«Türkiyənin əsas hədəfi PKK yox, İŞİD olmalıdır»
Öcalan hər iki tərəfi qınadı: «Emosional açıqlamalar çözüm mərhələsinə zərbə vurdu»
Türkiyədə PKK terroru səngimək bilmir. Bu gün Şırnak bölgəsində terrorçularla yerli təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Toqquşma zamanı 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Türk ordusunun əsgərləri əməliyyata helikopterdən də dəstək verməli olublar. Xəsarət alanlardan iksinin polis əməkdaşı olduğu bildirilir. Yaralılar Şırnakın Silopi Dövlət Xəstəxanasına yerləşdirilib. Silahlı insidentlə bağlı xəstəxanaya ağır xəstələr istisna olmaqla, mülki vətəndaşların qəbulu dayandırılıb. Məlumata görə, qarşıdurmanı PKK-nın gənclər qanadı olan Yurtsevər Devrimci Gənclik Hərəkatı (YDG-H) başladıb. Hərəkat üzvləri bir neçə məhəllədə xəndəklər qazaraq təhlükəsizlik qüvvələrinin əraziyə girişinin qarşısını almağa çalışıblar. Polis və əsgərlər xəndəkləri qapatmaq üçün əraziyə yollananda terrorçular tərəfindən atəş açılıb. Xatırladaq ki, artan terror olayları ilə bağlı Şırnak ötən həftədən xüsusi təhlükəsizlik zonası elan edilib. Son günlər PKK-nın Şırnakda törətdiyi terror aktlarında türk ordusunun bir neçə əsgəri şəhid olub.
PKK yolu kəsdi, maşınlara od vurdu
PKK-nın növbəti terroru Ağrı bölgəsində olub. Doğubayazıt-Çaldıran yolunu kəsən terrorçular bütün maşınları saxlayaraq PKK-nın təbliğatını aparıblar. İki TIR və bir yük maşınını isə yandırıblar. Bu zaman yoldan keçən avtobus terrorçuların əl işarəsinə məhəl vermədən ötüb getmək istəyib. Bunu görən PKK silahlıları avtobusu gülləbaran ediblər. Nəticədə sürücü köməkçisi həyatını itirib, üç sərnişin də yaralanıb. Məlum olub ki, Vandan yola çıxan avtobus İran İslam Respublikasına məxsusdur, içəridəki sərnişinlərin də hamısı iranlıdır. Yaralı iranlılar Doğubayazıtdakı xəstəxanaya yerləşdirilib. Əraziyə gələn türk əsgərləri ilə terrorçular arasında atışma başlayıb. Atışma zamanı türk ordusunun bir əsgəri şəhid olub. İki saat davam edən atışmadan sonra terrorçular
Tendürek dağına doğru qaçıblar. PKK-çıların tapılması üçün Tendürek dağında helikopterlə əməliyyat başladılıb.
«Türkiyədən Suriyaya keçmək istəyən əcnəbilərin qarşısı alınmalıdır»
ABŞ prezidenti Barak Obama son antiterror əməliyyatları ilə bağlı Türkiyəyə növbəti dəfə xəbərdarlıq edib. Bu gün Ağ Evdə jurnalistlərlə görüşən Obama Türkiyənin əsas diqqəti PKK-ya yox, İŞİD-ə yönəltməli olduğunu bildirib. Onun fikrincə, Ankaranın ilk hədəfi məhz İŞİD olmalıdır.
ABŞ prezidenti onu da bildirib ki, Türkiyə İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçmək istəyən əcnəbilərin qarşısını kəsməli, sərhədlərini belə adamlarının üzünə bağlamalıdır.
Görüş zamanı «Huffington Post» qəzetinin müxbiri Obamadan Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarının əsas hədəfinin PKK olub-olmadığını soruşub. Obama suala cavab olaraq bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiklərini deyib: «Bu məsələni müzakirə etmişik. Bölgədəki ən böyük təhdidin İŞİD olması ilə bağlı həmfikirik».
Türklərin PKK-nın hücumlarına qarşı özünümüdafə hüququnun olduğunu deyən Barak Obama bir daha vurğulayıb ki, ən vacib məsələlərdən biri sərhədləri əcnəbi savaşçıların üzünə qapatmaqdır.
HDP sədri Türkiyədən Avropaya şikayət etdi
Türkiyə mətbuatının yazdığına görə, HDP sədri Səlahəddin Dəmirtaş Brüsselə səfəri zamanı PKK-nın rəhbər şəxsləri ilə qapalı görüşlər keçirib. Dəmirtaş bu səfərə görə Ankaradakı bütün görüşlərini təxirə salıb. HDP sədrinin PKK yetkililəri ilə nələri müzakirə etdiyi açıqlanmır. Dəmirtaşın daha sonra avropalı siyasətçilərlə görüşdüyü, Ankaranı Avropa Birliyinə (AB) və bir neçə başqa beynəlxalq təşkilata şikayət etdiyi bildirilir. HDP sədri Avropa Birliyini Türkiyəyə qarşı təzyiqləri artırmağa çağırıb. Dəmirtaş bildirib ki, qurum PKK ilə Türkiyə arasında müzakirələri açıq şəkildə dəstəkləməlidir. Həmçinin PKK-ya qarşı hərbi əməliyyatlarla da bağlı mövqeyini açıqlamalıdır.
Dəmirtaş AB yetkililəri ilə söhbətdə PKK-ya qarşı əməliyyatları ədalətsiz savaş adlandırıb(strateq.az). Son olaylarla bağlı PKK-nın həbsdəki lideri Abdullah Öcalandan da açıqlama gəlib. Türkiyədəki gərginliyə görə hər iki tərəfi – Türkiyə dövlətini və PKK-nı qınayan Öcalan hesab edir ki, tərəflərin verdiyi emosional açıqlamalar «çözüm mərhələsinə» böyük zərbə vurdu.
Gültəkin