, məhkəmə bu gün davam edəcək.
Aytən