Xədicə İsmayıldan prokuror və hakimlərə ağır ittihamlar…
«Azərbaycan məhkəmələrinin hamısında sizin kimi vicdanını satmış adamlardır…»
«Bu qədər pul verirlər sizə, bəlkə camaatın yataq otağını izləməkdən başqa da işlər görəsiz?»
Tanınmış araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın işi üzrə məhkəmə istintaqı başlanıb. Amma bu məhkəmə prosesi faktiki yarım-qapalı keçirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclası izləməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri, diplomatlar, qohumlardan ibarət xeyli adamdan yalnız Fransa, Almaniya və ABŞ səfirliyinin nümayəndələri zala buraxılıb. Təsəvvür edin ki, hətta Xədicə Ismayılın qohumlarını belə məhkəmə zalına buraxmayıblar. Məhkəmə nəzarətçiləri bildirib ki, zal artıq dolub.
Qeyd edək ki, Leyla və Arif Yunusların məhkəməsində zala doldurulan adamları dünən də Xədicə Ismayılın məhkəməsinə yerləşdirmişdilər. Son vaxtlar siyasi xarakterli məhkəmələrdə bu üsuldan istifadə edərək, prosesi izləməyə gələnlərin zala daxil olmasına imkan vermirlər. Zala doldurulan adamlar isə məhkəməsində iştirak etdikləri şəxslərin kim olduğunu, nədə ittiham edildiyini heç doğru-düzgün bilmirlər.
Məhkəmə iclasında baş verənlərə gəlincə, əvvəlcə Xədicə Ismayıl məhkəmənin qəbul etdiyi qərarların ona vaxtında çatdırılmamasına etiraz edib. O həmçinin ötən iclasda vəsatət verməsinə baxmayaraq, hələ də cinayət işinin materialları, o cümlədən işdəki vacib sənədlərlə tanış olmasına imkan yaradılmadığını bildirib.
Məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva deyib ki, sənədlərin bir qismi göndərilib, digərləri də təqdim olunacaq.
Belə olan halda, Xədicə Ismayıl iş materialları ilə tanış olandan sonra məhkəmə prosesinin davam etdirilməsini təklif edib. Lakin hakim razılaşmayıb: “Sizə kifayət qədər vaxt verilib…”
Xədicə Ismayıl da öz növbəsində hakimin bu cür əsaslandırmasına belə cavab verib:
– Siz ya öz vəzifənizi, qanunları bilmirsiz, ya da onları görməzdən gəlirsiz. Məni “sonra”larla yola verməyə çalışırsız.
Hakim:
– Nə olar, sən deyərsən, biz öyrənərik.
Daha sonra hakim məhkəmə istintaqının başlanması ilə bağlı Xədicə Ismayılın fikrini soruşarkən jurnalist belə cavab verib:
– Onsuz da Azərbaycan məhkəmələrinin hamısında sizin kimi vicdanını satmış adamlardır.
Hakim:
– Təhqirə yol verməyin.
Xədicə Ismayıl məhkəmə iclas protokolları ilə tanış olmaq istədiyini bildirib. Hakim deyib ki, protokollarla yalnız məhkəmənin hökmü elan olunduqdan sonra tanış olmaq mümkündür.
Yeri gəlmişkən, bu iş üzrə zərərçəkmiş qismində tanınan Tural Mustafayev dünən məhkəməyə gəlməyib. Jurnalistin vəkilləri zərərçəkmişin iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsinə etiraz edib.
“Tural Mustafayevin iştirakı vacibdir. Məhkəməyə çağırılan şahidlərin böyük əksəriyyəti Mustafayevin zərərçəkmiş kimi tanındığı 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) üzrə ittihamla bağlıdır”, – deyə vəkil Fariz Namazlı bildirib.
Digər vəkil Cavad Cavadov da Tural Mustafayevin iştirakını vacibliyini vurğulayıb: “Burada çarpaz üzləşdirmə keçirilməlidir. Tural özü də mətbuata açıqlama verərək, Xədicə Ismayıla qarşı şikayəti təzyiq altında yazdığını deyib. Onun iştirakı vacibdir”.
Xədicə Ismayıl da bu məsələdə vəkillərinin mövqeyini dəstəkləyib: “Ötən iclasda vəkillər cinayət işinə xitam verilməsi barədə vəsatət qaldıranda Tural Mustafayev də onun təmin olunmasını istəmişdi. Bəlkə onun həyatına təhlükə var? Bəlkə oğurlayıblar, öldürüblər? Tural özü də mətbuata açıqlamasında bildirmişdi ki, şikayətdən imtina etdiyinə görə onu oğurlayıb qapalı şəraitdə saxlayıblar”.
Məhkəmə vəkillərin vəsatətini təmin etməyib. Amma Tural Mustafayevin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilib.
Xədicə Ismayıl isə bildirib ki, ittiham elan olunarkən mütləq zərərçəkmiş də iştirak etməlidir.
Prokuror məsələyə belə münasibət bildirib: “Əgər Tural Mustafayev son dövrlərdə səsləndirdiyi fikirlərinə əmindirsə, onda burada olmalı idi, qaçıb gizlənməli deyildi”.
Vəkillərin daha bir vəsatəti Xədicə Ismayılın saxlanıldığı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi haqda olub.
Prokuror vəsatətin təmin edilməməsini istəyib və fikrini Xədicə Ismayılın təhlükəsizliyi ilə əlaqələndirib.
Xədicə Ismayıl prokurorun bu arqumentini cavabsız qoymayıb: “Bu ölkədə hamının azadlığı məhdudlaşdırılıb. Amma baxıram ki, prokuror məndən də pis vəziyyətdədir. Mənə heç bir təhlükə yoxdur”.
Məhkəmə vəsatəti təmin etməyib. Ramella Allahverdiyeva deyib ki, lazım olsa, istənilən vaxt Xədicə Ismayılın vəkillərilə ünsiyyətinə imkan yaradıla bilər.
Daha sonra vəkil Fariz Namazlı bildirib ki, “Azadlıq” radiosunda vergi yoxlamaları hələ başa çatmadığı halda, Xədicə Ismayıla qarşı vergi ittihamı irəli sürülməsi qanunsuzdur.
Xədicə Ismayıl da öz növbəsində bu yoxlamaların qanuna əsaslandığına şübhə ilə yanaşdığını deyib.
Hakim bildirib ki, bu məsələ sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.
Müdafiəçilərin daha bir vəsatəti imzaların yoxlanması haqda olub. Məsələ burasındadır ki, ittihamda Xədicə Ismayılın Beynəlxalq Bankdakı hesabından pul çıxartdığı iddia olunur. Halbuki, həmin bankda heç onun ümumiyyətlə, hesabı yoxdur.
Xədicə Ismayıl vəkilinin bu vəsatətinə münasibət bildirərkən prokurorluğu savadsızlıqda, səriştəsizlikdə günahlandırıb: “Görəsən, prokurorluğun təqsirsizlik prezumpsiyası anlayışından xəbəri var? Görünür, neftin qiymətinin düşməsilə əlaqədar prokurorluğun problemləri var. Pullarını azaldıblar deyə, özlərini əziyyətə salmaq istəmirlər. Mənim heç Beynəlxalq Bankda hesabım olmayıbsa, mən oradan necə pul çıxara bilərdim? Bütün bunlar prokurorluğun yarıtmaz fəaliyyətindən irəli gəlir”.
Daha sonra prokuror Ramazan Hadıyev ittiham aktını elan edib. Ardınca hakim Xədicə Ismayıldan özünü təqsirli bilib-bilmədiyini soruşub. Jurnalist isə cavabında bildirib ki, heç ittihamın mahiyyəti ona aydın deyil: “Deyin görüm, mənim cinayətim nədir? Məni nədə təqsirləndirirsiz? ”Qeyri-müəyyən nüfuz" nə deməkdir ki, orada yazmısız?"
Bu yerdə Ramella Allahverdiyeva jurnalistə hədələyici xarakterli izahat verib:
– Bu ittihamlar təsdiqini tapsa, sizi 15 il həbs cəzası gözləyir.
– Istəyirsiz, lap 20 il verin…
Daha sonra Xədicə Ismayıl ifadə verərək bildirib ki, ona qarşı irəli sürülmüş ittihamlar əsassız və qanunsuzdur: “Mənə mənimsəmə, israfetmə ittihamı verilib. Nəyi? Mənim sərəncamımda nə olub ki, onu da mənimsəyim? Mən işçilərlə müqavilə bağlamamışam. Işçilərlə müqaviləni radionun Praqa bürosu bağlayıb. 2008-ci ilin prezident seçkilərindəki saxtakarlıqlar barədə materialları yaydığına, korrupsiya araşdırmalarına, prezidentin maraqlarına zidd olduğuna görə 2009-cu ildə radionun FM dalğasında yayımını dayandırdılar.
Prokurorluq bu iş üzrə istintaqda çox keyfiyyətsiz işləyib. heç olmasa, bir nəfər üzümə dayanan tapaydılar. Bu qədər pul verirlər sizə, bəlkə camaatın yataq otağını izləməkdən başqa da işlər görəsiz? Bəlkə korrupsiya faktlarını araşdırasız? Qondarma işlərlə az məşğul olun, işləyin. Ölkəni çapıb-talayırlar, sizə də paket maaş verirlər. Savadınız yoxdur, ona görə bu cür işlərlə məşğulsuz. Hazırladığınız ittihamlar sabun köpüyündən başqa bir şey deyil.
Guya mən Tural Mustafayevə psixoloji təzyiq göstərmişəm. Işin içində bunu sübut edən bircə fakt yoxdur. Tural həmin intihara cəhd hadisəsindən əvvəl polisə çağırılıb. Mən burada heç kimin şəxsi həyatını müzakirəyə çıxarmaq istəmirəm. Sizə sifariş verilib ki, bu şounu davam etdirəsiniz, etdirin. Istəyirsiz, mənə 15 yox, lap 25 il verin, heç nəyə nail ola bilməyəcəksiz.
Ittihamda yazıblar ki, guya mən müxalifyönlü mətbuata Tural Mustafayevi işə götürməməyi tapşırmışam. Axı onu hökumət mediası da işə götürməyib. Onda Ilham Əliyev də gəlib burada mənim yanımda otursun ki, niyə Turalı işə götürməyə qoymayıb?"
Fasilədən sonra Xədicə Ismayıl məhkəmə zalının naməlum adamlarla doldurulmasına etiraz edib: “Fasilə zamanı zaldakı adamları ”konvoyların" yanında gördüm. Zalı süni şəkildə doldururlar. Məhkəmə binası qarşısında “Azadlıq” qəzetinin, “Azadlıq” radiosunun nümayəndələri var. Müstəqil mətbuat nümayəndələrini zala buraxın. Agentlərinizi çıxarın burdan, müstəqil medianı hala buraxın. Məhkəmə prosesinin açıqlığı təmin olunmayıb".
Hakim bildirib ki, bu məsələ növbəti iclaslarda nəzərə alınacaq. Xədicə Ismayıl bu cavabla razılaşmayıb:
– Indi buraxın!
– Siz suallara cavab verin.
– Məhkəmənin açıqlığını təmin edin. Nə vaxt təmin olunsa, onda da suallara cavab verəcəm.
Bu yerdə Xədicə Ismayıl bir neçə dəqiqə “Məhkəmənin açıqlığı təmin olunsun! Müstəqil jurnalistlər içəri buraxılsın!” deyə təkrar edib. Hakim onun bu cür davranışını məhkəməyə hörmətsizlik kimi dəyərləndirib. Jurnalist Ramella Allahverdiyevanın bu iradına belə cavab verib: “Siz məndən özünüzə qarşı hörmət gözləyirdiniz? Müstəqil mətbuatı ona görə buraxmırsız ki, onların buradakı biabırçılığı görməsini istəmirsiz”.
Xədicə Ismayıl etiraz olaraq, prokurorun suallarını cavablandırmaqdan imtina etdiyinə görə Ramazan Hadıyev hakimə ona rəsmi şəkildə xəbərdarlıq edilməsini istəyib.
“Siz mənim suallarımdan qorxursuz, ona görə cavablandırmaq istəmirsiz” deyən prokurora Xədicə Ismayıl belə cavab verib: “Mən nəinki sizin suallarınızdan, heç sizin özünüzdən və sizə sifariş verən Ilham Əliyevdən qorxmuram”.
Belə olan halda, Xədicə Ismayıl ümumiyyətlə, məhkəmə heyətinə etiraz etdiyini bildirib və bir daha bəyan edib ki, müstəqil mətbuat nümayəndələri buraxılanam qədər sualları cavablandırmayacaq.
Hakimlərə rəsmi etiraz hazırlanması üçün prosesdə qısa fasilə elan olunub. Fasilədən sonra müdafiəçilər etirazı məhkəməyə təqdim edib.
Məhkəmə etirazı baxılmamış saxlayıb.
Xədicə Ismayıl bildirib ki, vəkillərinin xahişini nəzərə alaraq, prosesi gedişini pozmaq istəmir: “Amma gələn dəfə müstəqil media buraxılmalıdır. Bugünkü biabırçılığı təkrarlamayın. Məhkəmənin açıqlığı təmin olunandan sonra mən sualları cavablandıracam. Indi isə şahidlərinizi dindirin”.
Jurnalist Aynur Imranova məhkəmə iclasında şahid qismində dindirilib. O, ifadəsində bildirib ki, Xədicə Ismayıl onun müəllimi olub, müxtəlif layihələrin tərcüməsində ona yardım edib. Tural Mustafayevin intihara cəhd etməsinə gəlincə, Aynur Imranova bildirib ki, o, nişanlısı ilə hər dəfə münasibətlərində problem yarananda bu cür addımlara əl atırdı: “Bu adamın psixi problemləri var. Nişanlısını döyürdü. Tural iki mətbuat orqanında işləyib, bunların biri Ziya Məmmədova, o biri də Asim Mollazadəyə yaxın saytlar olub. Xədicə istəsəydi də, onun orada işləməyinə mane ola bilməzdi. Adam sadəcə, işləmək istəmirdi”.
Daha sonra “Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri olmuş Babək Bəkir dindirilib. Tural Mustafayev onun rəhbərliyi dövründə radiodan işdən çıxıb: “Gəlib mənə dedi ki, çıxıram, ümumiyyətlə, jurnalistikadan gedirəm. Bir müddət sonra gördüm ki, ”Meydan TV"də işləyir".
Tural Mustafayevə siçan zəhəri satmış Tahir Seyidov da məhkəmədə şahid qismində dindirilib: “Bir cavan oğlan dedi ki, evi siçan basıb, dərman istəyirəm. Mən də satdım. Dərmanı alıb getdi…”
Tural Mustafayev dənizkənarı bulvarda intihara cəhd göstərdiyindən bulvarın mühafizəçisi Hakim Əhmədovu da şahid qismində dindiriblər. O, Tural Mustafayev üçün təcili yardım çağırıb.
Məhkəmə prosesi avqustun 10-da davam edəcək.
***
Xədicə Ismayılın məhkəməsi bitəndən sonra jurnalistlər zaldan çıxanlara yaxınlaşaraq onların hansı prosesdə oduğunu sual ediblər. Adamlardan biri jurnalistin məhkəməsində iştirak etdiyini təsdiqləyəndə, digərləri həmin adama və jurnalistlərə hücum ediblər. Hücum edənlər “Amerikanın Səsi” radiosunun əməkdaşını vurub, “Meydan TV”nin əməkdaşının kamerasını sındırmağa cəhd göstəriblər.